Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-993/2023 03.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Quba Regional X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Quba Regional X3 Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Quba Regional X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Küçeyi kənd sakini Cavabdeh Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 12-ci kvartalının 2,4,5-ci bölmələrinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 1,0 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X6nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Quba Regional X6 iddia tələbini onunla əsaslandırmışdır ki, Quba Regional X3 əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Vəl-Vələ meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Quba rayon Küçeyi kənd sakini Cavabdeh Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 12-ci kvartalının 2,4,5-ci bölmələrinin ərazisində 1,0 ha torpaq sahəsini qeyriqanuni çəpərə almış, şumlama işləri apararaq taxıl əkmişdir. X8 400,00 manat məbləğində ziyan vurmuşdur. Həmin fakt əsasında Quba RMTM-nin meşə mühafizə mühəndisi Pərviz Əmirəliyev, VəlVələ meşəbəyliyinin meşəbəyisi Hüseyn Abdulhüseynov, Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının meşə gözəyçisi Elxan Yasinov, Küçeyi kənd sakini Cavabdeh iştirakları ilə xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və həcm qiymət hesablama cədvəli akta əlavə edilmişdir. Məhkəmə iclasında iddiaçı Quba Regional X3 nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba RMTM-nin Vəl-vələ meşəbəyliyinin 9 saylı dolayının 12 saylı kvartalının 2,4,5-ci bölmələrində zəbt olunan 4.80 ha ərazinin planşetdən çıxarışı və GPS koordinatlarından görünür ki, Cavabdeh tərəfindən istifadə olunan 1 ha torpaq sahəsi Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 12-ci kvartalının 2,4,5-ci bölmələrinin ərazisində yerləşir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X3 28 mart 2022-ci il tarixli, 002151 nömrəli aktından görünür ki, Vəl-vələ meşəbəyliyinin 9 saylı dolayının 12-ci kvartalı ərazisində yerləşən meşə fonduna aid 1 ha torpaq sahəsinin Quba rayonu, Küçey kənd sakini Cavabdeh tərəfindən zəbt edilərək, şumlandığı və taxıl əkildiyi aşkar edilmişdir. Beləliklə məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı Quba rayon Küçeyi kənd sakini Cavabdeh tərəfindən Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 12-ci kvartalının 2,4,5-ci bölmələrinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 1 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X6nə təhvil verilməsini tələb edir. Mübahisə predmetini təşkildən edən və Cavabdeh tərəfindən istifadə olunan 1 ha torpaq sahəsinin Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 12-ci kvartalının 2,4,5-ci bölmələrinin ərazisində yerləşdiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh ona qarşı irəli sürülmüş iddianı təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (maddə 5.1). Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (maddə 5.2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.(maddə 5.3). Həmin Məcəllənin 46.1-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (maddə 111.1). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 111.2). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.3).. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək təbiətdən istifadəçilərin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 1.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırılmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Quba rayon Küçeyi kənd sakini Cavabdeh tərəfindən Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 12-ci kvartalının 2,4,5-ci bölmələrinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 1 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulmalı, ərazi boşaldılmalı, əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X6nə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4 və 9.1.14-cü maddlərinə əsasən Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba rayon Küçeyi kənd sakini Cavabdeh tərəfindən Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 12-ci kvartalının 2,4,5-ci bölmələrinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 1 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulsun, ərazi boşaldılsın və əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X6nə təhvil verilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-993/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-993/2023
03.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver