Məhkəmə qərarları › İş №2(029)-68/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-68/2022

30.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-68/2022 30.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Gilahoba kəndi ərazisində 03 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən ona məxsus olan 1.51 ha torpaq sahəsinin 0.30 ha hissəsinin Cavabdeh1 və 0.60 ha torpaq hissəsinin isə Cavabdeh2 alınıb aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Gilahoba kəndi ərazisində onun mülkiyyətində 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır, mülkiyyət hüququ 03 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Qusar rayon Gilahoba kəndində onun çəpər qonşuları, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2dur. Cavabdehlərin də həmin ərazidə torpaq sahələri vardır. Mülkiyyətində olan 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha hissəsi Cavabdeh1 tərəfindən və 0.60 ha hissəsi isə Cavabdeh2 tərəfindən özbaşına tutularaq (zəbt edilərək) qanunsuz istifadə edilir. Dəfələrlə cavabdehlərə müraciət edərək həmin torpaq sahələrinin buraxılmasını tələb etsə də, həmin şəxslər ona məxsus torpaq sahələrini zəbt etmədiklərini, həmin torpaq sahələrinin özlərinə məxsus olduğunu bildirmişlər. Hazırda onun torpaq sahəsindən cavabdehlər istifadə edirlər, ona görə də məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin. Cavabdehlər ona məxsus həmin torpaq sahəsinə dair onun qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq o, həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər ona məxsus torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onların qanunsuz sahibliyindən onun qanuni sahibliyinə qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, o, təxminən 8 il əvvəl Qusar rayonu Gilahoba kəndi ərazisindən 1.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış, həmin torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlər ona məxsus torpaq sahəsini qanunsuz olaraq tutaraq ondan istifadə edrilər, o, 8 ildir ki, orada iş görə bilmir. Ekspert rəyi ilə razıdır, həmin rəyə uyğun iddianın təmin edilməsi, cavabdehlərdən zəbt etdikləri, ona məxsus torpaq sahələrinin qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, onun Qusar rayonu Gilahoba kəndi ərazisində 32.68 sot həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi arvadı Saidatın adınadır və İddiaçı torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı ona 0.30 ha torpaq sahəsini zəbt etdiyini bildirmiş, o, razılaşmayaraq bunun mümkün olmadığını bildirmişdir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, o, iddiaçının 0.01 ha torpaq sahəsindən istifadə edir. Həmin ərazi kolkosdan ibarətdir, ekspert rəyi ilə razıdır, həmin torpaq sahəsinin buraxılmasına etiraz etmir. Odur ki, ekspert rəyinə uyğun iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, 2017-ci ildə Xaçmaz rayonu Xudat şəhər sakini Zeynəddin adlı şəxsdən oğlu Yaşarın adına Qusar rayonu Gilahoba kəndi ərazisindən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 4500 manata satın almışdır. Həmin vaxt torpaq sahəsini ölçərək ona göstərmişlər və buna uyğun olaraq o, torpaq sahəsindən istifadə etməyə başlamışdır. İddiaçı torpaq sahəsi onun torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı xeyli müddətdir ki, ona özünün torpaq sahəsini zəbt etdiyini bildirir, lakin istifadə etdiyi torpaq sahəsini satın alarkən ona ölçüb göstərmişlər, ona görə də hesab edir ki, həmin torpaq sahəsi onun özünə məxsusdur. Ekspert rəyi ilə tanış olmuş, həmin rəylə bağlı heç bir fikri yoxdur. Əgər ekspert rəyində göstərilən torpaq sahəsi iddiaçıya qaytarılsa, onda onun torpaq sahəsi azalacaqdır. Odur ki, iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat, **********91 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Gilahoba kəndində yerləşən 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Gilahoba kəndində yerləşən 1.498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İşdə olan KOD 30109018 JN-130F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Gilahoba kəndində yerləşən 0.33 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********55 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən və ona əlavə olunmuş torpaq sahəsinin yerquruluşu planından görünür ki, 03 dekabr 2019-ci il tarixli ********** qeydiyyat nömrəli hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olmaqla Qusar rayonu Gilahoba kəndində yerləşən 1.51 ha torpaq sahəsi naturada mövcuddur. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğundur. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olmaqla Qusar rayonu Gilahoba kəndində yerləşən 1.51 ha torpaq sahəsinin şimal-şərq tərəfdən 0.01 ha hissəsi Cavabdeh1 tərəfindən, cənub-şərq tərəfdən 0.27 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur (Sxem tərtib olunmuşdur). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 10/6007 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, 03 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olmaqla Qusar rayonu Gilahoba kəndində yerləşən 1.51 ha torpaq sahəsi naturada mövcuddur. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğundur. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olmaqla Qusar rayonu Gilahoba kəndində yerləşən 1.51 ha torpaq sahəsinin şimal-şərq tərəfdən 0.01 ha hissəsi Cavabdeh1 tərəfindən, cənub-şərq tərəfdən 0.27 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur (Sxem tərtib olunmuşdur). Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 10/6007 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********55 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 10/6007 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat, **********91 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Gilahoba kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq tərəfdən 0.01 ha hissəsi Cavabdeh1 tərəfindən, cənub-şərq tərəfdən 0.27 ha hissəsi isə Cavabdeh2 tərəfindən iddiaçının iradəsinə zidd olaraq istifadə edilir və bununla da, həmin şəxslər iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşlar. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat, **********91 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Gilahoba kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq tərəfdən 0.01 hektar hissəsi Cavabdeh1, cənub-şərq tərəfdən 0.27 hektar hissəsi isə Cavabdeh2 alınıb İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu planına uyğun olaraq). İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri, iş üzrə təyin edilmiş məhkəmətorpaqşünaslıq ekspertizası İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsatətləri əsasında təyin edildiyindən həmin şəxslərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat, **********91 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Gilahoba kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq tərəfdən 0.01 hektar hissəsi Cavabdeh1, cənub-şərq tərəfdən 0.27 hektar hissəsi isə Cavabdeh2 alınıb İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılsın (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu planına uyğun olaraq). İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar