Məhkəmə qərarları › İş №2(029)-410/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-410/2022

20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-410/2022 20.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Bədəlova (Rüstəmova) İncixanım Tahir qızının maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bədəlova (Rüstəmova) İncixanım Tahir qızı maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun X1 həqiqətən də 21 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bədəlova (Rüstəmova) İncixanım Tahir qızı ərizəni onunla əsaslandırmışdır ki, onun anası X6 21 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndində vəfat etmiş və Qusar rayonu Yasab kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt X1 ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, X1 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin anasının ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsində müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. X1 həqiqətən də 21 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndində vəfat etməsi və Qusar rayonu Yasab kənd qəbirstanlığında dəfn olunması ərizəyə əlavə etdiyi anasının qəbrinin fotoşəkili, Qusar rayon Mərkəzi Xəstəxanası publik hüququ şəxsin Hil həkim məntəqəsinin 25 oktyabr 2021-ci il tarixli, 28 nömrəli arayışı, Qusar rayon İHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyinin17 dekabr 2021-ci il tarixli, 328 saylı arayışı ilə təsdiq olunur. Bu faktı bir çox şahidlərdə təsdiq edə bilərlər. O, X1 həqiqətən də 21 oktyabr 2021-ci il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, həmin şöbə 16 dekabr 2021-ci il tarixli məktubla bu barədə qeyd aparmaqdan imtina etmiş, ölüm faktının müəyyən edilməsi ilə əlaqədar ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X1 həqiqətən də 21 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi Bədəlova (Rüstəmova) İncixanım Tahir qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin şəxsi işləri ilə əlaqədar 20 aprel 2022-ci il tarixə saat 14:10-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək bildirmişdir ki, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE 00773558 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 01.05.1940-cı ildə Qusar rayonu Yasab kəndində anadan olmuşdur. İşdə olan АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxx 1967-ci ildə Qusar rayonunda anadan olmuşdur. X5, anası X4r. İşdə olan İV-ЖГ № 293052 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 arasında 22 fevral 1986-cı il tarixdə Azərbaycan SSR, Qusar rayonu Yasab kənd sovetində 9 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərizəçiyə “Bədəlova” soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 320 saylı 15 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Qusar rayonu Yasab kənd sakini X6 vəfat etdiyi günə kimi Qusar rayonu Yasab kəndində yaşamışdır. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 328 saylı 17 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Qusar rayonu Yasab kənd sakini X6 21 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndində vəfat etmiş və Yasab kəndində dəfn edilmişdir. İşdə olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüququ şəxsin Hil həkim məntəqəsi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli arayışdan görünür ki, 01.05.1940-cı il təvəllüdlü X6 21 oktyabr 2021-ci il tarixdə ürək ritminin pozğunluğu, keçmişdə keçirmiş mikroinfarkt nəticəsində ölmüşdür. İşdə olan X2 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 01.05.1940-cı il tarixdə anadan olmuş, 21.10.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 928 saylı 16 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, 01.05.1940-cı ildə Qusar rayonu Yasab kəndində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 16.12.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.12.2021-ci il tarixli 05-Q-295/15 saylı məktubdan görünür ki, X2 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin anası X6 21 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi (Rüstəmova) mərhum X1 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 01.05.1940-cı il təvəllüdlü X2 21 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 01 may 1940-cı il təvəllüdlü X2 21 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar