Məhkəmə qərarları › İş №2(027)-774/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-774/2021

09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-774/2021 09.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, övladı-14.06.1991-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində doğulmuş X2 14 oktyabr 1993-cü il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili X13 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun əri X4 ilə 26 dekabr 1987-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurub. Birgə nikahdan 14 iyun 1991-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində övladı X3 doğulmuşdur. Qızı doğuşdan daun xəstəsi olmuş, inkişafdan geri qalmış, öz davranış və hərəkətlərinin mənasını anlamamış, mütəmadi olaraq müalicə almışdır. Lakin aldığı müalicələrin heç bir nəticəsi olmamış, uzun müddət xəstəlikdən əziyyət çəkmiş, 28 oktyabr 1993-cü il tarixdə daun xəstəliyindən Xaçmaz rayonu, Nərəcan kəndində 3 yaşında ölmüşdür və Xaçmaz rayonu, Çaxçaxlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu fakt şahidlərin iştirakı ilə tərtib və imzaları ilə təsdiq olunmuş 17 fevral 2021- d il tarixli Aktla da təsdiq olunur. Həmin vaxt qanunu bilmədiyindən qızının ölümünü rəsmiləşdirə bilməyib. Vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar qızı X2 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Xaçmaz rayon Qeydiyyat şöbəsinə müraciət edib. Xaçmaz rayon Qeydiyyat şöbəsinin 28 yanvar 2021-ci il tarixli, 05 saylı məktubu ilə X2 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması lövsiyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən övladı X2 28 oktyabr 1993-cü il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində ötməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olub. Qızının dəfn mərasimində iştirak etmiş şəxslər Elmira Lumanovanın 28 oktyabr 1993-cü il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində ölməsi və Xaçmaz rayonu, Çaxçaxlı kənd qəbiristanlığında dəfn edilməsi barədə məhkəmədə şahid kimi izahat verə bilərlər. Göstərilənləri nəzərə alaraq, 14.06.1991-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində doğulmuş X2 14 oktyabr 1993-cü il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 bildirdi ki, Lumanov Şahismayıl onun qardaşıdı, Ərizəçi ilə 26 dekabr 1987-ci il tarixdə ailə qurub. Bu evlilikdən beş övladı dünyaya gəlib, onlardan iki qızı vəfat edib. X3 14 iyun 1991-ci il tarixdə doğulub, 28 oktyabr 1993-cü il tarixdə daun xəstəliyindən Xaçmaz rayonu, Nərəcan kəndində 3 yaşında ölmüş və Xaçmaz rayonu, Çaxçaxlı kənd qəbiristanlığında dəfn edilib. O, dəfndə iştirak etmişdir. Məhkəmədə şahid X5 bildirdi ki, Şahismayıl Lumanov onu qonşusudur olub, bir kənddə yaşayırlar. Ərizəçinin qızı Lumanova Elmira anadangəlmə xəstə doğulduğuna görə, kiçik yaşlarında vəfat etmişdi. Xaçmaz rayonu, Çaxçaxlı kənd qəbiristanlığında dəfn edilib. O, dəfndə iştirak etmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi və vəkili X9 və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayonu Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydi kitabından çıxarışa əsasən məlum olur ki, X3 14 iyun 1991-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində doğulub. X1, anası Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nin Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyin 18.02.2021-ci il tarixli, 316 nömrəli arayışından görünür ki, Ərizəçi Quba rayonu Zərdabi qəsəbə İƏD-nin Barlı kəndində qeydiyyatdadır. İş materiallarında olan İİ-ЧЖ 352036 seriyalı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə Ərizəçi arasında 26 dekabr 1987-ci il tarixdə nikahı bağlanmışdır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.01.2021-ci il tarixli 05 nömrəli məktubundan görünür ki, X3 barəsində elktron məlumatlarnan yoxlanılmış, ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 14.06.1991-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində doğulmuş X2 14 oktyabr 1993-cü il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 14.06.1991-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində doğulmuş X2 14 oktyabr 1993cü il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar