Məhkəmə qərarları › İş №2(029)-896/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-896/2021

29.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-896/2021 29.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.1055 ha həyətyanı torpaq sahəsinin mərhum X21ya məxsus ½ hissəsinə və mərhum X22ya məxsus digər ½ hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasların onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması və həmin miraslara dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.1055 ha həyətyanı torpaq sahəsi anası X6 və qardaşı X12 məxsus olmuşdur. Həmin şəxslərin həmin əmlaklara dair payları ½ hissə müəyyən olunmaqla 03.12.2020-ci il tarixli **********10-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X21 15.01.1999-cu il tarixdə, X22 isə 19.04.2013-cü il tarixdə vəfat etmişlər. Anası vəfat etdikdən sonra onun qanun üzrə iki vərəsələri, yəni o və bacısı Cavabdeh2 qalmışlar. X22 vəfat etdikdən sonra onun qanun üzrə birinci dərəcəli vərəsələri qalmamışdır. Belə ki, həmin şəxsin övladları olmamış, valideynləri isə özündən əvvəl vəfat etmişlər. X4 üzrə ikinci dərəcəli vərəsələri də o və bacısı Cavabdeh2dır. O, Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatda olsa da, anası vəfat etdiyi vaxtdan, yəni 1999-cu ildən ailəsi ilə birlikdə mərhum anasına və mərhum qardaşına məxsus ünvan 2 ünvanda yaşayır. Həmin vaxtdan evi və həyətyanı torpaq sahəsini o, idarə edir, bütün kommunal xərclərini də o, ödəyir. Bacısı Cavabdeh2 isə hələ anası vəfat etməmişdən əvvəl həmin evi tərk etmiş və həmin vaxtdan indiyədək həmin evdə yaşamamış, Bakı şəhərində yaşamışdır. Anası vəfat etdikdən sonra bir dəfə onun yasında iştirak etmiş, bundan sonra yenidən çıxıb getmiş və bir daha həmin evə gəlməmiş, orada yaşamamışdır. Bu yaxınlarda o, mərhum anasından və qardaşından miras qalmış həmin evi və həyətyanı torpaq sahəsini qanun üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirmək məqsədi ilə Cavabdeh1nə müraciət etmiş, lakin, mirası qəbul etmək müddətini ötürdüyünə və digər vərəsə olan bacısı Cavabdeh2 mirasa dair münasibət bildirmədiyinə görə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, mərhum anasının və qardaşının mirasını qəbul etmək müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul etmişdir. Həmin fakt onun ailəsi ilə birlikdə orada yaşamağı, evin işıq, təbii qaz və su haqlarını ödəməyi ilə tam təsdiq olunur. Bundan başqa, məhz onun notariat ofisinə müraciəti əsasında mərhum anasının və qardaşının adına yuxarıda qeyd etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu, isə onun əslində notariat orqanı tərəfindən də vərəsə kimi qəbul edilməyini təsdiq edir. Bacısı Cavabdeh2 isə nə mirası notariat orqanına ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmiş, bu barədə heç bir hərəkətlər etməmişdir. Bununla da, həmin şəxsin həmin əmlaklara dair vərəsəlik hüququ itirilmişdir. Hesab edir ki, bacısı Cavabdeh2 həmin əmlakları miras əmlak kimi qəbul etməməsi və mirasa dair susması Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. O, isə notariat orqanına qanunla müəyyən olunmuş müddət ərzində ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək idarə edir. Ona görə də, Cavabdeh1 yuxarıda qeyd etdiyi miraslara dair onun adına qanun üzrə vərəsəlik şəhadətnaməsini verməməsi əsassızdır. Odur ki, həmin mirasların onun tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin miraslara dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsənin vərəsəlik hüququ isə itirilmiş kimi qəbul edilərək həmin hüququ tanınmamalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə verərək iddianı müdafiə etdiyini, işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş halları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəli, 03.12.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.1055 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi hər birinin payı ½ hissə olmaqla xüsusi mülkiyyət hüququ üzrə X5 və X11 adlarına qeydiyyata alınmışdır. İş materiallarında olan İ-BD 705362 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15.01.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli 328 saylı arayışdan görünür ki, 15.01.1999-cu il tarixdə ölmüş X9 öldüyü günədək ünvan 1 evdə yaşamış və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır:

1. İddiaçı

2. Cavabdeh2 Mərhumun ölümündən sonra miras əmlakı İddiaçı idarə edir. İş materiallarında olan AZ-İ 811454 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19.04.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli 468 saylı arayışdan görünür ki, 19.04.2013-cü il tarixdə ölmüş X15 öldüyü günədək ünvan 1 evdə yaşamış və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır:

1. İddiaçı

2. Cavabdeh2 Mərhumun ölümündən sonra miras əmlakı İddiaçı idarə edir. İş materiallarında olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş 03.11.2016-cı il tarixli X-487 saylı məktubdan görünür ki, həmin notariat kontoruna 15 yanvar 1999-cu il tarixdə vəfat etmiş X5 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İddiaçı ərizəsi daxil olmuşdur. İddiaçı X19nın birinci növbə vərəsəsidir. İş materiallarında olan "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsi Qusar sukanal sahəsi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı 18.12.2020-ci il tarixə sudan istifadəyə və çirkab suyun axıdılması xidmətinə görə borcu yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin Qusar EŞ tərəfindən verilmiş 11.03.2021-ci il tarixli SQR-67 saylı arayışdan görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı sayğac göstəricisi 2977 kvt/s olmaqla elektrik enerjisindən istifadəyə görə borcu yoxdur. İşdə olan ünvan 1 ünvan üzrə 09 mart 2021-ci il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı olmaqla onun və ailə üzvlərinin tərəfindən 2020-ci il üzrə 62,20 manat həcmində qaz sərf edilmiş, 67.20 manat məbləğində pul ödənilmişdir. 2021-ci il üzrə 21.10 manat həcmində qaz sərf olunmuş, 20,00 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan X2, X7 və X10 tərəfindən tərtib edilmiş 19 mart 2021-ci il tarixli aktdan görünür ki, onların qonşuları X9 15 yanvar 1999-cu il tarixdə vəfat etmiş, həmin vaxtdan indiyədək onun yaşamış olduğu ünvan 1 ünvanda yerləşən evdə həmin şəxsin övladı İddiaçı yaşayır, evi həmin şəxs idarə edir. X3 Dilşad Aşur qızı isə hələ Gülpəri vəfat etməmişdən əvvəl həmin evdən çıxıb getmiş və həmin vaxtdan indiyədək həmin şəxsi həmin evdə görməmişlər, həmin şəxs orada yaşamamışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 14 yanvar 2021ci il tarixli X-42 saylı məktubdan görünür ki, 15 yanvar 1999-cu il tarixdə vəfat etmiş X9 vəfat etdikdən sonra Cavabdeh1nə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Həmçinin, X5 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibət bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Bununla bağlı buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi İddiaçı bildirilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 19 fevral 2021-ci il tarixli X-178 saylı məktubdan görünür ki, 19 aprel 2013-cü il tarixdə vəfat etmiş X15 vəfat etdikdən sonra Cavabdeh1nə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Həmçinin, X11 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibət bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Bununla bağlı buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi İddiaçı bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.1055 ha həyətyanı torpaq sahəsi iddiaçının anası X6 və qardaşı X12 məxsus olmuşdur. Həmin şəxslərin həmin əmlaklara dair payları ½ hissə müəyyən olunmaqla 03.12.2020-ci il tarixli **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçının X21 15.01.1999-cu il tarixdə, X22 isə 19.04.2013-cü il tarixdə ölmüşlər. Gülpəri Aşurlı öldükdən sonra onun qanun üzrə iki vərəsələri, yəni iddiaçı və sonuncunun bacısı Cavabdeh2 qalmışlar. Əfqan Aşurlı öldükdən sonra onun qanun üzrə birinci dərəcəli vərəsələri qalmamış, qanun üzrə ikinci dərəcəli vərəsələri isə iddiaçı və sonuncunun bacısı Cavabdeh2 qalmışlar. X19 və Əfqan Aşurlı öldükdən sonra onlardan miras qalmış ünvan 4 ünvanda yerləşən 0.1055 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən miras kimi faktiki qəbul edilmiş və həmin əmlak yalnız onun sahibliyinə və idarəçiliyinə keçmişdir. Belə ki, artıq xeyli müddətdir ki, evin bütün kommunal xidmət haqları (işıq, təbii qaz, su və s.) İddiaçı tərəfindən ödənilir, həmçinin onun uzun müddətdir ki, ailəsi ilə birlikdə həmin evdə yaşaması qonşular tərəfindən tərtib olunmuş aktla da təsdiq olunur. Bundan başqa, miras əmlaklara dair mərhum şəxslərin adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məhz İddiaçı vərəsə kimi müraciəti əsasında verilmişdir. X1 və X11 digər vərəsəsi olan Cavabdeh2 isə həmin mirası hər hansı şəkildə qəbul etməmiş, bununla bağlı notariat orqanına ərizə ilə müraciət etməmiş, yaxud mirası faktiki qəbul etməmişdir. İddiaçı mirası faktiki qəbul etdiyinə görə, həmçinin digər vərəsə olan Cavabdeh2 mirasa dair susduğuna görə ərizə ilə Cavabdeh1nə müraciət edərək həmin yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair bütövlüklə onun adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin həmin notariat ofisi ona vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi isə müddətin ötürülməsi, miras qoyanların digər vərəsələrinin mirasa dair münasibət bildirməmələri göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə mirasla bağlı iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, X19 və Əfqan Aşurlı vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.1055 ha həyətyanı torpaq sahəsi bütövlükdə İddiaçı sahibliyinə və idarəçiliyinə keçmiş və həmin vaxtdan indiyədək həmin evi və torpaq sahəsini idarə edir. Bununla da, iddiaçı özünün hərəkətləri ilə mərhum şəxslərin miraslarını qəbul etdiyini şəksiz nümayiş etdirmiş və miras əmlaklar onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mərhum şəxslərin digər vərəsəsi Cavabdeh2 isə həmin mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmiş, mirası faktiki qəbul etdiyini nümayiş etdirən hərəkətlər etməmiş, evdə yaşamamış, onun idarə olunmasında iştirak etməmiş, mirasa dair uzun müddət susmuşdur. Ona görə də, mərhum şəxslərin vərəsəsi Cavabdeh2 mirasa dair susması Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. İddiaçı isə miras əmlakların qəbulu ilə bağlı vaxtında notariat orqanına ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə etdiyinə görə məhkəmə hesab edir ki, həmin mirasın iddiaçı tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin miras əmlaklara dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsə Cavabdeh2 vərəsəlik hüququ isə itirilmiş kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.1055 ha həyətyanı torpaq sahəsinin mərhum X6 məxsus olan ½ hissəsinə və mərhum X12 məxsus olan digər ½ hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasların İddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılmaqla uzadılsın və bütövlükdə həmin miraslara dair İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

SƏDRLİK EDƏN : ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar