Məhkəmə qərarları › İş №2(026)-708/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-708/2025

02.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-708/2025 02.03.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “09 may 1996-cı ildə anadan olmuş övladı X6 08 oktyabr 1997-ci ildə Qobustan rayonu, Nardaran kəndində ölməsi faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, 09 may 1996-cı ildə anadan olmuş övladı X6 08 oktyabr 1997-ci ildə Qobustan rayonunun Nardaran kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X3 ilə nikahını rəsmi qeyd etdirməklə evlənmişdir. Onların 09 may 1996-cı ildə Yusif adlı uşağı dünyaya gəlmişdir. Yusif 08 oktyabr 1997-ci il tarixdə yaşadıqları Nardaran kəndində evlərində vəfat etmişdir. Onlar Yusifi adətə uyğun Nardaran kənd qəbiristanlığında yaxınlarının yanında dəfn etmişlər. Lakin Yusif üçün ölüm haqqında heç bir sənəd almamışlar. Həyat yoldaşı Sənubər də 25 yanvar 2025-ci il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. Hazırda həyat yoldaşı Sənubərin adına olan avtomaşını öz adına rəsmiləşdirmək istəyir. Lakin övladı Yusifin ölümünü təsdiq edən sənəd olmadığından bu mümkün deyil. O, Maraqlı şəxsnə və Qobustan rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də 09 may 1996-cı ildə anadan olmuş övladı X6 08 oktyabr 1997-ci ildə Qobustan rayonunun Nardaran kəndində ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, mərhum yoldaşı Sənubər Cavadova ilə rəsmi nikaha daxil olmuş, onların bu nikahdan 4 uşaqları doğulmuşdur. Lakin uşaqları doğulan kimi ölmüş, çox yaşamamış, yalnız Yusif 1 ildən bir qədər artıq yaşamış, 08 oktyabr 1997-ci ildə vəfat etmiş, onu Nardaran kənd qəbiristanlığında dəfn etmişlər. Uşaqlarının ölüm səbəbini dəqiq bilməsə də, həyat yoldaşının südündə mikrob olması nəticəsində uşaqların öldüyünü demişlər. Onun həyat yoldaşı da 2025-ci ilin yanvar ayında vəfat etmiş, həyat yoldaşının adına olan avtomobili öz adına keçirmək istədikdə isə oğlu Yusif üçün ölüm haqqında şəhadətnamənin alınmadığı müəyyən edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. O, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, ərizəçi onun həm həmkəndlisidir, həm də ataları əmi uşağı olmuşdur. Ərizəçinin bir neçə uşağı dünyaya gəlmiş, lakin onların hamısı doğulan kimi də ölmüş, yalnız Yusif 1 il yaşamış, o da 1997-ci ilin payız aylarında vəfat etmişdir. X14 kənd qəbiristanlığında “Sofu Novruz” adlanan yerdə digər uşaq qəbirlərinin yaxınlığında dəfn etmiş, qəbrini də şəxsən özü qazmışdır. Bu zaman baş daşı qoyulmamış, sadəcə qəbrin yerinin bilinməsi üçün üzərində Yusifin adı və ölüm tarixi boya ilə yazılmaqla kiçik kərpic qoyulmuşdur. O, vizual olaraq baxmaqla iş materiallarına əlavə edilmiş kiçik kərpicin məhz Yusifin qəbri üzərindəki kərpic olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçi onun həm həmkəndlisi, həm də uzaq qohumudur. Həqiqətən də, ərizəçinin Yusif adında oğlu olmuş, o, təxminən 1 yaş-1 yaş yarımlıq olarkən 08 oktyabr 1997-ci ildə vəfat etmişdir. Yusifin dəfnində digər kənd camaatı kimi o da iştirak etmiş, onu Nardaran kənd qəbiristanlığında “Sofu Novruz” adlanan yerdə dəfn etmişlər. Bu zaman baş daşı qoyulmamış, sadəcə üzəri boya ilə yazılmaqla kiçik kərpic qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi bir neçə uşağı dünyaya gəlsə də, onlar çox yaşamamışlar. Uşaqların anasının südündə nəsə mikrob olduğuna görə onların öldüyünü eşitmişdir. Qardaşının uşaqlarından biri də Yusif olmuş, o da təxminən 1 yaşında olarkən 1997-ci ildə vəfat etmişdir. Onu Nardaran kənd qəbiristanlığında digər uşaq qəbirlərinin yaxınlığında dəfn etmiş, üzərinə kiçik bir kərpic qoymuşlar. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb onlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Vİ-JQ 383409 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X3 03 aprel 1997-ci ildə nikahlarını bağlamış, bu barədə Qobustan RİHB-nin Ərəbqədim kəndi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 aprel 1997-ci ildə 07 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. İşdə surəti olan Maraqlı şəxs tərəfindən 20 noyabr 2025-ci ildə verilmiş 3-16-5/8-69- 179/2025 saylı arayışdan görünür ki, 09 may 1996-cı ildə Qobustan rayonu, Nardaran kəndində anadan olmuş X6 atası Ərizəçi, anası X1r. İşdə surəti olan AZ-İİ 417188 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 25 yanvar 2025-ci ildə ölmüşdür. İşdəki Qobustan rayonu, Nardaran kənd sakinləri X7, X5 və Ərizəçi tərəfindən tərtib edilərək imzalanmış və aktda göstərilən şəxslərin imzaları Qobustan RİHB-nin Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 24 noyabr 2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, 09 may 1996-cı il təvəllüdlü X11 08 oktyabr 1997-ci il tarixdə Qobustan rayonu, Nardaran kəndində öz evində vəfat etmişdir. Nardaran kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 24 noyabr 2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 08 oktyabr 1997-ci ildə vəfat etmiş övladı X6 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 20 noyabr 2025-ci il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, övladı X6 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməlidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 18 noyabr 2025-ci il tarixli məktubunda bildirmişdir ki, sonuncunun ərizəsinə cavab olaraq, oğlu 1997-ci ildə vəfat etmiş X6 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 1994-cü ildən 2000-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. İşdə surəti olan AD 000018 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21214 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə MPM-in 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə MPM-in 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi oğlu Yusif Nəsirovun ölməsi faktının müəyyən edilməsinin həyat yoldaşının mülkiyyətində olmuş nəqliyyat vasitəsinin öz adına rəsmiləşdirilməsinə görə oğlu Yusif üçün ölüm haqqında şəhadətnamə ala bilməsi məqsədilə lazım olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi oğlu X6 08 oktyabr 1997-ci ildə Qobustan rayonu, Nardaran kəndində ölməsi faktını təsdiq etmək məqsədilə kənd sakinlərinin tərtib etdiyi aktı təqdim etmiş, şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda 09 may 1996-cı il tarixdə anadan olmuş X6 08 oktyabr 1997-ci il tarixdə Qobustan rayonu, Nardaran kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 09 may 1996-cı il tarixdə anadan olmuş X6 08 oktyabr 1997-ci il tarixdə Qobustan rayonu, Nardaran kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 may 1996-cı il tarixdə anadan olmuş X6 08 oktyabr 1997-ci il tarixdə Qobustan rayonu, Nardaran kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar