Məhkəmə qərarları › İş №2(029)-750/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-750/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-750/2021 22.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun X1 12 noyabr 2002-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun əri X6 12 noyabr 2002-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində ölmüş və həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt ərinin ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Halhazırda o, ərinin vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin ərinin ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsində müvafiq qeyd aparılmadığından həmin hüququnu həyata keçirə bilmir. X1 həqiqətən də, 12 noyabr 2002-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində ölməsi və həmin kənd qəbirstanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi ərinin qəbrinin fotoşəkili, Qusar RİHB-nın Aşağı Ləgər İƏD üzrə nümayəndəliyinin 04 avqust 2021-ci il tarixli 238 saylı arayışı, 04 avqust 2021-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, ərinin həqiqətən də 12 noyabr 2002-ci il tarixdə ölməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında müvafiq qeydin aparılması üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin şöbə bu barədə qeyd aparmaqdan imtina etmişdir. Ərinin həqiqətən də 12 noyabr 2002-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində ölməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin iş üzrə məhkəmə iclaslarına gələ bilmir, ona görə də onun iştirakı olmadan işə baxaraq X1 həqiqətən də 12 noyabr 2002-ci il tarixdə Qusar rayonunun Aşağı Ləgər kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin şöbənin rəisi X5 isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 186.5-ci maddəsinə əsasən işə ərizəçinin və həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edirki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Beləki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 17 avqust 2021-ci il tarixli 618 saylı arayışdan görünür ki, X6 haqqında Qusar rayon Qeydiyyat şöbəsində və Qusar rayon Qeydiyyat şöbəsinin arxivində 12.11.2000-ci-17.08.2021-ci illər ərzində ölüm haqqında qeyd tapılmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 18.09.2021-ci il tarixli 05/Q- 170/15 saylı cavab məktubundan görünür ki, şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri mümkündür. Ona görə də Ərizəçi izah edilmişdir ki, X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. İşdə olan B.Camiyev, A.Rizvanov və A.Abdullayev tərəfindən tərtib edilmiş 04 avqust 2021-ci il tarixli aktdan görünür ki, Aşağı Ləgər kənd sakini X6 12 noyabr 2002-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan X4 və X2 izahatlarından görünür ki, onlar aktda göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan Qusar İHB-nın Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli 238 saylı arayışdan görünür ki, mərhum X6 12 noyabr 2002ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində vəfat etmiş və həmin kənddə dəfn edilmişdir. İşdə olan Qusar İHB-nın Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli 239 saylı arayışdan görünür ki, mərhum X6 12 noyabr 2002-ci il tarixə qədər Qusar rayonu Aşağı Ləgər kəndində qeydiyyatda olmuş və həmin tarixə qədər həmin kənddə yaşamışdır. İşdə olan 18 iyul 1970-ci il tarixli АЗ №154092 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 arasında nikah həmin tarixdə 3 nömrə ilə bağlanmışdır. Nikahdan sonra ərizəçiyə “Əyyubova” soyadı verilmişdir. İşdə olan X3 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 01.07.1948-ci il tarixdə anadan olmuş, 12.11.2002-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin əri X6 12 noyabr 2002ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində ölmüş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum əri İmaləddin Əyyubovun ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X3 12 noyabr 2002-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X3 12 noyabr 2002-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar