Məhkəmə qərarları › İş №2(029)-121/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-121/2022

10.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-121/2022 10.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh Rəcəb qızının iştirakları ilə İddiaçı Cavabdeh Rəcəb qızına qarşı əmlakların qaytarılmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Əliyeva X1 Şərqiyyə Rəcəb qızına qarşı əmlakların qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəcəb qızından 50 manat dəyərində 1 ədəd yorğan, 150 manat dəyərində 1 ədəd DVD player, 200 manat dəyərində 1 ədəd qızıl nişan üzüyü, 23 manat dəyərində 1 ədəd şalvar, 27 manat dəyərində bir ədəd şalvar, 17 manat dəyərində 1 ədəd köynək, 13 manat dəyərində 1 ədəd köynək, 200 manat dəyərində 8 ədəd dəsmallar, 30 manat dəyərində 1 ədəd gecə paltarı, 100 manat dəyərində 2 ədəd taxt dəsti, 15 manat dəyərində 1 ədəd tefal tava, 25 manat dəyərində 1 ədəd tefal çaydan, 70 manat dəyərində xərda məişət əşyaları, cəmi 920 manat dəyərində 13 adda ona məxsus əmlakın (əşyaların) və ya onların dəyərinin, həmçinin 30 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin aprel ayında Qusar şəhərində kirayə ev axtararkən cavabdehin özünə məxsus evi kirayəyə verdiyini öyrənmişdir. Cavabdehlə görüşmüş və kirayə barədə razılığa gəlmişlər, 25 aprel 2018-ci il tarixdə öz şəxsi əşyaları ilə həmin evə köçmüşdür. Qardaşı Rusiya Federasiyasına getdiyi üçün ona özünə məxsus mənzildə yaşamağı təklif etmiş və bu səbəbdən o, 2018-ci ilin aprel ayının 29-da kirayədə qaldığı evdən çıxaraq qardaşına məxsus mənzilə köçmüşdür. Sonradan o, cavabdehin evində qalmış, özünə məxsus əşyaları götürmək istəyərkən ev sahibi cavabdeh evin açarını ona verməkdən imtina edərək, onun borclu qaldığını bildirməklə evdə olan ona məxsus əşyaları götürməyinə imkan verməmişdir. Onun cavabdehə heç bir kirayə borcu qalmamışdır. O, heç bir ay kirayədə cavabdehin evində yaşamamışdır. Hazırda cavabdehin evində ona məxsus 50 manat dəyərində 1 ədəd yorğan, 150 manat dəyərində 1 ədəd DVD player, 200 manat dəyərində 1 ədəd qızıl nişan üzüyü, 23 manat dəyərində 1 ədəd şalvar, 27 manat dəyərində bir ədəd şalvar, 17 manat dəyərində 1 ədəd köynək, 13 manat dəyərində 1 ədəd köynək, 200 manat dəyərində 8 ədəd dəsmallar, 30 manat dəyərində 1 ədəd gecə paltarı, 100 manat dəyərində 2 ədəd taxt dəsti, 15 manat dəyərində 1 ədəd tefal tava, 25 manat dəyərində 1 ədəd tefal çaydan, 70 manat dəyərində xərda məişət əşyaları, cəmi 920 manat dəyərində əşyalar qalmışdır. Həmin əşyaları cavabdeh könüllü qaytarmaqdan imtina edir. Cavabdehdə qalan ona məxsus əşyalarını məhkəmə qaydasında alınıb ona qaytarılmasını zəruri sayır. Cavabdehin evində qısa müddətdə yaşamağı 15 fevral 2019cu il tarixdə tərtib edilmiş aktla təsdiqlənir, aktı imza edən şəxslərin məhkəməyə gəlməsinə təminat verir. Cavabdehdə qalmış əşyaların dəyəri 15 may 2021-ci il tarixli mütəxəssis rəyi ilə təsdiqlənir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, o, 2018-ci ilin aprel ayında Cavabdeh Rəcəb qızı ilə razılığa gələrək qısa müddət ərzində sonuncuya məxsus evdə kirayədə qalmışdır. Kirayə haqqını aya 200 manata razılaşmışlar. Onun qardaşı Rusiya Federasiyasında olmuş, oradan qayıdandan sonra onu kirayədə qaldığı evdən çıxartmış, anasının evinə aparmışdır. O, təxminən 1 həftə cavabdehin evində kirayədə qalmışdır. Cavabdehin evinə köçdüyü tarix dəqiq yadında qalmamış, təxminən 2018-ci ilin aprel ayının 17-si və ya 18-i olardı. O, həmin evə köçəndə özü ilə, özünə məxsus nişan üzüyü, DVD player, geyim paltarları, qab-qacaq, tava-qazan, stəkanlar, yorğan, 2 taxt dəsti (prostina, pododeyalnik və balınc) aparmışdır. Ona məxsus üzük çantada olmuş, apardığı əşyalar isə cavabdehin evində qalmışdır. Onun cavabdehə borcu olduğundan, cavabdeh ona məxsus əşyaları qaytarmamış, ona bildirmişdir ki, kirayə haqqı olaraq 200 manat verdikdən sonra həmin əşyaları ona qaytaracaqdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Rəcəb qızı iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, İddiaçı əvvəllər tanımamış, tanışı Cabbar ona zəng edərək iddiaçının qohumu olduğunu, iddiaçını kirayəçi kimi evə buraxmağını xahiş etmişdir. Bundan sonra iddiaçı onun yanına gəlmiş, evə köçəcəyini bildirmiş və 1 aydan sonra həmin evə köçmüşdür. Həmin vaxt iddiaçı özü ilə köhnə maqintofon, 2 kaset və özünə məxsus geyim əşyaları gətirmişdir. Kirayə verdiyi ev tam təmirli olmuş, bütün avadanlıqlar saz vəziyyətdə olmuş, hətta evdə paltar yuyan maşın da olmuşdur. İddiaçı öz dayısı qızı ilə həmin evdə 2 ay qalmış, qonşular ona şikayət edərək iddiaçının evə şübhəli şəxslər gətirdiyini bildirmiş, ancaq özü bunu görməmişdir. Bu səbəbdən də o, iddiaçını həmin evdən çıxartmışdır. İddiaçının kirayə haqqı olaraq ona 400 manat məbləğində borcu olmuşdur. İddiaçı evdən çıxarkən kirayə haqqını verməyə imkanı olmadığını, işləyib və anasının pensiyasını alıb verəcəyini bildirmişdir. O, iddiaçıya özü ilə gətirdiyi əmlakları aparmasını bildirmiş, iddiaçı həmin əmlaklardan bəzilərini aparmış, lazımsız, istifadəyə yararsız, köhnə çirkli əşyaları isə qalmışdır. O, həmin paltarlardan pis qoxu gəldiyindən və iyrəndiyindən 1 nəfər şəxsdən xahiş edərək həmin əşyaları 1 ədəd qutunun içinə yığdırmışdır. Həmin qutu evdə qarajdadır. İddiaçı istədiyi vaxt həmin qutunu gəlib apara bilər. Lakin, iddiaçının iddia ərizəsində sadaladığı əşyalardan heç biri onun evində yoxdur. Onun özünün kifayət qədər maddi imkanı var, kiminsə istifadə olunmuş köhnə əşyaları ona lazım deyil, özü maddi imkanı aşağı olan şəxslərə mütəmadi olaraq müxtəlif formalarda köməklik göstərir, geyim və s. əşyalar verir, əgər iddiaçının ehtiyacı varsa ona da köməklik göstərə bilər. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi isə ona olan 400 manat kirayə haqqı borcunu ödəməməkdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan 25 may 2021-ci il tarixli Qusar rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş rəydən görünür ki, Qusar şəhəri Zərifə Əliyeva küçəsi ev 94 mənzil 7də yaşayan İddiaçı məxsus əmlakın hal-hazırkı bazar qiyməti aşağıdakı kimi qiymətləndirilmişdir: 1. Qızıl nişan üzüyü-200 manat; 2. Yorğan 1 ədəd-50 manat; 3. DVD player-150 manat; 4. Şalvar 2 ədəd-50 manat; 5. Köynək 2 ədəd-44 manat; 6. Dəsmal 8 ədəd-200 manat; 7. Gecə paltarı 1 ədəd-30 manat; 8. Taxt dəsti 2 ədəd-100 manat; 9. Tefal tava 1 ədəd-15 manat; 10. Tefal çaydan 1 ədəd-25 manat; 11. Xırda məişət əşyaları- 70 manat, cəmi 920 (doqquz iyirmi) manat. İşdə olan Bənövşə Ömərova, Şəfiqə Məmmədova və Emma Qasımova tərəfindən tərtib olunmuş 15 fevral 2019-cu il tarixli aktdan görünür ki, həqiqətən 25 aprel 2018-ci il tarixdən 29 aprel 2018-ci il tarixə kimi Qusar şəhəri Z.Əliyev küçəsindəki 129 saylı evdə kirayədə qalmışdır. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair müvafiq sübutlar təqdim etməsi təklif olunsa da, hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Ellada Cəfərova şifahi razılaşma əsasında bir müddət Cavabdeh Rəcəb qızına məxsus ünvan 1 ünvanda yerləşən evdə kirayədə yaşamış, lakin sonradan həmin evdən çıxmışdır. İddiaçı həmin evdən çıxarkən özünə məxsus qızıl nişan üzüyünün, 1 ədəd yorğanın, DVD playerin, 2 ədəd şalvarın, 2 ədəd köynəklərin, 8 ədəd dəsmalların, 1 ədəd gecə paltarının, 2 ədəd taxt dəstinin, 1 ədəd tefal tavanın, 1 ədəd tefal çaydanın, xırda məişət əşyalarının cavabdehə məxsus evdə qaldığını və hazırda orada olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, onun şifahi diktəsi ilə tərtib olunmuş rəy və akt isə iddiaçıya məxsus yuxarıda sadalanan əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq etmədiyindən, eləcə də, rəy qanunun tələblərinə uyğun tərtib edilmədiyindən və əsaslandırılmadığından, səlahiyyəti olan qurum tərəfindən (müvafiq ekspertiza qurumu tərəfindən) verilmədiyindən məhkəmə həmin rəyi və aktı işin hallarını müəyyən edən mötəbər sübutlar kimi qəbul etmir. Həmçinin, təqdim olunmuş yuxarıda göstərilən 15.02.2019-cu il tarixli aktda hansı şəxsin mübahisəli ünvanda kirayədə yaşaması qeyd edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının iddia ərizəsində sadaladığı məlum əşyaların qanunsuz olaraq cavabdehdə saxlanılması, hazırda onun qanunsuz sahibliyində olması öz təsdiqini tapmadığından, bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və həmin hal sübuta yetirilmədiyindən məhkəmə iddiaçının bu barədə dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh Rəcəb qızına qarşı əmlakların qaytarılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar