Məhkəmə qərarları › İş №2(029)-123/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-123/2023

30.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-123/2023 30.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması və çəpərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması və çəpərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qusar rayonu Hil kəndində yerləşən, 31,08.2022-ci il tarixli **********86 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan 0.6754 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.12 hektar hissəsindən çıxarılması, həmin torpaq sahəsinin həmin şəxsdən alınaraq onun qanuni sahibliyimə və istifadəsinə verilməsinə, həmin torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş çəpərin həmin şəxsin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Hil kəndində yerləşən 0.6754 hektar kənd təsərrüffatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla xx.xx.2022-ci il tarixli **********86 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Çıxarışda qeyd olunmuş digər şəxslər X5 və X6 ölmüşdür. Həmin torpaq sahəsinin 0.12 hektar hissəsini xeyli müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmaqla çəpərlənmişdir. Onun tərəfindən dəfələrlə həmin şəxsdən torpaq sahəsinin buraxılması və aidiyyəti üzrə ona geri qaytaması tələb olunsa da, həmin şəxs bundan imtina etmiş, torpaq sahəsini bələdiyyədən ona pul müqabilində qaytarıldığını bildirmişdir. Lakin, həmin ərazidə bələdiyyə mülkiyyətində olan heç bir torpaq sahəsi yoxdur və həmin torpaq sahəsi ona məxsusdur. Bu səbəbdən də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq onun həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onun qanunsuz sahibliyindən alınıb geri qaytarılmalıdır. Həmçinin, cavabdeh tərəfindən qanunsuz çəkilmiş çəpər onun öz hesabına sökülməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, torpaq sahəsi yoldaşı Əlifxanın adında olub, yoldaşı öldükdən sonra onun adındadır. Torpaq sahəsinin onun olmasına dair rəsmi sənəd olan çıxarışı da var. Həmin torpaq sahəsi Afiq tərəfindən tutulub. 12 sotunu tutub. O, Afiqə dəfələrlə demişdir ki, “çıx bu torpaqdan”, cavabdehdə ona demişdir ki, “bu torpaq sənin deyil”. O, ekspert rəyi ilə razıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, uzun müddət savxozlarda traktorlarda işləmişdir. Ondan sonra ekskavatorlarda işləmişdir. Bələdiyyələr yaranandan o, bələdiyyələr üçün işləmiş və bələdiyyənin ona borcları müqabilində bu torpağı ona təklif etmişlər. Bələdiyyə ona təklif etdikdən sonra o, həmin sahəyə 1-2 dirək basdırmış və tikanla çəpər düzəltmişdir. Təxminən 2 ay sonra elektron qaydada torpağı qeydiyyata almışlar. Bir müddət sonra iddiaçının oğlu Həsrət gəlib demişdirki, “bizim yerimizdən də tutmusunuz”. Bu torpağı ona bəbələdiyyə göstərib, deyiblər boş torpaqdır. Həmin torpaq sahəsinin ona verilməsini təsdiq edən hər hansı sənəd verilməmişdir. Sonra Bələdiyyə demişdir ki, “sən öz sahəni çəpərlə”, o, bələdiyyənin icasəsindən sonra öz torpağını çəpərləmişdir. Bununla bağlı da ona hər hansı bir sənəd verilməmişdir. Daha sonra o, bələdiyyədən xahiş etmişdir ki, ona da sənəd verilsin. Ona bildirmişlər ki, “elektron xəritə gəlsinki, sizə sənəd verək”. Sənədlə bu torpaq bələdiyyəyə məxsus olmalıdır. Bu torpaq sahəsinin ona verilməsi ilə bağlı bələdiyyə tərəfindən hər hansı sənəd, hərracın nəticələri ilə bağlı qərar yoxdur. Həmin 12 sot torpaq hansı ki, Bələdiyyəyə məxsusdur, orada yonca əkmişdir. Oraya 2 tərəfdən tikanlı məftildən çəpər çəkmişdir. Çəpəri bağlamamışdan qabaq iddiaçı ona demişdir ki, “torpağın yarısı mənimdir çıx buradan”. İddiaçı torpaq sahəsinin ona məxsus olması ilə bağlı bələdiyyə nümayəndəsinə birdə Xaçmazdan gələn nümayəndələrə akt göstərmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünü ki, Qusar rayonu Hil kəndi ərazisində yerləşən 0.6754 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə payları ümumi birgə olmaqla İddiaçı, X1, X2 məxsusdur. İşdə olan Qusar rayonu Hil Bələdiyyəsindən verilmiş xx.xx.2022-ci il tarixli 157 saylı arayışdan görünür ki,İddiaçı həqiqətən hal-hazırda Qeydiyyat nömrəsi ********** olan dövlət Çıxarışına əsasən 0.6754 ha torpaq sahəsindəki 0.67 ha-dan yox, 0.45 ha pay torpaq sahəsindən istifadə edir. İşdə olan AZ-İİ 012485 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28 sentyabr 2019-cu il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 021220 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 dekabr 2005-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-7400/2023 saylı mütəxəssis rəyinən görünür ki, İddiaçı və cavabdeh X4 mülkiyyətində olan torpaq sahələrinin ölçü və koordinatları müəyyən edilmişdir, cavabdeh X8 tərəfindən İddiaçı məxsus torpaq sahəsinin turulması halı mövcuddur, beləki torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən İddiaçı qızma məxsus 0.6754 ha torpaq sahəsinin 0.1215 ha hissəsi hal-hazırda cavabdeh X8 tərəfindən metal tor hasarı ilə hasara alınaraq istifadə olunur və hazırda Cavabdeh tərəfindən həmin 0.1215 ha hissəsində hər hansı tikinti işləri aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 iyul 2023cü il tarixli 10/4934 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı və cavabdeh X4 mülkiyyətində olan torpaq sahələrinin ölçü və koordinatları müəyyən edilmişdir, cavabdeh X8 tərəfindən İddiaçı məxsus torpaq sahəsinin tutulması halı mövcuddur, beləki torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən İddiaçı məxsus 0.6754 ha torpaq sahəsinin 0.1215 ha hissəsi hal-hazırda cavabdeh X8 tərəfindən metal tor hasarı ilə hasara alınaraq istifadə olunur və hazırda Cavabdeh tərəfindən həmin 0.1215 ha hissəsində hər hansı tikinti işləri aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 iyul 2023cü il tarixli 10/4934 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-7400/2023 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 iyul 2023cü il tarixli 10/4934 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Hil kəndi ərazisində yerləşən 0.6754 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1215 ha hissəsini iddiaçının iradəsinə zidd olaraq istifadə edir, həmin torpaq sahəsi hal-hazırda metal tor hasarı ilə hasara alınmışdır. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Ona görə məhkəmə hesab edir ki, iddiaçının pozulmuş mülkiyyət hüququ müdafiə olunmaqla bərpa edilməli, cavabdeh qanunsuz istifadə etdiyi həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmalı, həmin metal tor hasar Cavabdeh öz hesabına sökülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam verək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2 və 3-cü bəndləri). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Qusar rayonunun Hil kəndində yerləşməklə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0.6754 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1215 hektar hissəsindən (mütəxəssis tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq) çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilməli, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş metal tor hasar həmin şəxsin öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 iyul 2023cü il tarixli 10/4934 saylı rəyi üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edən məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh Qusar rayonunun Hil kəndində yerləşməklə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0.6754 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1215 hektar hissəsindən (mütəxəssis tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq) çıxarılsın və həmin torpaq sahəsi İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilsin. Cavabdeh tərəfindən inşa olunmuş metal tor hasar Cavabdeh öz hesabına sökülsün. İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar