Məhkəmə qərarları › İş №2(026)-67/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-67/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-67/2025 05.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “30 aprel 1991-ci il tarixdə anadan olmuş qızı X1 26 avqust 2001-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 26 avqust 2001-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qızı X6 08 may 1999-cu il tarixdə anadan olmuş, sonradan “revmatoit artrit” oynaq şişləri xəstəliyindən əziyyət çəkdiyindən 26 avqust 2001-ci il tarixdə ölmüşdür. Həmin vaxt Cəyirli kənd ambulator xəstəxanasının feldşer həkimi mərhum Vəlixan Aslanov doğum haqqında şəhadətnaməni götürsə də, ona ölüm şəhadətnaməsi almamışdır. Hal-hazırda ölüm şəhadətnaməsi vacib lazım olduğundan Qobustan rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə müraciət etsə də, ölüm həmin vaxt rəsmiləşdirilmədiyi üçün ölüm haqqında şəhadətnaməni ala bilmir. Qızı Nuranə 26 avqust 2001-ci il tarixdə ölmüş və Cəyirli kənd qəbiristanlığında dəfn olunmuşdur. O, qəbir daşı abidəsini saldırmış, dəfn mərasimini kənd axundu Məzahir Axundov aparmışdır. Ölüm şəhadətnaməsini başqa cür ala bilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək bildirdi ki, o, Qobustan Rayon Məhkəməsinə X12nın ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizənin məzmununda Nuranənin 08 may 1999-cu ildə doğulmasını qeyd etsə də, o, faktiki olaraq 30 aprel 1991-ci ildə doğulmuşdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi çıxış edərək bildirdi ki, X12 26 avqust 2001ci ildə Qobustan rayonunun Cəyirli kəndində vəfat etmiş, Qobustan rayon Cəyirli kənd qəbiristanlığında digər qızı Ruqiyə ilə yan-yana dəfn edilmiş, dəfni isə kənd məscidinin axundu Məzahir Axundov həyata keçirmişdir. O, qızı Nuranənin doğum haqqında şəhadətnaməsinin əslini Cəyirli kənd ambulator xəstəxanasının feldşer həkimi Vəlixan Aslanova versə də, həkim qızının ölümünə dair şəhadətnamə verə bilməmiş, doğum haqqında şəhadətnamənin əslini də itirmişdir. Bu səbəbdən sonradan müraciət edib onun surətini almışdır. Hazırda həmin feldşer vəfat etmişdir. Qızı Nuranənin anası Nüşabə ilə rəsmi olaraq ayrılsalar da, faktiki olaraq birlikdə yaşayırlar. Nüşabə İbrəhimova ilə nikahından onların üç uşağı doğulmuş, lakin onların hər biri vəfat etmişdir. Belə ki, bir oğlu cəmi 7 günlük olarkən vəfat etdiyindən onun üçün nə doğum haqqında, nə də ölüm haqqında şəhadətnamə almamışdır. Qızı Ruqiyə 2010-cu ildə vəfat etmiş, onun sənədləri olduğu üçün ona ölüm haqqında şəhadətnamə ala bilmişdir. Lakin digər qızı Nuranə 26 avqust 2001-ci ildə vəfat etmiş olsa da, onun ölümü haqqında şəhadətnamə ala bilməmişdir. O, ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, o, 01 sentyabr 1966-cı ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. Hazırda Qobustan rayonunun Cəyirli kəndində yaşayır. Ərizəçi ilə rəsmi olaraq boşansa da, birlikdə yaşayırlar. X12 10 yaşında olarkən 26 avqust 2001-ci ildə xəstəlik səbəbindən vəfat etmiş, lakin kəndlərinin feldşeri Vəlixan həkim onun ölümünü qeydə ala bilməmişdir. Hazırda Vəlixan həkim də vəfat etmişdir. X15 rayon Cəyirli kənd qəbiristanlığında vəfat etmiş digər övladı Ruqiyə ilə yan-yana dəfn olunmuş, onlara qara mərmərdən başdaşı qoyulmuşdur. Daha bir övladları isə hələ 7 günlük ikən vəfat etmiş, lakin onun nə doğumu, nə də ölümü qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, o, 16 oktyabr 1964-cü ildə Cəyirli kəndində doğulmuşdur, Bakı şəhərində qeydiyyatda olsa da, əzəldən Qobustan rayonunun Cəyirli kəndində yaşayır. Ərizəçini də uşaqlığından bəri tanıyır, uzaq qohumluqları da var. Ərizəçinin Nuranə və Ruqiyə adlı iki qızı vəfat etmişdir. Özü Qobustan rayon Cəyirli kənd məscidinin axundudur. Ərizəçinin vəfat etmiş hər iki qızının dəfnini o həyata keçirmiş, Nuranəni 2001-ci ildə o Qobustan rayon Cəyirli kənd qəbiristanlığında dəfn etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında işinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəkdir. İclasda iştirak etməməsinin üzrlü hesab olunmasını xahiş edir və Ərizəçi övladı X1 26 avqust 2001-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, maraqlı şəxsin ərizəsini nəzərə alıb, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Maraqlı şəxs tərəfindən 17 yanvar 2025-ci ildə verilmiş 7-16-5/8-69- 7/2025 saylı arayışdan görünür ki, Ərizəçi ilə X5 nikahı haqqında Qobustan rayon Cəyirli kənd icra nümayəndəliyində 22 dekabr 1988-ci il tarixli, 39 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə İbrəhimov, arvada İbrəhimova soyadı verilmişdir. İşdə surəti olan Maraqlı şəxs tərəfindən 17 yanvar 2025-ci ildə verilmiş 3-17-01/8-xxxx/2025 saylı arayışdan görünür ki, X6 30 aprel 1991-ci ildə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuşdur. Qobustan rayon Cəyirli kənd icra nümayəndəliyi tərəfindən 24 may 1991-ci ildə 38 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onun atası Ərizəçi, anası X2r. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 04 dekabr 2024-cü il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 26 avqust 2001-ci ildə vəfat etmiş qızı X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 27 noyabr 2024-cü il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, X1 adına ölüm haqqında tibbi şəhadətnamə arxiv bölməsində müəyyən edilməmişdir. Odur ki, şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 19 dekabr 2024-cü il tarixli məktubunda bildirmişdir ki, sonuncunun 03 dekabr 2024-cü il tarixli ərizəsinə cavab olaraq, qızı 26 avqust 2001-ci ildə vəfat etmiş X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 2000-ci ildən 2007ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. İşdəki Cəyirli kənd İƏD üzrə nümayəndəliyinin mühasibi Ə.Rəcəbovun, kənd sakinləri molla M.Axundovun, qohum M.Qurbanovun, qohum S.Quliyevin və qonşu A.Məmmədovun iştirakı ilə tərtib edilmiş və onların imzaları və Qobustan RİHB-nin Cəyirli kənd İƏD üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 21 noyabr 2024-cü il tarixli aktdan görünür ki, Qobustan rayon Cəyirli kənd sakini 01 may 1991-ci il təvəllüdlü X6 26 avqust 2001-ci ildə “revmatoit artrit” xəstəliyindən vəfat etmişdir və Cəyirli kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə surəti olan AZ-İİ 417165 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 22 iyul 2010-cu ildə vəfat etmişdir. İş materiallarına X1 və X3 qəbirüstü abidəsinin fotoşəkli əlavə olunmuşdur. Fotoşəkildən görünür X6 01 may 1991-ci ildə doğulmuş, 26 avqust 2001-ci ildə vəfat etmişdir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi X12nın ölməsi faktının müəyyən edilməsinin ona ölüm haqqında şəhadətnamə ala bilməsi üçün lazım olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi qızı X1 26 avqust 2001-ci ildə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktını təsdiq etmək məqsədilə tərtib olunmuş 21 noyabr 2024-cü il tarixli aktı, qəbirüstü abidənin fotoşəklini təqdim etmiş, şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda 30 aprel 1991-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş X1 26 avqust 2001-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 30 aprel 1991-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş X1 26 avqust 2001-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 aprel 1991-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş X1 26 avqust 2001-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar