Məhkəmə qərarları › İş №2(027)-1319/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1319/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1319/2025 19.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi Maraqlı şəxsnə qarşı “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 14 may 1991-ci ildə Quba rayonu, Dağlı kəndində doğulmuş X1 27 dekabr 1991-ci il tarixdə Quba rayon Dağlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsasalandırmışdır ki, X3 onun oğludur. Oğlu Şahkərəm, 14 may 1991-ci ildə Quba rayonu, Dağlı kəndində doğulmuşdur. Oğlu, 27 dekabr 1991-ci il tarixdə, Quba rayonu, Dağlı kəndində, qızılca xəstəliyindən vəfat etmiş və qohumların və qonşuların iştirakı ilə ata yurdu olan, Quba rayonu, Qımıl kənd qəbiristanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən və dərin sarsıntı keçirdiyi üçün, oğluna ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X7 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 05 mart 2025-ci il tarixli 03- 16-5/8-10-200/2025 saylı məktubu ilə X1 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən oğlu X1 27 dekabr 1991-ci il tarixdə, Quba rayonu, Dağlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Oğlunun 27 dekabr 1991-ci il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etməsi və Qımıl kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Ölüm faktının qeydə alınmasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmək üçün zəruri olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. İşin faktiki halları: Belə ki, iş materiallarına əlavə edlimiş: -xx.xx.1991-ci il tarixli, XİV-ЖГ 456061№ li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1991-ci il tarixdə Quba rayonu, Dağlı kəndində anadan olmuşdur, anası Ərizəçi, atası isə X2r; - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 32 nömrəli arayışından görünür ki, X1 ölümü barədə akt qeydi aşkar olunmamışdır; -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 03-16-5/8-10-200/2025 nömrəli məktubdan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur ; İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə təsdiq olundu ki, X3 27 dekabr 1991-ci il tarixində Quba rayonu, Dağlı kəndində vəfat etmiş və Quba rayonu Qımıl kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi qeydiyyat şöbələrinə müraciət etsə də, övladının ölüm haqqında şəhadətnaməsin ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər dindirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçi onun qonşusudur. O, ərizəçinin oğlu Şahkərəmin 27 dekabr 1991-ci il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn olunduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçinin oğlu Şahkərəm 27 dekabr 1991-ci il tarixdə Quba rayonu, Dağlı kəndində qızdırma xəstəliyindən vəfat etmişdir və onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X1 27 dekabr 1991-ci il tarixdə Quba rayon Dağlı kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 14 may 1991-ci il tarixdə Quba rayonu, Dağlı kəndində doğulmuş X1 27 dekabr 1991-ci il tarixində Quba rayonu, Dağlı kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. IV. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 may 1991-ci il tarixdə Quba rayonu, Dağlı kəndində doğulmuş X1 27 dekabr 1991-ci il tarixində Quba rayonu, Dağlı kəndində vəfat etməsi müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar