Məhkəmə qərarları › İş №2(027)-2479/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2479/2024

14.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2479/2024 14.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi iştirakı ilə İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 09 iyul 2024-cü il tarixində imzalanmış barışıq sazişinin ona aid hissəsinin (uşağın onun himayəsində saxlanılması və hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin 2024-cü ilin iyul ayından başlayaraq ona ödənilməsi təsdiq olunması və mediasiya prosesində barışıq sazişində ödədiyi 250 (iki yüz əlli manat pulun, dövlət rüsumu olaraq ödədiyi 100 (yüz) manat məbləğində pulun) manat məbləğində ödənilən xidmət haqqının Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uşağın ananın himayəsinə verilməsi və aliment tələbi ilə bağlı ilkin mediasiya şurasına müraciət etmiş, 09 iyul 2024-cü il tarixində keçirilən mediasiya prosesində cavabdehlə barışıq sazişi bağlamışlar. Qeyd olunan barışıq sazişində uşağın ananın himayəsinə verilməsi və Maraqlı şəxs 2024-cü ilin iyul ayından başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə ödənilməsini verməyi öhdəsinə götürmüşdür. Aliment ödənişinin hər ay 25-30 tarixlərində ödənilməsi barədə razılıq əldə olunmuşdur. Azyaşlı övladının ayda 1 dəfə 3 saat müddətində atası- Maraqlı şəxs ilə göüşməsi, ünsiyyətdə olması barədə aralarında razılaşma olmuşdur. O, razılaşmanın bu hissəsinə heç bir maneçilik göstərmir, lakin qarşı tərəf üzərinə götürdüyü öhdəliyi icra etmir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmış və bununla bağlı onunla Maraqlı şəxs və mediator arasında mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2023cü il təvəllüdlü X1 onun himayəsində saxlanılmasına və buna görə hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment ödənilməsi barədə razılıq vermişdir. Maraqlı şəxs ilə aralarında bağlanan barışıq sazişinin 8-ci bəndinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin razılaşmanın 9-cu bəndində qeyd olunur ki, sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbiləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Maraqlı şəxs iddia ərizəsinə etiraz ərizəsində bildirmişdir ki, o, sözügedən barışıq sazişinin təsdiq edilməsinə etiraz edir. Belə ki, barışıq sazişi bağlandığında ona düzgün izah olunmamış, mediasiya prosesində ona barışaraq bir yerdə yaşayacaqları izah olunmuş, ona görə o, razılaşmışdır. Mediator və ərizəçi birləşərək onu aldatmışlar. O, mediasiya prosesinədə barışmağı üçün dəvət olunmuş ona görə getmişdir. Sənədin adı banşıq sazişi olması onu çaşdırmışdır. Ona barmaqla işarə edib göstərilən yeri imzalanmasını göstərmişlər, o da imzalamışdır. Banşıq sazişinin məzmunu tam olaraq ona izah olunmamışdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalı deyil. Göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixdə məhəkəmə prosesini onun iştirakı olmadan baxıb iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin etiraz ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan 09 iyul 2024-cü il tarixli barışıq sazişindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsinə verilməsi və Maraqlı şəxs 2024-cü ilin iyul ayından başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə ödənilməsini barədə razılığa gəlmişlər. Bundan başqa xx.xx.2023-cü il təvəllüdlü X1 ayda 1 dəfə 3 saat müddətində atası- Maraqlı şəxs ilə görüşməsi, ünsiyyətdə olması barədə aralarında razılaşma olmuşdur. Maraqlı şəxs ilə aralarında bağlanan barışıq sazişinin 8-ci bəndinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin razılaşmanın 9-cu bəndində qeyd olunur ki, sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbiləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Mülki qanunvericilikdə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. (MM-nin 324.4.-324.6-cı mad.) Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün bir tərəfin iradə ifadəsi yetərli olduqda birtərəfli əqdlər, iki tərəfin iradə ifadəsi tələb olunduqda ikitərəfli əqdlər, ikidən çox tərəfin iradə ifadəsi zəruri olduqda isə çoxtərəfli əqdlər meydana gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. (MM-nin 347.1-347.2-ci mad.) Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Onlar məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsızdır. Mübahisə edilən əqdlər səlahiyyətli şəxslər tərəfindən mübahisələndirildikdə bağlandığı andan etibarsız sayılırlar. 337.2-ci maddənin tələbinə görə müqaviləni mübahisələndirmək qərarına gəlmiş tərəf bu barədə öz iradəsini digər tərəfə bildirməlidir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisəndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mediasiya prosesində tərəflər arasında 09 iyul 2024-cü il tarixdə bağlanılmış barışıq sazişi iş üzrə cavabdeh Maraqlı şəxs aldadılması nəticəsində bağlanmış və faktiki bu müqavilə tərəfi kimi sonuncunun iradə ifadəsini əks etdirmir. Məhkəmə hesab edir ki, tərəflər arasında 09 iyul 2024-cü il tarixdə bağlanmış barışıq sazişi imzalanarkən tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmamaması səbəbindən etibarsız olması məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından bu əqdi etibarsızdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar