Məhkəmə qərarları › İş №2(027)-1985/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1985/2022

10.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1985/2022 10.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış 18 fevral 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, 09 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, Maraqlı şəxs hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə bizgə nikahdan olan xx.xx.2013-cü il tarixdə doğulmuş qızı X1 üçün təyin edilmiş 160 manat alimentin 193 manata çatdırılması üçün mediasiya şurasına müraciət etmiş, ilkin mediasiya sessiyasından sonra aralarında olan mübahisə mediasiya vasitəsi ilə həll etməyə razılaşmış və bununla bağlı onunla Maraqlı şəxs Əhməd oğlunun nümayəndəsi və mediator arasında mediasiya xidmətinin göstərilməsi barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlara əsasən Maraqlı şəxs qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində aliment ödəməyə razılıq vermişdir. Lakin barışıq sazişinin imzalanmasından 3 ay sonra barışıq sazişini könüllü şəkildə icra etmir. O, uşağını valideynlərinin köməyi ilə saxlayır, heç bir yerdə işləmir. Ərizəçi xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zaman bildirdi ki, 2012-ci il tarixdə Maraqlı şəxs ilə ailə qurmuş, 2017-ci ildə nikah pozulmuşdur. 2016-cı ildə aliment tələbi ilə məhkəməyə müraciət əsasən yetkinlik yaşına çatmayan qızı üçün aliment təyin edilmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin miqdarı artırılmışdır. 2022-ci ilin fevral ayında mediasiyaya müraciət etmiş, barışıq sazişinə əsasən Maraqlı şəxs 09 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində aliment ödəməyə razılıq versə də, barışıq sazişinin şərtlərinə əməl etməyərək, cari ilin iyun ayından aliment ödəmir. Maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra may ayına qədər (may ayı daxil) 200 manatdan onun bank hesabı kartına aliment ödəmiş, iyun-iyul aylarında isə hər hansı məbləğdə ödəniş etməmişdir. Maraqlı şəxs may ayına qədər aliment borcu yoxdur. Maraqlı şəxs aliment kimi 1000 manat ödəniş etdiyini iddia etsə də, bu doğru deyil. Belə ki, birgə nikahda ikən Maraqlı şəxs “Kristal Abşeron”dan ev almışdır. Qeyd olunan 1000 manat məbləğində pul birgə nikah dövründə əldə olunan əmlakın bölgüsündən əldə olunan puldur. Həmin məbləğin alimentə aiddiyyəti yoxdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zaman ərizə təqdim edərək bildirdi ki, o, xx.xx.2017-ci il tarixə kimi BP Exploration (Caspian Sea) Limited şirkətində işləmişdir. xx.xx.2017-ci il tarixdə BP Exploration (Caspian Sea) Limited şirkətindən ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuş və BP şirkəti tərəfindən 10 aylıq, yəni 1000 manat alimenti hesaba ödəmişdir. Bu ödəniş həmin tarix üçün artıq ödəmə olmuşdur. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Lakin qətnamə qəbul edilən zaman artıq ödədiyi 1000 manat pulun nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-1786/2016 saylı qətnaməsindən görünür ki, 09 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay cavabdeh Maraqlı şəxs qazancının dörddə bir hissəsi miqdarda və xx.xx.2013-cü il təvəllüdlü X2 üç yaşınadək hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-716/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 1720/2019 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-716/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, cavabdeh Maraqlı şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment hesablanaraq iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir; Ərizəçi ilə Maraqlı şəxs arasında Qusar şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin mətnindən görünür ki, Ərizəçi (bundan sonra "Birinci tərəf") və Maraqlı şəxs (etibarnaməyə əsasən iştirak edən X6) (bundan sonra "İkinci tərəf") ilə mövcud aliment miqdarının artırılmasını təmin edilməsinə dair razılığa gələrək barışıq sazişini aşağıdakı şərtlərlə bağlayırlar: - tərəflər saziş imzalandıqdan sonra "İkinci tərəf" uşağın (X4) yetkinlik yaşına çatana gədər mövcud alimentin 160 manatdan 193 manata kimi artırılacaq və hər ayın 10-na kimi nəğdsiz qaydada "Birinci tərəf"-in kart hesabına aliment ödəyəcəkdir; - tərəflər sazişin şərtləri pozulduğu təqdirdə məhkəməyə müraciət etmək hüququna malik olduqlarını razılaşdırırlar. Mediasiya prosesində tərəflər mübahisənin həlli şərtlərinə dair razılığa gələ bilərlər. Barışıq sazişi ilə tərəflər mübahisənin həlli ilə bağlı müəyyən şərtlər əsasında razılığa gəlirlər və sazişin şərtlərini özləri müəyyənləşdirirlər. Bu saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Məhkəmə baxışında müəyyən olundu ki, tərəflərin arasında 09 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1720/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin ödənilmsinə dair saziş bağlanılmışdır. Maraqlı şəxs ilə Ərizəçi arasında barışıq sazişi bağlanılan zaman hər iki tərəfə barışığın şərtləri pozulacağı təqdirdə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İşin hallarından göründüyü kimi, Maraqlı şəxs sazişi könüllü icra etməmiş, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış Maraqlı şəxs Ərizəçi ərizəsini qəbul etmiş, alimenti cəmi son iki aydır ki, ödəmədiyini, o vaxta qədər müntəzəm şəkildə alimenti hesaba köçürdüyü, hətta müəyyən edilmiş aliment miqdarından 1000 manat artıq vəsait ödədiyini bildirmiş və hazırda borclu olmadığını qeyd etmişdir. Ərizəçi 1000 manat vəsaitin ödənilməmiş aliment borcuna görə Çingiz tərəfindən hesaba köçürüldüyünü bildirmişdir. Eləcə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov rayon İcra röbəsi məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab məktubundan görünür ki, borclu Maraqlı şəxs Nərimanov Rayon Məhkəməsinin 2(005)-1720/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən tələbkar Ərizəçi ola aliment borcu 2022-ci ilin iyun ayı üçün 100 manat, iyul ayı üçün 160 manat təşkil edir. Göründüyü kimi, hazırda aliment üzrə hər hansı bir artıq məbləğdə ödəmə mövcud deyildir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir; 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.3-cü maddəsinə əsasən, valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; 95.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir; 95.3-cü maddəsinə əsasən Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır; 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların (mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması) olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Sadalananları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında 18 fevral 2022-ci il tarixdə bağlanılmış barışıq sazişi təsdiq edilməli, 09 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1720/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Maraqlı şəxs hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında 18 fevral 2022-ci il tarixdə bağlanılmış barışıq sazişi təsdiq edilsin. 09 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1720/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Maraqlı şəxs hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş 100 (bir yüz) manat Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar