Məhkəmə qərarları › İş №2(026)-693/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-693/2025

18.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-693/2025 18.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs göstərilməklə) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 17 sentyabr 2025-ci il tarixdə bağlanmış MŞQ/MT051-2025-00119 saylı barışıq sazişinin təsdiq edilməsi, mediasiya xərci olaraq ödədiyi 110 (50+60) manat və məhkəmə rüsumu olaraq ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Lakin hazırkı ərizə ümumiyyətlə imzalanmamışdır. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, MPM-in 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizənin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ərizəçi tərəfindən təqdim edilmiş 17 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, onun tərəfindən cəmi 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, ərizəçi hazırkı ərizənin verilməsinə görə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdəki ********** nömrəli, 17 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, hazırkı iş üzrə ərizənin verilməsinə görə ərizəçi X3 Tərlan tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də ərizənin verilməsinə görə ərizəçi tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 149-152, 263, 264, 267, 268 və 306-cı maddələrini rəhbər tutub QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin verilməsinə görə Ərizəçi tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar