Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1833/2020 28.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, anası Əmirbəyova (Abdullayeva) Nura Hüseyn qızının ölmüş elan edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, Ərizəçi iddia tələbinin dəqiqləşdirməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, anası Əmirbəyova (Abdullayeva) Nura Hüseyn qızının ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Zərdabi kəndində yaşayır. Anası Əmirbəyova (Abdullayeva) Nura Hüseyn qızı da onunla Quba rayonu, Zərdabi kəndində yaşamışdır. 1997-ci ilin ortalarında anası qəflətən yoxa çıxmışdır. O, uzun müddət anasının ölməsi və ya sağ olması barədə məlumat ala bilməmişdir. Ona görə də, xx.xx.2019-cu il tarixdə Quba RPŞ-yə müraciət edib anasının axtarılıb tapılması üçün müvafiq axtarış tədbirləri görülməsini xahiş etmişdir. Lakin bu günə kimi anası sağ olması barədə bir məlumat yoxdur. Ona görə də, onun xəbərsiz itkin düşmüş hesab edilməsi və onun ölmüş elan edilməsi barədə məhkəməyə müraciət etmişdir. O, hal-hazırda anasından miras qalmış əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq istəyir. Ona görə də, anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Çöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Əmirbəyova (Abdullayeva) Nura Hüseyn qızı barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, 1940-cı ildə anadan olmuş X2 qohumları ilə əlaqəni itirmiş şəxs kimi axtarılır, tapılması üçün axtarış tədbirləti davam etdirilir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. Valideynləri qrafasında atası – X1, anası – Əmirbəyova (Abdullayeva) Nura Hüseyn qızı olaraq qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs arayışından görünür ki, X1 ilə X4 arasında xx.xx.1958-ci il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, XX.XX.1938-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş Əmirbəyova (Abdullayeva) Nura Hüseyn qızı ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. XX.XX.1938-ci ildə Quba şəhərində anadan olmuş Əmirbəyova (Abdullayeva) Nura Hüseyn qızı ölmüş elan edilsin. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi gün Əmirbəyova (Abdullayeva) Nura Hüseyn qızının ölüm günü sayılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1833/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1833/2020
28.10.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında - Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver