Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-86/2025 03.03.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü ildə Qubadlı rayonu, Tinli kəndində anadan olan qızı X1 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində ürək tutmasından ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.1983-cü ildə Qubadlı rayonu, Tinli kəndində anadan olan qızı X1 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində qəflətən ev şəraitində ürək tutmasından vəfat etmişdir. Ölüm zamanı mövcud qanunları bilmədiklərinə, çaşqınlıqda olduqlarına və s səbəblərdən yerli səhiyyə orqanlarına xəbər vermədən Sumqayıt şəhər qəbristanlığında dəfn ediblər. Qızının ölüm şəhadətnaməsinin alınmasına görə Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamə almaq mümkün olmamışdır. Şöbədən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, ərizəçi anasıdır. Bacısı Xəyalə ondan yaşca balaca idi. O, doğum günündən iki gün sonra gözlənilməz olaraq ev şəraitində ürək tutmasından ölmüşdür. 24 noyabr 2024-cü il tarixdə rəhmətə getmişdir. Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X3 bildirdi ki, ərizəçi qayınanasıdır. X4 həyat yoldaşı olub. Rəhmətlik qəflətən ev şəraitində tromblaşmadan dünyasını dəyişmişdir. O, 24 noyabr 2024-cü ildə ölmüş, 25 noyabr isə Sumqayıt şəhər qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə ölməsi faktı əsasında Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də toplanmış NK-1/2485 nömrəli material üzrə cinayət hadisəsi olmaması əsasına görə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-B-15-401/24 saylı məktubda Ərizəçi övladı X1 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1983-cü ildə Qubadlı rayonu, Tinli kəndində anadan olan X1 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-86/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-86/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver