Məhkəmə qərarları › İş №2(027)-1722/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1722/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1722/2023 15.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü X6 1994-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X11 xx.xx.1972-ci ildə anadan olub, xx.xx.1994-cü ildə 5 Saylı cəzaçəkmə müəssəsində vəfat etmişdir. O, Quba rayon İspik kənd ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İndiyə qədər qardaşının ölüm haqqında şəhadətnaməsini almamışlar. Maraqlı şəxs 12 iyul 2023-cü il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X6 ölüm akt qeydi aşkar edilməyib. xx.xx.1972-ci il təvəllüdlü X11 1994-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, Qasım Pirverdiyev onun qardaşıdı, o 5 saylı cəzaçəkmə müəssəsində, Xələc türməsində məhkum olub, orda xəstələnib və xx.xx.1994-cü ildə müəssisədə vəfat edib. Onlar Salyan rayon Prokurorluğuna müraciət etdikdən sonra onun nəşi Qubaya gətirilərək Quba rayon İspik kənd ərazisində yerləşən qəbiristanlığında dəfn edilmişdir. Dəfnində və yas mərasimlərində qohum-qonşular da yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid X1 Əhmədəli Abduləli oğlunun izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli 253 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1191- 1997-ci illər üzrə ölüm haqqında akt qeydlərində X11 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan İ-ЖГ 305231 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən göründüyü kimi, X11 01 yanvar 1972-ci il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş, atası- X12, anası- X3 qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli doğum haqqında akt qeydləri kitabından arayışdan məlum olur ki, Ərizəçi xx xxxx 1965-ci il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş, atası- X12, anası- X3 qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 375/2023 nömrəli məktubundan görünür ki, X11 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmət 5 saylı cəzaçəkmə müəssəsinin 07 iyul 2023-cü il tarixli, 1231 nömrəli arayışına əsasən 5 saylı cəzaçəkmə müəssəsində cəza çəkmiş məhkum X5 Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97-ci maddəsiylə təqsirli bilinərək5 il müddətinə azadlığdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzanı çəkmək üçün xx.xx.1993-cü il tarixində 5 saylı islah əmək müəssəsinə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixində müəssisədə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 01 yanvar 1972-ci il tarixdə Quba rayonu, İspik kəndində anadan olmuş X11 31 dekabr 1994-cü il tarixində müəssisədə vəfat etmişdir. Belə ki, ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və , 01 yanvar 1972-ci il tarixdə Quba rayonu, İspik kəndində anadan olmuş X6 31 dekabr 1994-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 01 yanvar 1972-ci il tarixdə Quba rayonu, İspik kəndində anadan olmuş X11 31 dekabr 1994cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar