Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1141/2024 08.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbin nümayəndəsi X2 və Quba-Xaçmaz regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbi və Quba-Xaçmaz regional Təhsil İdarəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbi və Quba- Xaçmaz regional Təhsil İdarəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 20 nömrəli əmrinin etibarsız sayılaraq ləğv edilməsi, işə bərpa edilməyi, işə bərpa olunan günə qədər hər ay üçün iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Quba rayou Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinə əmək müqaviləsi bağlamaqla ibtidai sinif müəlliməsi vəzifəsinə işə qəbul edilmişdir. (əmr №124/k ; xx.xx.1991) Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 20 №li əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin ‘C“ bəndinə əsasən sertifıkasiyadan keçməmiş hesab edilərək onunla "bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 20 №li əmrini aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edir, həmin əmr ləğv edilməli öz işinə bərpa edilməlidir. İşlədiyi tam orta məktəbdə işlədiyi otuz iki ildə əmək qanunvericiliyinin tələblərinə əməl etmiş, müəssisənin qanuni mənafeyinə ziyan gətirməmiş, daxili intizam qaydalarını pozmamamış, qüsursuz fəaliyyət göstərmiş, nümunəvi işçi kimi dəfələrlə mükafatlandırılmışdır. 12 senytabr 2022-ci ildə işdən evə qayıdarkən avtomobil qəzasına düşmüşdür. Yolu keçərkən avtomobilin onu vurması nəticəsində təcili olaraq Sumqayıt şəhəri Hospitalına gətirilmişdir. Hospitalın 097772 saylı epikrizinə əsasən ağır kəllə-beyin travması, baş beyin əzilməsi, frontal və gicgah sümüklərinin qapalı sınığı, sol bud sümüyünün yuxarı üçdə birinin ikiqat qapalı yerdəyişən sınığı, sol qalça sümüyünün qapalı yerdəyişən sınıqları diaqnozu qoyulmuşdur. O, 22 oktyabr 2022-ci ildən 10 mart 2023-cü ilədək 6 ay xəstəlik vərəqəsində olmuşdur. ƏM-nin 129-cu maddənin 2-ci hissəsinə və 130-cu maddəsinə əsasən məktəbin direktoru Nigar Məmmədli ona 2023-cü ildə 4 aya (mart, aprel, may, iyun) ödənişsiz məzuniyyət vermişdir. Məktəbin direktoru N.Məmmədli 2023-cü ilin iyun ayında ona şifahi xəbərdarlıq edərək sertifıkatlaşmada iştirak etməsə onu işdən çıxaracağını bildirdi. 20 avqust 2023-cü ildə o ağır xəstə ola-ola Sumqayıt şəhərinin 31 saylı tam orta məktəbində imtahana göndərilmişdir. İmtahan zamanı halı pisləşdi, onun üçün təcili yardım çağırdılar, özünə gələndə artıq imtahan bitmişdi. Məktəbin direktoru qanun pozuntusuna yol verərək onu əsassız imtahana cəlb etmişdir. Sözsüz ki, bu imtahanı belə vəziyyətdə lazımi səviyyədə verə bilməzdi. Məktəbin direktoru N.Məmmədli AR-sı "Əmək Məcəllənin və əmək qanunvericiliyə aid olan normtiv hüquqi aktların tələblərini yetirmək", "Kollektiv müqavilələrinin, sazişlərinin şərtlərinə onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək" haqqında ƏM-12(b)ci, ƏM- maddələri, müəssisə daxili intizam qaydalarının 20(a) bəndini pozaraq, Kollektiv Sazişinin 2.9-cu maddəsini pozaraq, məktəbin fəaliyyətinin tənzimlənməsində məktəb üzrə əmrlərin verilməsi haqqında məktəb Nizamnaməsinin 5.4.10-cu bəndini pozaraq, ƏM-nin 138-ci maddəsinin 1, İİ hissələrini pozaraq, ona ödənişsiz məzuniyyətinin başlanması, qurtarması və işə çıxması haqqında hec bir əmr imza ilə verməmişdir. AR Elm və Təhsil Nazirliyi Sertifikatlaşdırma Şurası Qaydasının 2.5ci 2,5.5-ci, 2.7-ci. 3.0-cu bəndləri kobud şəkildə pozmuşdur. Belə ki, Sertifikatlaşdırma Şurası 2.5-ci və 2.5.5-ci əsasən 29.08 2023-cü ildə Sumqayıt şəhərinin 31 saylı məktəbdə sertifikatlaşdırmanın aparılmasını bu qaydaya əsasən təşkil etməli olduğu halda sertifikatlaşdırmanı təşkil edə bilməmişlər. Həmin qaydanın 2.7-ci bəndinə görə, ictimai nəzarətin təmin edilməsi məqsədilə sertifikatlaşdırma Şurası dövlət orqanlarının, beynəlxalq və qeyri-hökümət təşkilatlarının, habelə, media nümayəndələrinin Sertifikatlaşdırmaya müşahidə qismində dəvət etməliydi. Sertifikatlaşdırma Qaydasının 3.1-ci bəndinə əsasən Sertifikatlaşdırma iki mərhələdən ibarət olmaqla və video çəkiliş tətbiq edilməklə keçirilir. Qaydanın 3,10-cu bəndinə əsasən sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayılır. O, 120 dəqiqədən 20 dəqiqəyə suallara cavab vermiş, sonradan halı pisləşərək, özünə gələndə artıq imtahan bitmişdi. Yəni, əgər halı pisləşməsəydi qalan 100 dəqiqədə o testi tam icra edə bilərdi. Beləliklə cavabdeh AR Elm və Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası Qaydalarının 3.1-ci, 3.10-cu, 2.5.5-ci, 2.7-ci bəndlərini pozaraq heç bir video çəkiliş aparmadan onun halının pisləşməsini çəkmədən, heç bir akt tərtib etmədən halının pisləşməsi barədə AR Elm və Təhsil Nazirliyinə heç bir məlumat verməmiş və bununla da işdən əsassız çıxarmaşdır. Beləliklə AR Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhəri 31 saylı tam orta məktəbdə yerləşmiş Sertifikatlaşdırma Şurası AR “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 8.0-cı, 8.0.8-ci maddələrini, AR NK-nin 2020-ci 30 aprel tarixli 155 nömrəli qərarını, yəni bu normativ hüquqi aktını pozaraq, Sertifikatlaşdırma Qaydasının 2.5.5-ci, 2.7-ci, 3.1-ci, 3.10-cu bəndlərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, səhhətində olan problemə görə lazım miqdarda bal yığa bilməmişdir. Hətta yaddaşı hafizəsi itmişdir. Belə olan halda o imtahana cəlb olunmalı deyildir. Onu imtahana göndərməyə bilərdilər. İmtahana maşında uzanıqlı vəziyyətdə getmişdir. İmtahan qabağı ona tibbi yardım göstərildi. İmtahanda iştirak edə bilməməsi barədə arayış verməyiblər. İddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Quba rayonu, R.Əliyev adına Barlı qəsəbə tam orta məktəbin nümayəndəsi X4 iddianı qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertfikatlaşdırma qaydasına əsasən İddiaçı işdən çıxma əmrini o vermişdir. Belə ki, 2-ci dəfə sertfikat imtahanında lazımi balı yığmadığına görə işdən azad olunub. Məhkəmə, qeyd olunanlara əsasən və iddiaçının razılığını nəzərə alaraq Quba-Xaçmaz regional Təhsil İdarəsini başqa cavabdeh qismində işə cəlb olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb eldə bilər. Məhkəmə iclasında cavabdeh Quba-Xaçmaz regional Təhsil İdarəsinin nümayəndəsi X3 qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 1-ci imtahandan lazımi balı toplaya bilməyən müəllimlər həmçinin, üzürlü və ya üzürsüz səbəbdən imtahanda iştirak etməyən müəllimlər iş yeri saxlamaqla təkrar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertfikatlaşdırmasına dair imtahana cəllb olunurlar. Həmin imtahandan da, lazımi balı toplaya bilməyən müəllimlər qanunvericiliyin tələbinə əsasən əmək müqavilələrinə qeyri-şərt olmadan xitam verilir. İddiaçı da, 2-ci dəfə imtahandan uğursuz nəticə əldə etdiyindən onunla əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddanı əsassız hesab edir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-395F/2023 saylı əmrindən görünür ki, cari ilin 20-24 iyun tarixlərində təhsilverənlərin sertifikatlaşdırmasının təşkili və keçririlməsi təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 saylı əmrindən görünür ki, 29 avqust 2023-cü il tarixdə sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısı təsdiq edilmişdir. İş materiallarında olan Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 20 nömrəli əmrindən görünür ki, Təsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının YOXlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertfikatlaşdırmada "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertfikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi X5 təkrar sertfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 4 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X10 X11 Stansiyasının 25 sentyabr 2023-cü il tarixli 1952 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:02də ünvan 1 ünvan: Quba şəhər Barlı qəsəbəsi) 1970-ci il təvəllüdlü İddiaçı adına 2 b saylı çağırış daxil olmuşdur. Xəstəyə tibbi yardım göstərilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. Təsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının YOXlanılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertfikatlaşdırmada "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertfikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyindən Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 20 saylı əmri ilə, X5 təkrar sertfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 4 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin b bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əsas hüquqları vardır. Beləliklə məhkəmə hesab edir ki, Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 20 saylı əmri əmri qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndində əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin maddəsinin c bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməməli, İddiaçı cavabdehlər Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbi və Quba-Xaçmaz regional Təhsil İdarəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdehlər Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbi və Quba-Xaçmaz regional Təhsil İdarəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vüqar Seyidov