Məhkəmə qərarları › İş №2(027)-944/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-944/2023

22.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-944/2023 22.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı Quba Regional X9nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, X12 X4 Osman Rəhman oğluna qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Quba Regional X9 Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Qorxmazoba kənd sakini Cavabdeh Vəl-Vələ meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalının ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 0,55 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X9nə təhvil verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Quba Regional X9nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Vəl-Vələ meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Quba rayon Qorxmazoba kənd sakini Cavabdeh Vəl-Vələ meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalının ərazisində 0,55 ha torpaq sahəsini qeyriqanuni hasara almaqla təbii bərpa və yeniyetmələri məhv etmişdir. X11 121,00 manat məbləğində ziyan vurmuşdur. Həmin fakt əsasında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi İlqar Ağabalayev, baş məsləhətçisi Adil Məcidov, mühafizə yegeri Namiq Həmidov, mühafizə yegeri Murad Muradov, Quba RMTMnin Vəl-Vələ meşəbəyliyinin meşəbəyisi Hüseyn Abdulhüseynov, Vəl-Vələ meşəbəyliyinin 5 saylı dolayının meşə gözətçisi Səxavət Mehbəliyev, Qorxmazoba kənd sakini Cavabdeh iştirakları ilə xx.xx.2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında iddiaçı Quba Regional X9nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclacında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, mübahisəli sahəni abadlaşdırmış, əkinə yararlı vəziyyətə gətirdikdən sonra (daşlardan və meşə tullantılardan təmizləmişdir) orada tərəvəz məhsulları əkib-becərmişdir. Hazırda həmin yerdən istifadə etmir. İddianı əsassız hesab edir və ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 67593 №li aktda göstərilir ki, Vəl-vələ meşbəyliyinin 5 saylı dolayı 11-15-20-21-25-32-ci kvartallarından ibarət olmaqla 663 ha ərazini təşkil edir. Qeyd olunan dolay X3 tərəfindən mühafizə edilir. 5 saylı dolayın 32-ci kvartalında 4-5 hektara qədər ərazidə tinglik sahəsi yerləşir. Həmin ərazi Qorxmazoba kəndinin şimal hissəsində Vəl-vələ çayı ilə həmsərhəd ərazidə yerləşir və kənd sakinləri tərəfindən bir çox hissəsi zəbt olunaraq hasarlanmış və şəxsi məqsədlər üçün istifadə olunur. Quba rayonu, Qorxmazoba kənd sakini Cavabdeh tərəfindən 0,55 ha ərazi hasarlanmış təbii bərpa və yeniyetmələr məhv edilərək sahəni təmizləmişdir. Cavabdeh yazılı izahatında 10 x 6 sxemi ilə gilas ağacları əkdiyini, 4-5 ildir ki, torpaq sahəsindən istifadə etdiyini və həmin ərazilərin istifadəsi üçün heç bir hüquqi sənədinin olmadığını bildirmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli həcm-qiymət cədvəlindən görünür ki, Cavabdeh Vəl-vələ meşəbəyliyinin 5 saylı meşə dolayının 32-ci kvartalının ərazisində 0,55 ha torpaq sahəsini qeyri-qanuni hasara almaqla təbii bərpa və yeniyetmələri məhv edilmsinə görə 121 manat ziyan hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Torpaq Məcəlləsinin qeyd olunan 55-ci maddəsində göstərilir ki, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, iddiaçı Quba Regional X9nə məxsus Vəl-Vələ meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalının ərazisində torpağın 0,55 hektar hissəsinin cavabdeh tərəfindən qeyri qanuni istifadə olunması sübuta yetirilir. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan qeyd edilən torpaq sahəsindən istifadə etməyi iddiaçının hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin sahədən qanunsuz sahibliyinə son qoyulmalı, qeyd edilən torpaq sahəsi boşaldılmalı və həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalıdır. Məhkəmə iddianın ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X9nə təhvil verilməsi hissəsinə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. (iş üzrə cavabdeh mübahisəli torpaq sahəsini əkinə yararlı vəziyyətə gətirməkdən ötrü həmin sahəni daşlardan və meşə tullantılarından təmizləmişdir. Ərazinin əvvəlki vəziyyətinə qaytarılması o deməkdir ki, həmin daşları və meşə tullantılarını həmin əraziyə qaytarılmasıdır ki, bu da ağılabatan deyil) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı Quba Regional X9nə məxsus Vəl-Vələ meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalının ərazisində özbaşına tutulmuş 0,55 hektar torpaq sahəsi boşaldılaraq, həmin torpaq sahəsi iddiaçı Quba X1ytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı Quba Regional X9nə məxsus Vəl-Vələ meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalının ərazisində özbaşına tutulmuş 0,55 hektar torpaq sahəsi boşaldılsın, həmin torpaq sahəsi iddiaçı Quba X1ytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar