Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-661/2024 18.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, ərizəçi Absəmədova (Allahverdiyeva) Aytac Ağazər qızının iştirakı ilə, Ərizəçi Absəmədova (Allahverdiyeva) Aytac Ağazər qızının “barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Absəmədova (Allahverdiyeva) Aytac Ağazər qızı xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 11 avqust 2023-cü il tarixli, MŞS/MT030/2023/01680 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 11 avqust 2023-cü il tarixli, MŞS/MT030/2023/01680 saylı barışıq sazişinə əsasən, digər tərəf Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2023-cü ilin avqust ayından başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) anası X4 ödəməsi barədə öhdəlik götürmüşdür. Barışıq sazişindən 1 ildən çox keçməsinə baxmayaraq, Səbuhi üzərinə götürdüyü öhdəliyə əməl etmir. Alimenti ödəmir. Ərizəçi hesab edir ki, Səbuhi barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi Absəmədova (Allahverdiyeva) Aytac Ağazər qızı ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və Ərizəçi iddiaları ilə razı olduğunu bildirmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, maraqlı şəxsin ərizəsini nəzərə alıb, işdə olan sənədləri araşdırıb, tətbiq edilməli hüquq normalarına uyğun olaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-in 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İşdə surəti olan AZ-İV 717432 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 21 fevral 2020-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası X5r. İşdə surəti olan X6 ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 11 avqust 2023-cü il tarixli, MŞS/MT030/2023/01680 saylı barışıq sazişindən görünür ki, tərəflər həmin barışıq sazişini imzalamaqla aşağıdakı şərtlər barəsində razılığa gəlmişlər: “1.Mediasiya prosesində hər iki tərəf bir-birinə qarşı və heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt vermədən aralarındakı xx.xx.2007-ci il tarixli 09 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcək.
2. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X1 anası – X2 yanında yaşamasına razıdırlar.
3. X6 xx.xx.2020-ci il təvəllüdlü X3, atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.
4. Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2023-cü ilin avqust ayından başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) anası – X4 ödəmək barədə öhdəlik götürür”. Həmin sazişin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(026)- 11/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Maraqlı şəxs ilə X6 arasında 01 avqust 2017-ci il tarixdə Qobustan rayon İHB-nin Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 sayla qeyd edilmiş nikah pozulmuşdur. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan MPM-in 355-26-cı maddəsində sadalanmış hallar yoxdur. Bundan əlavə, maraqlı şəxs də məhkəməyə ünvanladığı ərizədə ərizəçinin bildirdikləri ilə razılaşdığını qeyd etmişdir. Ərizənin məzmunundan da görünür ki, o, hazırki ərizəsini maraqlı şəxs barışıq sazişini nəzərdə tutulmuş müddətdə icra etmədiyinə görə məhkəməyə vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərizəçi Absəmədova (Allahverdiyeva) Aytac Ağazər qızı ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 11 avqust 2023-cü il tarixli, MŞS/MT030/2023/01680 saylı barışıq sazişi təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki halda tərəflər arasında alimentlə bağlı münasibətlər üzrə bağlanmış barışıq sazişində müəyyən edilmiş tarix nəzərə alınmaqla aliment tutulması 2023-cü ilin avqust ayından hesablanmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 234, 355-23, 355- 24, 355-25 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizəçi Absəmədova (Allahverdiyeva) Aytac Ağazər qızının Maraqlı şəxs qismində qeyd etməklə “barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi Absəmədova (Allahverdiyeva) Aytac Ağazər qızı ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 11 avqust 2023-cü il tarixli, MŞS/MT030/2023/01680 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq olunsun: “1.Mediasiya prosesində hər iki tərəf bir-birinə qarşı və heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt vermədən aralarındakı xx.xx.2007-ci il tarixli 09 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcək.
2. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X1 anası – X2 yanında yaşamasına razıdırlar.
3. X6 xx.xx.2020-ci il təvəllüdlü X3, atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.
4. Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2023-cü ilin avqust ayından başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) anası – X4 ödəmək barədə öhdəlik götürür”. Alimentin tutulması (ödənilmiş aliment məbləğləri çıxılmaqla) 2023-cü ilin avqust ayından hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Samir Mayılov