Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-666/2023 14.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X6, üçüncü şəxslər X8 və X9 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X12 və X13 qarşı “miras əmlaka dair vərəsələrin vərəsəlik hüququnun tanınmaqla miras paylarının müəyyən olunması” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X12 və X13 qarşı “miras əmlaka dair vərəsələrin vərəsəlik hüququnun tanınmaqla miras paylarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,mərhum X7 miras kütləsinə daxil olan ünvan 1 ünvanında 0,0279 ha torpaq sahəsində yerləşən birmərtəbəli, 2 otaqlı, yaşayı sahəsi 35,7 kv.metr, yardımçı sahəsi 18.8 kv.metr olan fərdi yaşayış evinə dair onun və digər birinci dərəcəli vərəsələr olan X8 və X10 vərəsəli hüquqlarının tanınmaqla hər birinin miras paylarının 1/3 hissədə müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,atası İddiaçı xüsusi mülkiyyətində tam pay olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********963 - 10301 olan, qeydiyyat tarixi xx.xx.2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 saylı 0,0272 ha torpaq sahəsində yerləşən birmərtəbəli fərdi yaşayış evi olmuşdur. X3 17 oktyabr 2013-cü il tarixdə ölmüşdür. X7 ölümündən sonra birinci dərəcəli vərəsələr olaraq o- İddiaçı, qardaşı X17 və bacısı X18 qalmışlar. Belə ki, X15 ilə anası X4 arasındakı nikah xx.xx.1982-ci il il tarixdə pozulmuşdur. Aralarındakı nikah pozulduqdan sonra da anası X4 həmin evdə yaşamaqda davam edir. Atası öləndən sonra miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş 3 ay müddətində Qusar rayon Notariat Ofisinə müraciət etməmişlər. Lakin o, qardaşı Tural və bacısı Arzu qeyd olunan ünvanda yaşamaqda davam etməklə həmin əmlakı birgə idarə etmiş və bununla da mirası faktiki qəbul etmişlər. Lakin miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi ilə əlaqədar aralarında razılıq əldə edilməmişdir. Belə ki, qardaşı Tural və bacısı Arzu anaları Səlimə Aşurovanın təkidi ilə miras əmlakdan onun payının ayrılmasına etiraz edirlər və onun ailəsilə birlikdə həmin evdən çıxmağını tələb edirlər. Ona görə də miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Notariat Ofisinə 12 may 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin həmin vaxtdan nə notariat ofisinə dəvət edilməklə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, nə də ərizəsinə cavab verilərək bu barədə məhkəməyə müraciət etməyi izah edilmişdir. Ona görə də miras əmlaka dair vərəsələrin miras paylarının müəyyən olunmaqla həmin mirasın müvafiq qaydada bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də mərhum X5 miras qalmış ünvan 2 ünvanında yerləşən birmərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 35,7 kv.metr, yardımçı sahəsi 18.8 kv.metr olan fərdi yaşayış evinə dair vərəsələrin vərəsəlik hüquqlarının tanınmaqla mirar paylarının müəyyən olunmaqla həmin miras müvafiq qaydada bölüşdürülməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin ediləsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X16 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmişdir. Cavabdeh Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında üçüncü şəxs X17 iddianı qəbul etmiş və izahatında bildirmişdir ki, onlar mübahisəni öz aralarında həll etmək istəmişdir. Atası rəhmətə getdikdən sonra bacısı həmin evdə yaşamayıb, qonaq kimi gəlib gedib, aralarında yaranmış mübahisəyə görə az müddətdə onların evində olub, sonradan bacısı gəlin köçdüyü evə qayıtmışdır. Yaşadıqları evdə kommunal xərclərə görə aralarında mübahisələr yaranıb, bütün kommunal xərcləri o ödəyir, bütün qəbzlər onda var, xırda söz söhbətlərə görə evdə mübahisələr yaranıb. Həmin evdə anasının zəhməti də çoxdur, ayrılıblar, həmin əmlakın dörd hissəyə bölünməsinə razıdır. Məhkəmə iclasında üçüncü şəxs X19 iddianı qəbul etmiş və izahatında bildirmişdir ki, həmin evin tikilməsində atası və anası da zəhmət çəkiblər, anasının zəhməti də çoxdur. İstəyir ki, həmin əmlaklardan anasına da da pay düşsün. Atalarından qalan əmlakın dörd yerə bölünməsini istəyir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0279 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 35.7 kv.metr, yardımçı sahəsi 18.8 kv.metr, ümumi sahəsi 54.5 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X11 məxsusdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.2013-cü il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X15 ilə X1 nikahları xx.xx.1982-ci il tarixdə pozulmuşdur. İşdə olan Xİ-ЖГ № 458211 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1986-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X2r. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********963 - 10301 olan, qeydiyyat tarixi xx.xx.2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X15 17 oktyabr 2013-cü il tarixdə ölmüşdür.X7 ölümündən sonra birinci dərəcəli vərəsələr olaraq İddiaçı, qardaşı X17 və bacısı X18 qalmışlar.İddiaçı məhkəməyə müraciət edərək vərəsələrin payların müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığagötürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1263.1-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1264-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həmdə daşınmaz əmlakdan özpayının naturada ayrılmasını tələb edə bilər, bir şərtləki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasənəgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İddiaçı Məmməd oğlu,atası öləndən sonra həmin evdə yaşamış, İddiaçı Məmməd oğlunun həmin mübahisəli evdə yaşaması onun və üçüncü şəxslərin izahatları ilə də təsdiq olunur. Üçüncü şəxslər yəni- X17 və X19 həmin mirası faktiki qəbul etmələri və ya mias qoyan ataları X7 ölümündən sonra da orada yaşamaları barədə heç bir sübut təqdim etmədiyindən məhkəmə onlara dair hissədə qətnamə çıxarılmasını məqsədəuyğun hesab etmir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, X7 miras kütləsinə daxil olan ünvan 4 ünvanında 0.0279 ha torpaq sahəsində yerləşən birmərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 35,7 kv.metr, yardımçı sahəsi 18.8 kv.metr olan fərdi yaşayış evinə İddiaçı 1/3 hissədə miras payı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X7 miras kütləsinə daxil olan ünvan 4 ünvanında 0.0279 ha torpaq sahəsində yerləşən birmərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 35,7 kv.metr, yardımçı sahəsi 18.8 kv.metr olan fərdi yaşayış evinə İddiaçı 1/3 hissədə miras payı müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-666/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-666/2023
14.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver