Məhkəmə qərarları › İş №2(026)-570/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-570/2025

01.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-570/2025 01.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 14 fevral 2025-ci il tarixli, MŞS/MT030/2025-00273 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 14 fevral 2025-ci il tarixdə MŞS/MT030/2025-00273 saylı barışıq sazişinə əsasən, digər tərəf Maraqlı şəxs 19 yanvar 2019-cu il təvəllüdlü X3 və 12 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2025-ci ilin fevral ayından başlayaraq hər ay hər uşağa 100 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür və cəmi 3 ay aliment ödəmişdir. 2025-ci ilin may ayından Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyə əməl etmir, alimenti ödəmir. Hesab edir ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq qeyd etdi ki, 14 fevral 2025-ci ildə onunla Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, Maraqlı şəxs ilk dövrlər barışıq sazişini könüllü icra etmiş və aliment ödənişlərini də etmişdir. Lakin 2025-ci ilin may ayından başlayaraq o aliment öhdəliyini könüllü icra etmədiyinə görə həmin barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də ərizəsinin təmin edilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb, tətbiq edilməli hüquq normalarına uyğun olaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-in 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İşdə surəti olan AZ-İV 248499 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 19 yanvar 2019-cu il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə surəti olan AZ-İV 550754 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 yanvar 2021-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə surəti olan Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 14 fevral 2025-ci il tarixli, MŞS/MT030/2025-00273 saylı barışıq sazişindən görünür ki, tərəflər həmin barışıq sazişini imzalamaqla aşağıdakı şərtlər barəsində razılığa gəlmişlər: “1. Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 83 nömrəli nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.

2. Tərəflər birgə nikahdan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi anaları Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamalarına razıdırlar və bu barədə öhdəlik götürürlər.

3. Ərizəçi övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi ataları Maraqlı şəxs ilə sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür.

4. Maraqlı şəxs övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 (bir yüz) manat, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimenti hər ayın birinci ongünlüyündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür”. Həmin sazişin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(026)- 190/2025 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Maraqlı şəxs və Ərizəçi arasında 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 yanvar 2019-cu il tarixdə 83 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə surəti olan AZ-İ 466385 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və Ərizəçi nikahı Qobustan Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 04 iyun 2025-ci il tarixində xitam verilmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan MPM-in 355-26-cı maddəsində sadalanmış hallar yoxdur. Ərizənin məzmunundan da görünür ki, ərizəçi hazırkı ərizəsini maraqlı şəxs barışıq sazişini nəzərdə tutulmuş müddətdə icra etmədiyinə görə məhkəməyə vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 14 fevral 2025-ci il tarixli, MŞS/MT030/2025-00273 saylı barışıq sazişi təsdiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 234, 355-23, 355- 24, 355-25 və 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə “barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 14 fevral 2025-ci il tarixli, MŞS/MT030/2025-00273 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq olunsun: “1. Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 83 nömrəli nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.

2. Tərəflər birgə nikahdan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi anaları Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamalarına razıdırlar və bu barədə öhdəlik götürürlər.

3. Ərizəçi övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi ataları Maraqlı şəxs ilə sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür.

4. Maraqlı şəxs övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 (bir yüz) manat, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimenti hər ayın birinci ongünlüyündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür”. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar