Məhkəmə qərarları › İş №2(029)-750/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-750/2024

18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-750/2024 18.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək X1nun xx.xx.2006-cı il tarixində Qusar rayonu, Köhnə Xudat kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun X1 xx.xx.1977-ci ildə Qusar rayonu Köhnə Xudat kəndində doğulmuşdur. xx.xx.2006-cı ildə qəflətən ürəktutmasından dünyasını dəyişmiş və Qusar rayonu Köhnə Xudat kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt hüquqi savadsızlıq, başlarına gələn müsibət və səhlənkarlığından X1nun ölümü haqqında Qusar rayonu Qeydiyyat Şöbəsində, vətəndaşlıq vəziyyəti kitablarında müvafiq qeydiyyat aparılmamışdır. Hal-hazırda, o, X1nun ailə üzvü kimi onun ölümünü rəsmiləşdirmək istəyir, lakin qardaşının ölümü haqqında Qusar rayonu Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. Qusar rayonu Qeydiyyat Şöbəsində, vətəndaşlıq vəziyyəti kitablarında müvafiq qeydiyyat aparılmamışdır. Qusar rayonu Qeydiyyat Şöbəsində vətəndaşlıq vəziyyəti kitablarında müvafiq qeydiyyat aparılmamışdır. X1 həqiqətən də xx.xx.2006-cı ildə vəfat etməsi və Qusar rayonu Köhnə Xudat kənd qəbristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi, onun məzarının fotoşəkli və Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışı ilə təsdiq olunur. Bu faktı, qardaşının dəfnində iştirak etmiş şahidlər də təsdiqləyə bilər. Onun qardaşı İlhamın həqiqətən də, xx.xx.2006-cı ildə, Qusar rayonu Köhnə Xudat kəndində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də, həmin fakt məhkəmə qaydasına müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbini müdafiə etmiş və izahatında göstərdi ki, onun qardaşı subay vaxtı ürəktutmasından qəfil vəfat etmişdir. Bu yaxınlarda torpağa dair sənədləşmə işləri aparılarkən məlum olmuşdur ki, onun adına ölüm haqqında şçəhadətnamə əldə olunmamışdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. 2006-cı ildə ərizəçinin qardaşı vəfat etmiş və Qusar rayonu Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunmuşdur. O, həmin şəxsin dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. 2006-cı ildə ərizəçinin qardaşı vəfat etmiş və Qusar rayonu Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunmuşdur. O, həmin şəxsin dəfn və yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə mahiyyəti üzrə baxılaraq qanuna müvafiq qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmiş, nümayəndənin iştirak edə bilməməsinin üzürlü hal olaraq nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ ******* və V-JQ 322862 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə X4 bacı qardaşdırlar. İşdə olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 163 saylı arayışdan görünür ki, X4 16 yanvar 2006-cı ildə vəfat etmiş və Köhnə Xudat kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli 176 saylı arayışdan görünür ki, xx.xx.1977-ci ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-2xxxx/2024 saylı məktubdan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1977-ci ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş X2 16 yanvar 2006-cı il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Qusar rayonun Köhnə Xudat kəndində doğulmuş X2 16 yanvar 2006-cı il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar