Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-76/2024 23.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması və ona məxsus torpaq sahəsinin qarşısında yığdığı mişar daşlarının cavabdehin hesabına götürülərək yığışdırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh aralarında olan qonşu torpaq sahəsindən və ona məxsus torpaq sahəsinin qərb tərəfdən olan hissələrdən daş hasar çəkilməsinə dair etdiyi maneələrə və qanunsuz hərəkətlərinə son qoyulması, ona məxsus torpaq sahəsinin qarşısında yığdığı mişar daşlarının cavabdehin hesabına götürülməsi, cavabdehin təqsiri səbəbindən ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X1 Quba şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 7 saylı qərarı İlə yaşayış evi tikmək məqsədilə Quba şəhəri 2-ci kvartal ərazisindən bir tərəfdən cavabdehin atası H.Sultanovla digər tərəfdən Oqtay Babaşovla qonşu olan 300 kvm torpaq sahəsi verilmişdir. Qonşu, hazırkı cavabdehin atası H.Sultanov tərəfindən atasına verilmiş torpaq sahəsi qanunsuz zəbt edildiyinə görə atası M.Musayev onun həmin torpaq sahəsindən çıxarılması barədə Quba rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 31 avqust 2006-cı il tarixli 2-366 saylı qətnaməsi ilə iddia təmin edilərək, X4 həmin zəbt etdiyi 300 kvm torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Cavabdehin atası H.Sultanov həmin qətnamə ilə razılaşmadığından, apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsinin 01 fevral 2007-ci il tarixli 2(105)-492/2007 saylı qətnaməsi ilə Quba rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəf apelyasiya məhkəməsinin həmin qətnaməsi ilə də razılaşmamış və Ali məhkəməyə kassasiya şikayəti vermiş, Ali Məhkəmədə Apelyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamələrin İcrası müddətində H.Sultanov həmin torpaq sahəsində qeyri-qanuni tikinti işləri aparmışdır. Ona görə də yenidən məhkəməyə həmin qeyri-qanuni tikilmiş tikintilərin sökülməsi barədə iddia qaldırılmış və Quba rayon Məhkəməsinin 14 sentyabr 2007- ci il tarixli qətnaməsi İlə həmin iddia da təmin edilərək cavabdeh H.Sultanovun iddiaçı M.Musayevə məxsus Quba şəhəri 2-cİ kvartal ərazisində O.Babaşov və cavabdeh H.Sultanova məxsus həyətyanı torpaq sahələrinin arasında yerləşən 300 kvm həyətyanı torpaq sahəsindəki qeyri-qanuni tikdiyi tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi və torpaq sahəsinin iddiaçı M.Musayevə verilməsi qət olunmuşdur. Həmin qətnamənin icrası zamanı cavabdeh tərəf həmin qanunsuz tikililəri könüllü olaraq sökərək, torpaq sahəsini təhvil verdiyindən icra sənədinin İcraatına xitam verilmişdir. Qeyd edir ki, 300 kvm torpaq sahəsi üzrə ilkin sənədlər əsasında M.Musayevin adına 05.10.210-cu il tarixli ********** saylı qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən Quba rayon notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 300 kvm torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə anası X5 adına ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. X9 xx.xx.2021-ci il tarixdə 4ə-3514 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 300 kv metr torpaq sahəsini ona satmış və adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə də, 300 kvm torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bütün bunlara baxmayaraq Cavabdeh həmin torpaq sahəsindən ona istifadə etməyə maneələr törədir. Belə ki, onun iki qonşu arasında, yəni Tamilla ona atasından miras qalmış hazırda onun istifadəsində olan torpaq sahəsi ilə onun torpaq sahəsinin arasından daş hasar çəkməyə imkan vermir. Onun torpaq sahəsinin qarşısına qanunsuz olaraq mişar daşlarını yığaraq onun öz torpaq sahəsinə keçməyinə orada hasar çəkməyinə maneələr törədir. Hətta bir dəfə polisin köməkliyi ilə həmin yığılmış daşları fəhlə tutaraq öz torpaq sahəsinin qarşısına yığdırmışdır. Yenidən həmin mişar (kubik) daşlarını ona məxsus torpaq sahəsinin qarşısına yığmışdır. Dəfələrlə bu barədə ona irad bildirsə də, o bunlara əhəmiyyət verməyərək, onlara öz ərazilərində iş görməyinə imkan vermir. Gətirdiyi fəhlələrdən xəbər tutan kimi əsassız şikayətlər edir və onları iş görməyə imkan vermir. Cavabdeh tərəf atasının varisi kimi Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, atası M.Musayevin adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia vermiş, həmin iddiası da təmin olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, ona atasından miras qalmış hazırda istifadəsində olan torpaq sahəsi ilə cavabdehin torpaq sahəsinin arasından daş hasar çəkməyə cavabdeh imkan vermir. Onun torpaq sahəsinin qarşısına qanunsuz olaraq mişar daşlarını yığaraq onun öz torpaq sahəsinə keçməsinə və orada hasar çəkməsinə maneələr törədir. Ekspert rəyi əsassız verilmişdir. Həmin torpaq sahəsinə giriş-çıxış həmin yerdən olmalıdır. Həmin yerə qapı qoyulsa da, cavabdeh qapını söküb mişar daşlarını yığmışdır. Torpaq sahəsinin digər tərəflərdə qonşular vardır. Ön hissəyə çıxış həmin yerdəndir və arxaya çıxış yüksək gərginlikli cərayan xəttinin keçdiyi əraziyə düşdüyü üçün ön hissədən çıxış olmasını istəyir. Qonşulardan yalnız Tamillanı tanıyır, digərlərini tanımır.Cavabdeh tərəf Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının atası M.Musayevin adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia vermiş, həmin iddiası da təmin olunmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, mişar daşların yığıldığı torpaq sahəsinə onun aidiyyəti yoxdur. İddiaçı ilə aralarında olan torpaq sahəsində olan hasarın yerləşdiyi yer texniki pasportda onun sahəsidir, 68-ci ilin reyesterində də əksini tapmışdır. Həmin hasar uzun illər əvvəl çəkilmişdir. Onun torpaq sahəsilə iddiaçının özünün olduğunu iddia etdiyi torpaq sahəsinə giriş-çıxış yoxdur və müdaxilə mümkün deyil. Ümumiyyətlə iddiaçı çıxarışı qanunsuz almışdır və torpaq iddiaçıya məxsus olmadığından, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş matariallarını tədqiq edərək sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Quba şəhəri. Fətəlixan küçəsi, yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, ƏMDX DƏDK və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Mişar daşlarının yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********22 olan çıxarışa əsasən Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0.03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin ön tərəfində yerləşir və həmin torpaq sahəsinə aid deyil. Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaqlara aiddir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarından göründüyü kimi, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müvafiq ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı iddia ilə götürülməsini tələb etdiyi mişar daşları yığılmış torpaq sahəsi ümumi istifadədə olmaqla İddiaçı həmin torpaq sahəsilə bağlı subyektiv hüququ müəyyən edilmir. Ona görə də iddia iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yığılmış mişar daşlarının cavabdehin hesabına götürülməsi hissəsində təmin oluna bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İddianın İddiaçı qonşu torpaq sahəsindən və ona məxsus torpaq sahəsinin qərb tərəfdən olan hissələrdən daş hasar çəkilməsinə dair maneələrə və qanunsuz hərəkətlərinə son qoyulması hissəsilə bağlı isə məhkəmə bildirir ki, iddiaçı bu hissədə tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus torpağa müdaxilə edilməklə hasar çəkilməsi barədə hər hansi dəlil səsləndirməmişdir. Belə olan halda, qonşu sahələr arasında olan sökülməsi mübahisələndirilməyən daş hasarın mərz qurğusunun olmasında marağı olan şəxs tərəfindən və qonşuların faktiki sahibliyi üzrə inşa edildiyi qənaətinə gəlinir. Həmin hasardan əlavə mərzin çəkilməsi isə yalnız iddiaçıya məxsus torpaq sahəsində mümkündür ki, cavabdehin buna hansı hərəkətlərlə maneə törətməsi mümkünlüyü müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması və ona məxsus torpaq sahəsinin qarşısında yığdığı mişar daşlarının cavabdehin hesabına götürülərək yığışdırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması və ona məxsus torpaq sahəsinin qarşısında yığdığı mişar daşlarının cavabdehin hesabına götürülərək yığışdırılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-76/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-76/2024
23.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver