Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-379/2024 07.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış binasından çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış binasından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının (Kolxoz bazarı) ərazisində yerləşən tikilidən çıxarılması, həmin tikilinin Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri yaşayış binası (Kolxoz bazarı) xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi isə onun icarəsinə verilmişdir. Kolxoz bazarının ərazisində olan tikililərdən biri xeyli müddətdir ki, Cavabdeh qanunsuz sahibliyindədir. Dəfələrlə həmin şəxsdən həmin tikilini boşaldaraq ona təhvil verilməsini tələb etsə də, həmin şəxs bundan yayınmış, daha sonra ümumiyyətlə bundan imtina etmişdir. Həmin şəxs həmin tikilidə çörək bişirməklə məşğuldur. Lakin, həmin şəxsin həmin fəaliyyətlə məşğul olmaq üçün heç bir hüququ yoxdur, cavabdehlə onun arasında hər hansı müqavilə bağlanmamışdır. Eyni zamanda həmin şəxsin hər hansı fərdi sahibkar statusu da yoxdur. Odur ki, həmin şəxsin hazırda ona məxsus kolxoz bazarının ərazisində olan həmin tikilidən istifadə etməsi onun əmlak hüquqlarını pozur. Bu səbəbdən də, özünün mülkiyyət hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh ona məxsus qeyri-yaşayış binasının (Kolxoz bazarı) ərazisində olan tikilini xeyli müddətdir ki, onun iradəsinə zidd istifadə etməklə və ona sahiblik etməklə onun mülkiyyət hüququna müdaxilə edir, həmin hüququnu mütəmadi olaraq pozur. Cavabdeh həmin tikilidən məhkəmə qaydasında çıxarılmalı, həmin tikili boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddanı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, əvvəllər həmin obyekti iş üzrə şahid qismində cəlb edilmiş Ruslan adlı şəxsə kirayəyə vermişdir. Bir müddət sonra Ruslan adlı şəxs ona bildirmişdir ki, Nurlan adlı bir tanışı həmin xərək evini icarəyə götürmək və bir müddət işlətmək istəyir. O, əvvəllər cavabdehi tanımamışdır. O, sözü gedən xərək evini tam təmirli şəraitdə cavabdehə təhvil vermişdir. O, 30 ildir ki, həmin ticarət obyektlərinin vergilərini ödəyir. Onun cavabdehlə heç bir kirayə müqaviləsi olmamışdır. Həmin obyekti cavabdehə işlətməyə verən zaman aralarında hər hansı müqavilə olmamışdır. O, cavabdehdən həmin obyektin ona geri qaytarılmasını tələb etmiş, cavabdeh ona nalayiq söyüşlər söymüşdür. Həmin obyekt hal-hazırda bağlıdır. Cavabdeh həmin xərək evində heç bir təmir işi aparmamışdır, əgər aparmışdırsa da onun razılığı olmadan təmir etmişdir. Həmin obyekt tam istifadəyə yararlı şəkildə cavabdehə verilmişdir. Orada təmir işlərinin görülməsinə ehtiyac olmamışdır. Cavabdeh həmin obyekti qaydalara uyğun olmayan şəkildə işlətmiş, bir neçə dəfə Fövqəladə Hallar Nazirliyindən və Qida Təhlükəsizlik agentliyindən cavabdehə təhlükəsizlik şərtlərinə əməl etmədiyinə görə ona cərimə yazılmışdır. Bazar onun adına olduğuna görə cərimələrdə onun adına gəlmişdir. O, həmin cərimələrə görə həmin xərək evini bağlamaq qərarına gəlmişdir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, sözügedən obyekti özü təmir etmişdir. Həmin xərək evini əvvəllər Ruslan adlı şəxs istifadə etmişdir. Əvvəllər ora yararsız bir yer olub. Həmin vaxt obyektin tavanında olan lambir istilikdən qaralmışdır. O, obyekti tamamilə təzələmişdir. O, obyekt iddiaçının adındadır. O, həmin obyektdən çıxmağa razıdır. Lakin onun həmin obyektin təmirinə çəkdiyi xərclər ona ödənilməlidir. O,həmin obyektin təmirinə 6000 manat pul xərcləmişdir. O, həmin pulu iddiaçıdan tələb edir. Onu nə Fövqəladə Hallar Nazirliyindən, nə də ki, Qida Təhlükəsizlik agentliyi cərimələməmişdir. Cərimələr ümumilikdə ticarət obyektinə yazılmışdır. Sözü gedən obyekt Qusar rayon bazarında kolxoz bazar adlanan ərazidə yerləşir. Onun iddiaçı ilə aralarında həmin obyekti icarəyə verilməsinə dair icarə və ya başqa müqavilə olmamışdır. O, xərək evini işlətməyə başladıqda ora tam təmirsiz, yararsız vəziyətdə olmuşdur. O, həmin obyekti tam təmir etmişdir. Onun sübutları şahidlər və foto və video çəkilişlərdir. Onun tərəfindən həmin obyektə nə qədər pul xərclənməsi ilə bağlı heç bir sübutu yoxdur. Onun həmin obyekti təmir etdirilməsi ilə bağlı iddiaçı ilə hər hansı müqavilə bağlamamışdır. Həmin obyekti təhvil götürən zaman yararsız olmasını təsdiq edən iddiaçı ilə hər hansı müqaviləsi olmamışdır. Həmin obyekti təhvil götürən zaman oranın yararsız olmasını, təmirə ehtiyac olmasını təsdiq edən hər hansı dövlət orqanın arayışını almamışdır. Onun iddiaçı ilə aralarında xərək evinə aldığı avadanlıqların özü ilə aparılmasına dair aralarında razılıq olmamışdır. Həmin xərək evini ondan qabaq Ruslan adlı şəxs işlətmişdir. Ruslandan həmin obyekti təhvil almışdır. Ruslan orada çörək pişirib satırdı. Ruslandan həmin obyekti təhvil aldıqdan sonra o da, çörək pişirmə fəaliyyəti ilə məşğul olmuşdur. Xərək evinin təmiri ilə əlaqədar o, iddiaçıya bildirmiş və öz aralarında razılıq əldə olunmuşdur. İddiaçı ilə təmirlə əlaqədar aralarında hər hansı yazılı razılıq, sövdələşmə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, iddiaçıdan xərək evini hazır vəziyyətdə götürmüşdür. O, həmin obyektdə çörək satırdı, ondan sonra həmin obyekti cavabdeh icarəyə götürüb işlətmişdir. O, həmin obyektdən çıxan zaman xərək evinin heç bir təmirə ehtiyacı olmamışdır. O, həmin xərək evini işlətdiyi zaman heç bir dövlət orqanı onu cərimələməmişdir. O, həmin xərək evindən xəstəliyi ilə əlaqədar olaraq çıxmışdır. Həmin obyekti tam yararlı, təmirli şəkildə Nurlana təhvil vermişdir. Nurlana obyekti təhvil verən zaman oranın təmirə ehtiyacı olmamışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri N. Şərifov küçəsi ünvanı ərazisində yerləşən 0.0180 ha ticarət təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 172.6 kv.metr sahəsi olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə X4, X5, X10, X1, X3, X6 və İddiaçı mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən 0.0180 ha ticarət təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 172.6 kv.metr sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4, X5, X10, X1, X3, X6 və İddiaçı adına qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin ticari obyektlərdən biri olan xərək evini iddiaçının iradəsinə zidd olaraq istifadə edir Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Ona görə məhkəmə hesab edir ki, iddiaçının pozulmuş mülkiyyət hüququ müdafiə olunmaqla bərpa edilməli, cavabdeh qanunsuz istifadə etdiyi həmin tikilidən çıxarılmalı və həmin tikili iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmaldır. Həmçinin məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş CD-disk cavabdehin sübut kimi göstərdiyi dəlilləri əks etdirmir. Buna görədə məhkəmə həmin CD diski sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X8 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 148.1 və 148.2.-ci maddələrinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir;Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. İş materiallarından görünür ki, mübahisə olunan obyektin yerləşdiyi ərazi iddiaçıya məxsusdur. Həmin obyektin iddiaçıya məxsus olmasını cavabdeh də təsdiq etmişdir. Həm iddiaçı, həm də cavabdeh bildirdilər ki, həmin obyekt iddiaçı tərəfindən cavabdehə verilən zaman aralarında müqavilə olmamışdır. Cavabdeh özü məhkəmə iclasında izahatında bildirmişdir ki, onun tərəfindən həmin obyektə nə qədər pul xərclənməsi ilə bağlı heç bir sübutu yoxdur. Onun həmin obyekti təmir etdirilməsi ilə bağlı iddiaçı ilə hər hansı müqavilə bağlamamışdır. Həmin obyekti təhvil götürən zaman yararsız olmasını təsdiq edən iddiaçı ilə hər hansı müqaviləsi olmamışdır. Həmin obyekti təhvil götürən zaman oranın yararsız olmasını, təmirə ehtiyac olmasını təsdiq edən hər hansı dövlət orqanın arayışını almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh həmin obyekti təmir etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Əgər cavabdeh həmin obyektin onun tərəfindən təmir etdirilməsini təsdiq edən sübutları Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq versə idi, məhkəmə həmin sübutlara qiymət verəcəkdi, edilmiş təmirin xərcinin hesablanması ilə ekspertiza təyin edilib, müvafiq qiymətləndirmə olacaqdı, lakin cavabdeh tərəfindən hər hansı sübutlar təqdim edilməmişdir, yalnız o izahatında təmir etdirdiyini şahidlərin təsdiq edəcəyini bildirsə də, hansı şahidin dindirilməsi barədə Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq vəsatət verməmişdir. Təqdim edilmiş foto və videoçəkiliş isə mötəbərliyi müəyyən olunmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, iddiaçıdan xərək evini hazır vəziyyətdə götürmüşdür. O, həmin obyektdə çörək satırdı, ondan sonra həmin obyekti cavabdeh icarəyə götürüb işlətmişdir. O, həmin obyektdən çıxan zaman xərək evinin heç bir təmirə ehtiyacı olmamışdır. Həmin obyekti tam yararlı, təmirli şəkildə Nurlana təhvil vermişdir. Nurlana obyekti təhvil verən zaman oranın təmirə ehtiyacı olmamışdır. Şahidin izahatına nəzər saldıqda isə məlum olur ki, həmin obyekt cavabdeh tərəfindən götürülməmişdən qabaq da çörək pişirmə kimi işlədilmişdir. İş üzrə cavabdeh də həmin obyekti təhvil götürdükdən sonra çörək pişirmə kimi işlətmişdir. Cavabdeh həmin obyekti təmir etdirdiyini və təmir xərcini aldıqdan sonra oradan çıxmasına məhkəmə belə qiymət verir ki, ilk növbədə cavabdeh həmin obyekti təmir etdirməsinə dair sübut məhkəməyə təqdim etməmişdir, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş X9 həmin obyektin təmirə ehtiyacı olmadığını bildirmişdir. Belə olan halda məhkəmə öz daxili inamını, tərəflərin izahatlarını, məhkəmə araşdırılması zamanı tərəflərin təqdim etdikləri sübutlara əsaslanaraq cavabdehin izahatını məhkəmə inandırıcı hesab etmir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı məxsus olan, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının (Kolxoz bazarı) ərazisində yerləşən tikilidən çıxarılmalı, həmin tikilinin Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının (Kolxoz bazarı) ərazisində yerləşən tikilidən çıxarılsın, həmin tikilinin Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-379/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-379/2024
07.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver