Məhkəmə qərarları › İş №2(029)-760/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-760/2023

06.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-760/2023 06.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, q, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərərək, onunla Maraqlı şəxs arasında 16 iyun 2022-ci il tarixdə mediator X2 iştirakı ilə imzalanmış, Maraqlı şəxs tərəfindən Zeynəb adlı uşağın saxlanması üçün ona hər ay 150 manat məbləğində aliment ödənilməsi barədə barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı bir uşaqları anadan olmuşdur. Maraqlı şəxslə ailə münasibətləri pozulduğuna görə ayrılmışlar və Zeynəb adlı uşaq onun himayəsində qalmışdır. Maraqlı şəxs həmin uşağın saxlanması üçün heç bir maddi yardım etmədiyindən o, həmin şəxsə qarşı aliment tələbi ilə bağlı Qusar rayonunda fəaliyyət göstərən mediator Radik Kazımobva müraciət etmiş, mediasiya prosesi zamanı Maraqlı şəxs Zeynəb adlı uşağın saxlanması üçün ona hər ay 150 manat məbləğində aliment verməyə razılıq vermiş, bununla bağlı aralarında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış, həmin saziş mediator Radik Kazımov tərəfindən təsdiq edilmişdir. Həmin sazişə əsasən Maraqlı şəxs ona hər ay 150 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş məbləğdə alimentin ödənilməsini təmin etməmiş, barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Həmin şəxsdən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi tələb olunduqda isə bildirir ki, barışıq sazişi məhkəmə qaydasında təsdiq olunmamış, məhkəmə qərarı çıxarıldıqdan sonra aliment ödəməyəcəkdir. Maraqlı şəxs ilə aralarında bağlanan barışıq sazişinin 2.4cü bəndinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbiləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs mediasiya prosesində razılığa gəlmişlər, Maraqlı şəxs Zeynəb adlı uşağın saxlanması üçün hər ay Ərizəçi 150 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs sonradan öhdəliyini yerinə yetirməmiş, alimenti ödəməmişdir. Halbuki, Emin və həmin şəxsin anası pensiya alırlar, bununla da Eminin alimenti ödəməyə imkanı vardır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatorı X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan mediatorı X2 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 16 iyun 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi 28 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat miqdarda alimentin ödnilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bağıyev EÜmin Tacir oğlu tərəfindən Ərizəçi 28 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat miqdarda alimentin ödnilməsinə dair Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə bağlanmış 16 iyun 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən Ərizəçi 28 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat miqdarda alimentin ödnilməsinə dair Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə bağlanmış 16 iyun 2022-ci il tarixli barışıq sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar