Məhkəmə qərarları › İş №2(027)-1774/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1774/2025

02.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1774/2025 02.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi X4 iştirakı ilə, X1 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı X3, Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə verilmiş buraxılış ili 1994-cü il olan, Opel Vectra minik markalı, **-NH-*** dövlət nömrə nişanlı avtomobilin saz və işlək vəziyyətdə iddiaçıya qaytarılmasını, Avtomobil olmadıqda avtomobilin dəyəri olan 5000 (beş min) manat pulun, eyni zamanda ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən, onun tərəfindən cavabdehə buraxılış ili 1994-cü il olan, Opel Vectra minik markalı, **-NH-*** dövlət nömrə nişanlı avtomobil verilmişdir (etbarnamə əlavə olunur) Lakin qeyd edilən avtomobil bu gün də ona saz vəziyyətədə geri qaytarılmamışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, o isə öz növbəsində müxtəlif bəhanələr gətirərək, bu gün sabah deyərək ona məxsus olan avtomobili geri qaytarmağı ertələmişdır Cavabdehin artıq avtomobilini geri qaytarmaq niyyəti olmadığını gördükdə o, sonuncu dəfə onunla əlaqə saxlanılmış, ona məxsus olan buraxılış ili 1994-cü il olan, Opel Vectra minik markalı, **-NH-*** dövlət nömrə nişanlı avtomobilin saz vəziyyətədə geri qaytarılmasını xahiş etmişəm. Lakin cavabdeh bu dəfə də avtomobilimi yenə də geri qaytarmamışdır. Hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətləri əmlakına olan qanunsuz qəsd olaraq qiymətləndirilməli, məhkəmə qətnaməsinə əsasən olndan alınmalı və ona qaytarılmalıdır. Belə ki, o, artıq məhkəməyə müraiət etməkdən başqa alternativ variant görmür. Eyni zamanda bildirir ki, avtomobilinin qiymətini cavabdehlə 5000 ( beş min) manat dəyərində qiymətləndirmişlər. II. Tərəflərin mövqeləri: İddiaçı X2 nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, maşını sürmək üçün verilmiş etibarnaməni ləğv etdirmişlər, cavabdeh maşını tanımadığı şəxslərə vermiş, onlar isə maşını söküb satmışlar. Hazırda maşının harda olduğu barədə məlumatı yoxdur. İddia tələbini müdafiə edir, təmin edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qismən qəbul edərək, maşının pulundan 1120 manat pulun iddiaçıya deyil, digər 3cü şəxsə iddiaçıya təqdim etməsi üçün verildiyini bildirmiş, həmçinin maşının nasaz olduğunu, tam işlək vəziyyətdə olmadığı üçün tanımadığı şəxsə verdiyini, hazırda harda olduğu ilə bağlı məlumatı olmadığını qeyd etmişdir. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş etibarnamənin surətindən görünür ki, İddiaçı Opel Vectra minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Opel Vectra minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 xx.xx.2025-ci il tarixli, 2-193943/2 saylı məktubundan görünür ki, Din Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Opel Vectra” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. İş üzrə təyin edilmiş və keçirilmiş Arfin MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, 1994-cü il buraxılışlı “Opel Vectra” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı bazar dəyəri 3569,00 (üç min beş yüz altmış doqquz) manat təşkil edir. İş materiallarında olan DVD diskə köçürülmüş səs yazılarında cavabdeh iddiaçıya heç bir ödəniş etmədiyini, maşını digər bir şəxsə evakuatorla aparıb təqdim etdiyini, həmin şəxslə internetdən tanış olduğunu bildirmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Opel Vectra” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. “Opel Vectra” minik markalı, **-NH- *** dövlət qeydiyyat nişanlı minik avtomobil etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. İddiaçı ona məxsus olan **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə Cavabdeh idarə etmək üçün vermişdir. Lakin, cavabdeh iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsini heç bir ödəniş etmədən digər şəxsə vermişdir. Hazırda iddiaçı “Opel Vectra” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsini və ya dəyərini tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətində olması və onun cavabdeh tərəfindən iddiaçının razılığı olmadan digər şəxsə verilməsi, hazırda həmin nəqliyyat vasitəsinin harda olması ilə bağlı tərəflərin məlumatsız olması işin mübahisəsiz halıdır. Eyni zamanda Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh öz səlahiyyətlərini aşaraq iddaçının mülkiyyətində olan əmlaka sərəncam vermişdir. Həmçinin, iddiaçı avtomobil olmadıqda avtomobilin dəyəri olan 5000 (beş min) manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, iş üzrə təyin edilmiş və keçirilmiş qiymətləndirmənin hesabatına əsasən 1994-cü il buraxılışlı “Opel Vectra” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı bazar dəyəri 3569,00 manat təşkil etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 152.8-ci maddəsinə əsasən Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. - 362.1-ci maddəsinə əsasən Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. -364.1-ci maddəsinə əsasən Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. -364.2-ci maddəsinə əsasən Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı X3 tərəfindən hazırki ərizənin verilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı X3 tərəfindən "xxxx" MMC-nin hesabına 150 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1994-cü il buraxılışlı “Opel Vectra” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobil olmadıqda isə onun dəyəri 3569 manat pul, 70 manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş qiymətləndirmə xərci 150 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1994-cü il buraxılışlı “Opel Vectra” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobil olmadıqda isə onun dəyəri 3569 manat pul, 70 manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş qiymətləndirmə xərci 150 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar