Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2895/2025 15.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: “ölüm faktın müəyyən edilməsi” tələbi Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, AR Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində X5 ölümünün qeydə alınması tərəflərindən mümkün olmamışdır.
2. Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 173 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışa əsasən Quba rayonu üzrə 1989- 1995-ci illərdə ölüm haqqında akt qeydlərində X8 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir.
3. Xİ-ЖГ seriyalı 380785 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1986-cı il tarixdə doğulmuşdur, atası X4, anası X6r.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1969-cu il tarixdə Quba rayonu, Xınalıq kəndində anadan olmuş X1 xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu il tarixdə anadan olmuş X8 onun qardaşıdır. X2 Quba rayonunda anadan olmuş, yaşamış və xx.xx.1992-ci il tarixdə Quba rayonu Xınalıq kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur. X1 həqiqətən xx.xx.1992-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində ölməsi və onun kənd qəbiristanlığında dəfn olunmasını şahidlər də təsdiq edə bilər. Ərizəçi qeyd edir ki, Quba rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə bildirilmişdir ki, X1 ölüm faktına dair qeydiyyat aparılmamışdır. X1 ölməsi barədə tibbi arayış alınmadığına görə haqqında ölüm haqqında şəhadətnamə ala bilmir. X5 ölümünün qeyd edilmə faktının müəyyən olunması ümumbirgə mülkiyyətində olan torpaq sahəsinin sənədləşmə işlərinin aparılması üçün zəruridir.
b) İddiaya qarşı etirazın dəlilləri
6. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
7. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Ölüm faktının təsdiqinin müvafiq sənədləşmə işlərinin aparılması məqsədilə zəruri olduğunu bildirmişdir. 8.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
9. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, 24 yanvar 1969-cu ildə Quba rayonu Xınalıq kəndində anadan olmuş - X8 xx.xx.1992-ci ildə vəfat etmişdir. Şəxs Rusiyafa ölmüşdür. Sonra dəfn edilməsi üçün bura gətirmişlər. Dəfn mərasimində o da iştirak etmişlər.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X10 da eyni məzmunda ifadə verərək, Valeh Hümmətovun dediklərini bir daha təsdiq etmişdir.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
Tətbiq edilən hüquq :
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. . Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, xx.xx.1969-cu il təvəllüdlü X7 xx.xx.1992-ci il tarixdə vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.
20. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmməklə onun qardaşının ölüm faktı müəyyən olunmasını xahiş etmişdir.
Nəticə :
21. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1969-cu il tarixdə Quba rayonu, Xınalıq kəndində anadan olmuş X5 xx.xx.1992-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir.
22. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin olunsun. xx.xx.1969-cu il tarixdə Quba rayonu, Xınalıq kəndində anadan olmuş X5 xx.xx.1992-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Qətnamə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli