Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1959/2024 04.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, X5nun ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 06 mart 2024-cü il tarixində ev şəraitində vəfat etmişdir. Ərinin dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün bugünə kimi ölüm haqqında şəhadətnamə ala bilməmişdi. X5 06 mart 2024-cü il tarixində Abşeron rayonu, Saray qəbirstanlıqda dəfn olunmuşdur. Bundan başqa Saray bələdiyyəsindən verilən arayışa əsasən həmin ünvanda yerləşən qəbirstanlıqda dəfn olunması barədə arayış təqdim edilmişdir. Ərinin ölməsi barədə tibbi arayış olmadığından bügünə kimi onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Əlavə olaraq qeyd edir ki, vərəsəliklə bağlı gələcəkdə ölüm haqqında şəhadətnaməsi olması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. X11 bacısının yoldaşı olmuş, onkoloji xəstəlikdən bu ilin mart ayının 6-da rəhmətə getmişdir. Sumqayıt şəhərinin Saray qəsəbə qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. İlqar qızının yoldaşı olmuş və 38 yaşında xəstəlikdən vəfat etmişdir. Sumqayıt şəhərinin Saray qəsəbə qəbrstanlığında dəfn olunub. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İ 668064 seriyalı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 ilə X4 xx.xx.2011-ci il tarixdə Sumqayıt Nikah evində nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 316 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Novruzova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası TƏBİB PHŞ BŞBSM PHŞ Binəqədi rayonu 35-nömrəli şəhər Poliklinikasının xx.xx.2024-cü il traixli məlumatından görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 Binəqədi rayonu 35-nömrəli şəhər Poliklinikasına müraciəti qeydə alınmamış və ambulator kartası açılmamışdır. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 05/Q-475/2024 saylı məktubundan görünür ki, X11 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, X11 barədə ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Abşeron rayonu, Saray bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, Ərizəçi mərhum həyat yoldaşı X11 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Saray qəbrstanlığında dəfn olunmuşdu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə Qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş X6 xx.xx.2024-cü il tarixdə evdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş X6 xx.xx.2024-cü il tarixdə ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1959/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1959/2024
04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver