Məhkəmə qərarları › İş №2(028)-719/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-719/2025

08.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-719/2025 08.12.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01209 saylı Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin faktiki nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Mediasiya prosesində aralarında xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01209 saylı barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs Sazışin şərtlərinə əməl etmir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmiş olsa da, ərizəçiyə məhkəməyə müraciət edilən vaxtadək bütün aliment ödənişlərini etmiş olduğunu və aliment borcunun qalmadığını bildirmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, MŞS/MT030/2025-01209 saylı xx.xx.2025-ci il tarixli Barışıq sazişinə əsasən Ərizəçi və Maraqlı şəxs qeyri-rəsmi nikahdan olan övladları xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğinin alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhtəlik götürür. Ərizəçi övladı xx.xx.2021-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi hər həftənin 6-cı və bazar günləri saat 12:00- dan saat 16:00-a qədər görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhtəlik götürür. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: - 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. - 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. - 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. - 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2025-01209 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişinin bəndlərinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2025-01209 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Ərizəçi və Maraqlı şəxs qeyri-rəsmi nikahdan olan övladları xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar.

2. Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğinin alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhtəlik götürür.

3. Ərizəçi övladı xx.xx.2021-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 16:00-a qədər görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhtəlik götürür. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər.

HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar