Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-239/2022 31.05.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 3700 (üç min yeddi yüz) manat dəyərində olan 1 ədəd ağ qızıldan brilliant komplektin (sırğa, boyunbağı, bilərzik və üzük) cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı göstərdi ki, Cavabdeh1 onun dayısıoğlu, Cavabdeh2 isə dayısının yoldaşıdır. O, 2020–ci ildə ailə qurmuşdur. Ailə qurarkən həyat yoldaşı tərəfindən qızıl-zinət əşyaları ona hədiyyə edilmişdir. Cavabdehlərin maddi durumları aşağı olduğundan və qohumluq əlaqələri yaxşı olması səbəbindən dayısının yoldaşı Cavabdeh2 06.04.2021-ci il tarixdə oğlu Fəridə toy edəcəklərini bildirib, ona məxsus qızıl-zinət əşyalarını bir neçə günlük ondan istədi. Dayısının yoldaşı Fəridin ailə quracağını və onun nişanlısının ailəsi ilə olan razılığına əsasən nişanlısına qızıl-zinət əşyaları hədiyyə edə bilmədiklərindən yalnız toy günü nişanlısının qızılla bəzədilməsi üçün lazım olduğunu bildirmişdir.Bu səbəbdən toydan sonra qaytarmaq şərti ilə ondan qızıl- zinət əşyalarını almışdı. 06.04.2021-ci il tarixdə Fəridlə nişanlısının toyu olmuş və ona məxsus qızıllar Fəridin nişanlısının üzərində olmuşdur. Toy bitdikdən bir neçə gün sonra o, toya gedəcəyinə görə dayısının yoldaşı Cavabdeh2 zəng vuraraq qızıllarının qaytarılmasını xahiş etdi. Dayısının yoldaşı isə ona üzüyünün birini qaytararaq digər qızıllarını isə ailələr arasında adət-ənənəyə uyğun olan üzəçıxdı qonaqlığından sonra qaytaracağını demişdi, lakin hal-hazıra qədər qaytarmamışdır. Dəfələrlə dayısının yoldaşı Cavabdeh2 müraciət edərək qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırırdı.O isə məcbur qalaraq Cavabdeh2 qızıllarının alınması üçün 102 qaynar xəttinə dayısının oğlu və dayısının yoldaşından şikayət etmişdir. Bu səbəbə görə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cü PB-də araşdırma aparılmış və ona izah olunmuşdur ki, mülki xarakterli olduğundan o, məhkəməyə müraciət etməlidir. Məhkəmədən bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, iddianı qəbul edir və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və Bakı şəhəri Yasamal rayon polis idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 24.03.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, müraciətində göstərdiyi xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus 3700 (üç min yeddi yüz) manat dəyərində olan 1 ədəd ağ qızıldan brilliant komplekt (sırğa, boyunbağı, bilərzik və üzük) Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-239/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-239/2022
31.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver