Məhkəmə qərarları › İş №2(027)-2045/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2045/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2045/2023 07.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 21 yanvar 1974-cü il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuş X3nun 23 dekabr 2019-cu il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ilə anası X9 ilə ailə qurmuşlar. Valideynlərinin faktiki nikah münasibətlərindən xx xxxxxx 1968- ci ildə özü, 21 yanvar 1974-cü ildə X3 və digər bacı və qardaşları anadan olmuşdur. Qardaşı X2 içki aludəçisi olmuşdur. Sürdüyü həyat tərzi ilə əlaqədar olaraq xəstəlik keçirmiş, 23 dekabr 2019-cu il tarixdə vəfat etmiş və Quba şəhər qəbirstanhğında dəfn edilmişdir. Həmin vaxt qanunu bilməməzlikdən X15 ölümünü rəsmiləşdirməmişdir. Daha sonra X3na ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs 24 iyul 2023-cü il tarixli məktubu ilə ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra o ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X15 ölməsi faktının müəyyən edilməsi vərəsəlik məsələlərinin həlli üçün lazımdır və qardaşının ölümündən uzun müddət keçdiyi və zamanında ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almadığı üçün məhkəmədən kənar qaydada onun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməni də ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etmək istəyir ki, qardaşım Cabir Nəcəfovun 23 dekabr 2019-cu il tarixdə ölməsi və Quba şəhər qəbirstanhğından dəfn edilməsini həmin mərasimlərdə iştirak etmiş qonşular və tanışları görmüşdür ki, onlar bununla bağlı akt da tərtib etmişlər və məhkəmədə şahid kimi də ifadə verə bilərlər. Həmçinin iddia ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkili də bunu bir daha təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli 280 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə xx.xx.2019-xx.xx.2023-cü illərdə ölüm haqqında akt qeydlərində X13 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan İİ-ЖГ ******* seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, X13 21 yanvar 1974-cü il tarixdə Quba rayonu, Adur kəndində doğulmuş, atası- X12, anası- X4 qeyd olunmuşdur. İş materiallarında olan A3 ******* seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Quba rayonu, Adur kəndində doğulmuş, atası- X12, anası- X4 qeyd olunmuşdur. İş materiallarında olan Quba rayonu Rük kəndində tərtib olunmuş 24 iyul 2023-cü il tarixli akta əsasən X13 23 dekabr 2019-cu il tarixdə Quba şəhərində vəfat etmiş, Quba şəhər qəbirstanlığında dəfn olunmuşdur. Akt Quba rayonu, Adur kənd sakinləri Ərizəçi, X16 və X14 tərəfindən imzalanmış və Quba rayonu İHB-nın Rük İƏD üzrə nümayəndəsi R.Məmmədov tərəfindən möhürlənərək təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 401/2023 nömrəli məktubundan görünür ki, X5 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Quba rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin 05 sentyabr 2023cü il tarixli məktubundan göründüyü kimi, xx.xx.2019-cu il tarixində vəfat etmiş mərhum X8 ölüm şəhadətnaməsi vaxtında alınmadığı üçün və ölümü haqqında Quba Rayon Mərkəzi Xəstəxanasında və ona tabe olan tibb müəssisələrində o cümlədən Rük HM-də heç bir məlumat olmadığını, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin kollegiyasının xx.xx.2018-ci il tarixli 05 saylı qərarını əsas tutaraq və 5.3 maddəsinə əsaslanaraq ölüm haqqında şəhadətnamənin alınması üçün Məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 21 yanvar 1974-cü il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuş X13 23 dekabr 2019-cu il tarixdə Quba şəhərində vəfat etmişdir. Belə ki, ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və 21 yanvar 1974-cü il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuş X8 23 dekabr 2019-cu il tarixdə Quba şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 21 yanvar 1974-cü il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuş X8 23 dekabr 2019cu il tarixdə Quba şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar