Məhkəmə qərarları › İş №2(027)-808/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-808/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-808/2025 03.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1949-cu il tarixində Quba rayonunda doğulmuş, 27 iyun 2023-cü ildə dünyasını dəyişmiş, Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuş X2nun ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1949-cu il təvəllüdlü X2 2023-cü ilin iyun ayında dünyasını dəyişmişdir. X2 əqli qüsurlu olmuşdur. Dünyasını dəyişmiş İmran Dadaşov ailə üzvlərinin qonşularının, qohumlarının və yaxınlarının iştirakı ilə Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuşdur. Dünyasını dəyişmiş şəxs subay idi. Heç vaxt evli olmayıb. Quba rayon İHB-nin Vladimirovka kənd İƏD üzrə nümayəndəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktda X4 2023-cü ilin 27 iyununda vəfat etdiyi və kənd sakinlərinin və yaxınlarının iştirakı ilə Quba rayonu Mirzəməmmədkənd kənd qəbiristanlığında dəfn olunduğu qeyd olunmuşdur. Həmin vaxt etinasızlıqdan və digər səbəblərdən X6 ölümünü rəsmiləşdirə bilməmişlər. İşin bu yerə gəlib çatacağını bilməmişlər. X6 ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə Quba rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 03-16-5\8-10- 675/2024 saylı məktubu ilə X4 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. X4 Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Ehtiyac olsa, lazım gələrsə şahidlər də gətirə bilər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 675 nömrəli məktubundan görünür ki, X5 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Quba rayonu Mirzəməmmədkənd kəndində vəfat etmiş və həmin kənd qəbrstanlığında dəfn edilmişdir. Quba rayon Mirzəməmmədkənd kənd sakinləri Sevinc Dadaşova, Süleyman Dadaşov, İlham İsmayılov, Zaur İsmaylov və Nəriman Qonaqov aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan məzar daşının foto şəkilindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba RMX-nın xx.xx.2023-cü il tarixli ölüm vərəqəsindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və onun ölüm səbəbi qəfləti koronar ölümü olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.1949-cu ildə Quba rayonu, Mirzəmməd kəndində doğulmuş X5 xx.xx.2023-cü il tarixdə Quba rayonu, Mirzəməmmədkənd kəndində vəfat etmişdir. Belə ki, ərizəçi qardaşının vəfat etməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli xx.xx.1949-cu ildə Quba rayonu, Mirzəmməd kəndində doğulmuş X5 xx.xx.2023-cü il tarixdə Quba rayonu, Mirzəməmmədkənd kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1949-cu ildə Quba rayonu, Mirzəmməd kəndində doğulmuş X5 xx.xx.2023-cü il tarixdə Quba rayonu, Mirzəməmmədkənd kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar