Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2775/2024 16.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü həyat yoldaşı X3 Bakı şəhərində xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladları ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həyat yoldaşı X6 Bakı şəhərində yerləşən “Port Baku” Biznes Mərkəzində yerləşən PMD qrupda baş audit vəzifəsində çalışırdı. xx.xx.2024-cü il tarixdə iş yerinə yaxın ərazidə nahar edərkən qəflətən halı pisləşmiş, yanında olan iş yoldaşları tərəfindən təcili yardım çağırılmışdır. Bakı şəhər Təcili və Təxirə salınmaz Tibbi Yardım stansiyasının həkimləri tərəfindən mərhum həyat yoldaşı X4 xəstəxanaya çatdırarkən ürək tutması səbəbindən yolda vəfat etmişdir. Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından da göründüyü kimi, mərhum X6 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Saray qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Ölüm hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermiş və bununla bağlı Bakı şəhəri Təcili və X5 Stansiyası tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Yaşadıqları Abşeron Rayonu ərazisi üzrə Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı tərəfindən müraciət olunsa da, sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Abşeron Rayon Qeydiyyat Şöbəsi isə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X10 ifadələrində bildirmişlər ki, Ərizəçi onların bacısıdır. Bacısı Nailənin həyat yoldaşı İsmayıl Məmmədov qəfl ürək tutmasından 29 sentyabr 2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 2515 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan göründüyü kimi, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Abşeron rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Abşeron rayon X8 hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İ.Məmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə X9 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.1993-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Belə ki, ərizəçi onun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli, xx.xx.1993-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1993-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2775/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2775/2024
16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver