Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-189/2023 26.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf 2 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2nun 13.10. 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, X2 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində yaşadığı evdə vəfat etmiş və həmin gün Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə almaq üçün 2 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda bir neçə sosial məsələlərini həll etmək üçün ölüm haqqında şəhadətnaməsi lazım olur. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. 2 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur. X2, anası X1r. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan 2 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/xxxx/2023 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olunmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi TTYS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2019 saylı arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14.52-da ünvan 2 ünvanında yaşayan 1949-cu il təvəllüdlü X5 48 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1949-cu il təvəllüdlü X4 meyidinin aşkar edilmişdir. Yaxınların deməsinə görə mərhum uzun müddət “Ürəyin işemik xəstəliyi” diaqnozu ilə əziyyət çəkmiş, müalicələr almışdır. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Ölüm haqda Sumqayıt şəhər 3 nömrəli poliklinikaya məlumat verildi. Arayış Sumqayıt şəhər 3 nömrəli poliklinikasına təqdim etmək üçün verilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin . X4 13.10. 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-189/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-189/2023
26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver