Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-261/2022 13.05.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Maraqlı şəxs X4 iştirakları ilə Ərizəçi maraqlı şəxs X5 qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, X8 ilə onun arasında 12 sentyabr 2021-ci ildə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, X8 ilə 22 dekabr 2018ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan 05 oktyabr 2019-cu il təvəllüdlü X11 anadan olub.12 sentyabr 2021-ci ildə onunla X8 arasında barışıq sazişi bağlanılıb. Barışıq sazişinin şərtlərinə görə aşağıdakılar barədə razılaşıblar:1)birgə nikahdan doğulan X1 Çinarə Sahib qızının himayəsindədir və X8 onunla görüşə etiraz etmir; 2)X11 hər həftə sonu şənbə və ya bazar günləri onun tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsindən Ç. Əsədovadan təhvil alır və yol vaxtları xaric olmaqla tam 5 (beş) saat müddətində onunla və ailəsiylə birlikdə vaxt keçirir;3) uşağın doğum günü, yəni hər il 05 oktyabr tarixində saat 15:00-dək uşaq onunla qalır və həmin gün saat 15:00-da S. Əsədovaya təhvil verilir. Qubadlı Rayon Məhkəməsinin qətnaməsi əsasında onlar arasında bağlanmış nikah pozulub, 05.10.2019-cu il təvəllüdlü X1 Çinarə Sahib qızının yanında qalması müəyyən edilib. Barışıq sazişinin bağlanmasından 6 ay keçməsinə baxmayaraq, indiyə qədər Ç. Əsədova barışıq sazişinin şərtlərini, yəni onun övladı ilə ünsiyyətdə olmağına mane olur və sazişin icrasından yayınır. Dəfələrlə ona bu barədə bildirsə də, Ç. Əsədova sazişi icra etməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mediasiya haqqında qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmədə maraqlı şəxs X8 ərizəni qəbul etməyərək bildirdi ki, Ərizəçi onunla aralarında bağlanmış 12 sentyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edib.Bildirir ki, Qubadlı Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli qətnaməsi əsasında aralarında bağlanmış nikah pozulub və birgə nikahdan doğulmuş 05.10.2019-cu il təvəllüdlü oğlu X6 onun yanında qalması müəyyən edilib.12 sentyabr 2021-ci il tarixdə o, Ərizəçi ilə barışıq sazişi bağlamışdır. Bu sazişin şərtlərinə əsasən ataya oğlu ilə ünsiyyət hüququ verilirdi, ata isə hər ay 175 manat alimenti ödəməyi öhdəsinə götürürdü. O, barışıq sazişi bağlanılan zaman da qeyd etmişdir ki, onun uşağı xəstədir, anadan ayrı qala bilmir. Ata ilə ünsiyyət zamanı ata yalnız ananın yanında uşaq ilə görüşə bilər. Bildirir ki, 2021-ci ilin may ayında ailə daxili münaqişələr nəticəsində sadəcə uşağın geyimlərinin bir hissəsini götürüb ata evinə gəlmişdir. Bu müddətdə ata bir dəfə də olsun uşaqla maraqlanmayıb. Həmin ilin iyun ayında övladı Rüstəm Əsədov ani qızdırma səbəbindən febril qıcolmadan şok keçirdib. Sabunçu rayon Təcili tibbi yardım şöbəsinə ağır formada çatdırmışdır, epilepsiya əleyhinə iynə vurulub. Febril qıcolmanın səbəbindən uşaqda müəyyən inkişaf geriləməsi yarandığına görə həkim məsləhəti ilə X12 Sağlamlıq və İnkişaf mərkəzinə 2 ay tək aparmışdır.Övladı ikinci dəfə heç bir xəstəliyi olmadığı halda anidən 38 dərəcə temperaturda febril qıcolma keçirdi. Uşağa ciddi müalicələr və sistemlər yazılmışdı, damarları çox çətin tapıldığı üçün Bakıxanov 5 nömrəli uşaq poliklinikasında 1 gecə qalmışdılar.Tibb işçiləri əsas damarların heç birinə düşə bilmədi. Medi Style özəl klinikasına aparmışdılar, orda da mümkün olmadı. X14 uşaq cərrahı Aqil Əbilovun köməyi nəticəsində damara düşmək mümkün oldu və uşağın müalicələrinə başladılar. Və həkim də qeyd etdi ki, bu febril qıcolmalar uşaqlarda epilepsiya yarada bilər deyə uşaq 6 yaşına qədər ciddi nəzarətdə qalmalıdır. Neçə gün xəstəxanaları gəzmələrinə baxmayaraq, bunların hamısında uşağın valideyni olaraq tək iştirak etmişdir. Ata uşaq ilə heç vaxt maraqlanmayıb, necə olduğunu soruşmayıb. Nə mənəvi, nə də maddi olaraq atanın heç bir dəstəyi olmayıb. O anlarda nə özü ata olaraq ,nə də qarşı tərəfin ailəsindən heç kəs yanlarında belə olmayıb. Xəstəxanadan çıxandan 1 həftə sonra qınaqlar nəticəsində bir dəfə gəlib. O, mediasiyada dəfələrlə uşağın Febril qıcolması olduğunu mediatora demişdir və yalnız ananın yanında uşaq ilə ata görüşə biləcəyini qeyd etmişdir. Belə razılaşmanın olmasına baxmayaraq mediator arayışı təqdim edən zaman razılaşdıqları şəkildə qeyd olunmadığını görmüşdür. Barışıq sazişinin şərtlərinə görə ata şənbə günləri gəlməli idi. Amma sentyabrda saziş bağlansa da, uşağı görməyə belə gəlməyib və uşağın ad günündə - 5 oktyabrda onlara çatmağına 10 dəqiqə qalmış, öncədən xəbər vermədən qeyri-etik formada uşağı qapıya çıxartmasını whatsApp vasitəsiylə yazıb. Atanın məqsədi həmişə uşağı görmək, ona qayğı göstərmək, ehtiyacları ilə maraqlanmaq yox, sadəcə həmin günü onu və uşağı narahat etmək olub. Ata əvvəlcədən maraqlanmadığı üçün uşağın ad gününün bağçada uşaqlar ilə keçiriləcəyini bilməyib. Amma həmin gün yenə də övladının xətrinə bağçaya gedib müəlliməsindən icazə alıb atası ilə göndərmişdir.Uşağı atasından təhvil alanda gördüyü vəziyyət isə çox dəhşətli idi. Ata uşağa baxmamışdı, uşaq baxımsız idi. Uşağın qızdırması qalxmışdı.Bununla bağlı ata ilə əlaqə saxlamaq istəyəndə, ata etinasızlıq edib cavab verməyib. Atanın məqsədi heç vaxt uşağı görmək olmayıb, hər zaman onları narahat etmək, psixoloji təsir etmək istəyib. Ata Ərizəçi həmçinin onu polis çağıracağı ilə bağlı da hədələyib. Bildirir ki, özü müəllim kimi fəaliyyət göstərir və uşağının bütün xərcləri ilə bu günə kimi özü maraqlanmışdır. Evdə dərs keçə bilmək üçün hər bir şəraitinin olmağına baxmayaraq uşağı qoyduğu bağçanın düz yanında dərs keçmək üçün əlavə xərc (170 azn) edib icarəyə məkan götürüb iş fəaliyyətini yerinə yetirir. Atasıgilin evi ilə bağça arasında 250-300 metr mesafə olsa da, övladı ilə bağlı çox narahat olduğu üçün düz bağçanın yanında dərs keçir. Bağça müəllimləri ilə körpələrlə məşğul olduqları və telefon vasitəsi ilə əlaqə saxlamaq çətin olduğu üçün özü tez-tez keçib maraqlanır. Ərizəçi ata olaraq indiyə qədər uşağıyla maraqlanmayıb, gəlib görməyib, heç bir əyləncə mərkəzinə, parka uşağını aparmayıb, nə mənəvi, nə maddi dəstək olmayıb. O, uşağın atası ilə görüşünə heç vaxt mane olmayıb, sadəcə həkim məsləhəti ilə uşaq xəstədir deyə öz iştirakı ilə görüşməsini tələb edib. Qeyd edir ki, ona görə uşağının sağlamlığı hər şeydən vacibdir, lakin iddiaçı uşaq ilə maraqlanmır, uşaq onun yanında olduğu zaman isə uşağın qızdırması qalxır, baxımsız qalır. Bunu da qeyd etmək istəyir ki, barışıq sazişində alimentin ödənilməsi nəzərdə tutulsa da, ata bu günə kimi heç bir məbləğ ödəməyib, sazişə əməl etməyib. Konstitusiyanın 24-cü maddəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Uşaq hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Konvensiyanın 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, o şərtlə ki, bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar mövcud olmasın. Konvensiyanın 19-cuı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər hansı digər şəxs tərəfindən fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual suiistifadənin hər cür formalarından müdafiə etmək məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görürlər. Konvensiyanın 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Konvensiyanın 60-cı maddəsində göstərilir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumun 28.10.2011-ci il tarixli qərarına əsasən məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Qeyd etdiklərinə əsasən hesab edir ki, iddiaçının tələbi rədd edilməlidir, çünki ata uşaq xəstə olduğu dövrlərdə heç bir zaman ona maddi və mənəvi kömək etməyib, yanında olmayıb. Barışıq sazişində uşağa aliment ödənilməsi nəzərdə tutulsa da, aylardır uşağın alimentini ödəməyib.Bunlara baxmayaraq o, şənbə günləri Bakı şəhəri ərazisində park və yaxud əyləncə mərkəzlərində özünün iştirakı ilə övladının yaşı və xəstəliyini (epilepsiya) nəzərə alaraq 4 saat müddətində ata ilə görüşməyinə razıdır. Göstərilənlərə əsasən məhkəmədən Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinin bütövlükdə rədd edilməsini xahiş etdi. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-741/2021 saylı 29.12.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Ərizəçi və Maraqlı şəxs arasında 22.12.2018-ci il tarixdə Sumqayıt “ASAN xidməti mərkəzi” qeydiyyat şöbəsində bağlanılmış nikah pozulması ,05.10.2019-cu il tarixdə doğulmuş X1 Çinarə Sahib qızının yanında qalması və qalan hissədə iddianın baxılmamış saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X15 6 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 3 saylı 23.04.2022-ci il tarixli arayışından görünür ki, 05.10.2019-cu il təvəllüdlü X11 21.11.2019-cu il tarixdən 6№-li ASM-də qeydiyyata götürülüb.Müvafiq müayinələr olub.Nevropatoloq, həkim-oftalmoloq, uşaq cərrahı, həkim-otorinolarinqoloq həkim mütəxəssislərin baxışı keçirilib.Diaqnoz: praktiki sağlam. 15.03.2021-ci il tarixdən uşaq qəbula (köçməsi ilə bağlı) gətirilməyib. 12.09.2021-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi (bundan sonra “Birinci tərəf’) və X8 (bundan sonra “İkinci tərəf’) (bundan sonra “Birinci tərəf’ və “İkinci tərəf’ birlikdə ismin müvafiq hallarında “Tərəflər” adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M- 00059 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 (bundan sonra “Mediator”) iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra “Saziş”) imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Tərəflər birgə nigahlarından doğulmuş 05.10.2019-cu il təvəllüdlü X6 birinci tərəf Ərizəçi ilə ünsiyyət hüququnun müəyyən olunması. Maddə 2. Barışığın şərtləri Tərəflər razılaşır ki, onların birgə nigahlarından doğulmuş X1 Çinarə Sahib qızının himayəsindədir və X2 Elvin Tahir oğlu ilə görüşə etiraz etmir.X11 hər həftə sonu şənbə və ya bazar günləri birinci tərəf Ərizəçi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Zabrat -1 qəsəbəsindən ikinci tərəfdən təhvil alınır və yol vaxtları xaric olmaqla tam 5(beş) saat müddətində Ərizəçi və ailəsi ilə birlikdə vaxt keçirir.Uşağın doğum günü yəni hər il 05 oktyabr tarixində saat 15:00-dək uşaq birinci tərəfdə qalır və həmin gün saat 15:00-da ikinci tərəfə təhvil verilir.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər.Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: - bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; - bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; - mediasiya və ya hazırki Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyatı qurumlara; - qarşı tərəfin yazılı icazəsi ilə; - yaxın qohumlara; - sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin carşıhqh razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək.Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. İş materiallarından görünür ki, tərəflər 12.09.2021-ci il tarixdə barışıq sazişini bağlamışlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən,məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 ilə Ərizəçi arasında 12 sentyabr 2021-cı ildə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-261/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-261/2022
13.05.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver