Məhkəmə qərarları › İş №2(027)-1591/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1591/2023

20.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1591/2023 20.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh, ona məxsus əmlakın: qiyməti 2200 manat olan 1 dəst yataq otağı mebelinin, hər birinin qiyməti 899 manat olan 3 ədəd “CARRİER 42QHA012N” markalı kondisionerin, qiyməti 159 manat olan “SİMFER M4231.N01N1.İA” markalı duxovkanın və ya həmin əşyaların dəyərlərinin, mediasiya ödənişinin əvəzi olaraq 55 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 09 yanvar 2020-ci ildə ailə qurmuş və həmin tarixdən cavabdehə məxsus evə gəlin köçmüşdür. Bu evə köçərkən cehiz əmlakının qiyməti 2200 manat olan 1 dəst yataq otağı mebeli almışdır. Eyni zamanda "xxxx" MMC-nin Quba şəhərində yerləşən mağazasından hər birinin qiyməti 899 manat olan 3 ədəd “CARRİER 42QHA012N” markalı kondisioner və qiyməti 159 manat olan “SİMFER M4231.N01N1.İA” markalı duxovka almışlar. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, o ata evinə qayıtmışdır. Ona məxsus yuxarıda qeyd etdiyi əşyalar isə hal-hazırda cavabdehin sahibliyindədir. Cavabdeh həmin əşyaları ona qaytarmaq istəmir. Bu barədə etdiyi səylər nəticəsiz qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mebel o vaxtı cavabdehə məxsus evə gəlin köçdükdən sonra Telmanın oğlu Osmanın adına alınıb, atası ilkin ödəniş kimi 500 manatını ödəmiş, sonradan da 700 manat ödəniş etmişdir. 2022-ci ilin yanvar ayının 12-də Telman onu evdən qovduğu üçün ödəniş qəbzləri də həmin evdə qalmışdır. Nikahları pozulduqdan sonra ödəniş etməmişdir. Orada yaşadığı müddətdə Telman onun adına 3 ədəd kondisioner, 1 ədəd soba götürmüşdür. Həmin əşyalar hal-hazırda cavabdehin evindədir. Həmin əşyaların, mebelin və ya onların dəyərinin və digər əlavə xərclərin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh idda tələbini qəbul etməyərək, bildirmişdir ki, mebeli oğlunun adına götürmüş və ödənişləri də oğlu etmişdir. Kondisioner və soba üçün birgə nikah vaxtı 1090 manat ödəniş olmuşdur Hal-hazırda onun məhkəmə qətnaməsinə əsasən öhdəliyi var və həmin qətnaməyə əsasən ödənişləri özü ödəyir. İddiaçıya heç bir aidiyyəti yoxdur. Əgər iddiaçı əşyaların ona qaytarılmasını istəyirsə, onda onun payına düşən hissədən və sonradan ödədiyi 400 manat, cəmi 945 manat pulu ona qaytarmalıdır, ya da o iddiaçıya payına düşən 545 manat pulunu qaytara bilər. Bu yolla aralarındakı mübahisə həll edilə bilər. Göstərilənlər nəzərə alınaraq, iddianın həmin hissədə, yəni 545 manat pulun ondan tutulub iddaçıya qaytarılması, 3 ədəd kondisioner, 1 ədəd sobanın onda qalması hissəsində təmin olunmasını, qalan hissələrdə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci tarixli, QBK05546 saylı nisyə satış müqaviləsinin surətindən göründüyü kimi, İddiaçı "xxxx" MMC-nin Quba şəhərində yerləşən mağazasından hər birinin qiyməti 899 manat olan 3 ədəd “CARRİER 42QHA012N” markalı kondisioner və qiyməti 159 manat olan “SİMFER M4231.N01N1.İA” markalı duxovka alıb. Nisyə satış müqaviləsinin “Əlavə 1” ödəniş cədvəlinin surətindən göründüyü kimi, həmin məbləğ 18 ay hər ay 159 manat sonuncu ay üçün isə 153 manat ödəmək şərti ilə aylıq ödəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci tarixli, Təhvil-Təslim aktına əsasən xx.xx.2020-ci tarixli, QBK05546 saylı nisyə satış müqaviləsində nəzərdə tutulan məişət avadanlığları “hər birinin qiyməti 899 manat olan 3 ədəd “CARRİER 42QHA012N” markalı kondisioner və qiyməti 159 manat olan “SİMFER M4231.N01N1.İA” markalı duxovka” MMC-nin nümayəndəsi tərəfindən İddiaçı təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci tarixli, QBK05546-Z saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh alıcı ilə birlikdə məsuliyyət daşımağı və həmin öhdəliyi təmamilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Quba Rayon Məhkəməsinin e-2(027)-270/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh müştərək qaydada 1610 (min altı yüz on) manat əsas borc, 260 (iki yüz altımış) manat 82 (səksən iki) qəpik cərimə olmaqla, cəmi 1870 (min səkkiz yüz yetmiş) manat 82 (səksən iki) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 38 (otuz səkkiz) manat 70 (yetmiş) qəpik tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi, İddiaçı və Cavabdeh ilə imzalanmış xx.xx.2020-ci tarixli, QBK05546 saylı nisyə satış müqaviləsi üzrə Quba Rayon Məhkəməsinin e-2(027)-270/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 1909 manat məbləğdən qalıq borc 1509 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikah vaxtı yaşadığları evdə bir sıra əşyaları alınmışlar. Bunlarla bərabər birgə nikah vaxtında İddiaçı adına hər birinin qiyməti 899 manat olan 3 ədəd “CARRİER 42QHA012N” markalı kondisioner və qiyməti 159 manat olan “SİMFER M4231.N01N1.İA” markalı soba almışlar. Nikahları pozulduqdan sonra iddiaçı nikah dövründə əldə olunması əsası ilə həmin əşyaların (mebel, kondisionerlər, soba) ona qaytarılmasını tələb edir, cavabdeh öz növbəsində mebelə görə ödənişlərin oğlu tərəfindən, kondisionerlər və soba üzrə ödənişlərin müəyyən qisminin nikah dövründə yerinə yetirildiyini və müəyyən qisminin isə qətnamə əsasında gələcəkdə yerənə yetiriləcəyini bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. 2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Göründüyü kimi, nikah dövründə ailə ehtiyaclarının təmin edilməsi məqsədilə götürülmüş öhdəliklər ümumi əmlakına daxil olmaqla ər-arvadın hər ikisi üçün vəzifələr yaradır. İddiaçı kondisionerlər və soba üçün ödənişlər etməyəcəyini bildirmiş və əksinə Cavabdeh Quba Rayon Məhkəməsinin e-2(027)-270/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin onun tərəfindən icra olunduöunu və gələcəkdə icra olunacağını bildirmişdir. Təqdim olunmuş qəbzlərdən və maliyyə arayışından göründüyü kimi, həmin əmlaklar üçün birgə nikah dövründə 1090 manat ödəniş edilmişdir ki, məhkəmə hesab edir ki, ödənişlərin edildiyi əmlakların cavabdehdə qalması mübahisələndirilmədiyindən, həmin əmlaklar üzrə yerinə yetirilməli olan öhdəliklər bölünmədən dəyərinə görə birgə nikah dövründə ödənilmiş 1090 manatın iddiaçıya aid ½ hissəsi, yəni 545 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia, qiyməti 2200 manat olan 1 dəst yataq otağı mebeli ilə bağlı hissədə təmin edilə bilməz. Belə ki, bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hər birinin qiyməti 899 manat olan 3 ədəd “CARRİER 42QHA012N” markalı kondisioner və qiyməti 159 manat olan “SİMFER M4231.N01N1.İA” markalı soba üçün birgə nikah dövründə ödənilmiş 1090 manat məbləğdən İddiaçı düşən ½ hissəsi, yəni 545 (beş yüz qırx beş) manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Mediasiya üçün ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci və 16 (on altı) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar