Məhkəmə qərarları › İş №2(036)-2088/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2088/2024

06.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2088/2024 06.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin direktoru Cavabdeh2, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 34 nömrəli əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı cavabdeh İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinin cavabdeh tərəfindən ləğv edilməsi barədə İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini və onun həmin işə bərpa olunmağı öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 15 noyabr 1993-cü ildən təhsil sahəsində işləyir və həmçinin qeyd edir ki, 1996-cı ildən İmişli şəhəri, N.Gəncəvi adına 2 saylı tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. O, ali təhsillidir. Belə ki, o, Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsini bitirmişdir. Bundan başqa 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Göstərir ki, 2023-cü ilin avqust ayında işlədiyi məktəbin rəhbərliyi ona bildirmişdir ki, o, sertifikasiyadan keçməlidir. O, isə 04.01,1963-cü il təvəllüdlü olmağı, yəni 60 yaşının tamam olduğunu, ona görə də altmış yaşdan sonra müəllimlərin sertifikasiya prosesinə cəlb olunmadığını bildirmişdir. Bundan sonra o, öz işinə davam etmişdir. 28 iyun 2024-cü il tarixdə işlədiyi məktəbin direktoru Cavabdeh2 ona zəng vuraraq öz ərizəsi ilə işdən azad olmağını təklif etmişdir. O, isə razılaşmamışdır. Bundan sonra ona məlum oldu ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onu işdən azad etmişdir. O, bu barədə cavabdeh təşkilatlara - yəni Mil- Muğan Regional Təhsil İdarəsinə və İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəb rəhbərliyinə rəsmi ərizələrlə müraciət etsə də, onlar əmrin qanuni olduğunu əsas gətirərək işinə bərpa edilməmişdir. O, işdən çıxarılmağı barədə 28 iyun 2024-cü il tarixli əmrlə razılaşmır və əmrin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini tələb edir. Sonradan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin direktoru Cavabdeh2 tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsini, İddiaçı İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsi üzrə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxma müddəti üçün əmək haqqı məbləği iddiaçıya ödənilməsi və İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin direktoru Cavabdeh2 iddia tələbinə etiraza uyğun izahat verərək bildirmişdir ki, iddia əsassızdır, hazırda İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbində direktor vəzifəsində çalışır. Sertifıkasiya imtahanı zamanı keçmədiyinə görə əmək müqaviləsinə xitam verilib. Odur iddia əsassız olduğundan iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil- Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X10 iddia tələbinə etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etirazın dəlilləri: İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin direktoru Cavabdeh2 tərəfindən verilmiş etirazda göstərilmişdir ki, İddiaçı Əzızxan qızının İmişli şəhər N Gəncəvi adına 2 nömrəli tam orta məktəb və Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı əmək mübahisələri uzrə sair mübahisələr tələbinə dair İmişli Rayon Məhkəməsinin 17 oktyabr 2024 cu il tarixli Qərardadı qəbul edilmişdir. İddiaçı Əzızxan qızı iddiasında 2023-cü ilin avqust ayında işlədiyi məktəbin rəhbərliyi tərəfindən ona sertifikasiyada iştirak etməli olması bildirildiyi, o isə 60 yaşının tamam olduğuna görə müəllimlərin sertifikasıya imtahanına cəlb olunmadığını bildirdiyini, bundan sonra öz işinə davam etdiyini, 28 iyun 2024-cu ıl tarixdə məktəbin direktoru Cavabdeh2 tərəfindən ona zəng vurularaq öz ərizəsi ilə işdən azad olunması təklif olunduğunu, bununla razılaşmadığını, nəticədə xx.xx.2024-cu il tarixi əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edildiyi bildirilmişdir. İddiaçı iddia ərizəsində təhsilverənlərin sertifikatlaşdırması, prosesində iştirak etməsi istisna edir ki, 2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesində və xx.xx.2024-cü il tarixdə təhsilverənlərin təkrar sertifikatlaşdırılmasında iştirak etmiş və hər iki proses uğursuzluqla nəticələnmişdir. xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmdığı nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında bildirdi ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbində direktor vəzifəsində çalışır. 2023-cü il tarixdə ona məlum olmuşdur ki, 60 yaşı tamam olanlara sertifikatlaşdırma imtahanında iştirak etməsi məcburi deyil. İddiaçı məktəbdə müəllimə yoldaşları ilə imtahana hazırlaşırdılar və aralarında imtahana qatılıb-qatılmamaqları barədə müzakirələr edirdilər. Bundan sonra bilmişdir ki, İddiaçı öz razılığı əsasında imtahana qatıldı və imtahandan keçid balı toplaya bilmədiyi üçün imtahandan kəsilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında bildirdi ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbində kitabxanaçı vəzifəsində işləyir. Eyni zamanda direktorun digər tapşırıqlarını icra edir. 60 yaşı tamam olan imtahnın könüllü olması və müəllimlərə məlumat vermək ona tapşırılmışdır. O da İddiaçı və digər 3 müəllimə imtahana qatılıb-qatılmamaqları barədə ərizə formasını göndərmişdir. Lakin bundan sonra İddiaçı bir neçə gün tərəddüd etmişdir. Sonra isə o, iddiaçıya artıq imtahanın təşkili üçün iştirak edənlər barədə məlumat verilməli olduğunu, əgər imtina edəcəksə bu barədə ərizə verilməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı fikirləşdiyini və imtahanda iştirak edəcəyini bildirmişdir. Bu barədə ona “Whatsapp” vasitəsi ilə məlumat verdiyini və onunla danışıqların telefonunda qaldığını bildirmişdir. Lazım olacağı təqdirdə təqdim edə biləcəyini qeyd etmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı imtahandan keçid balı toplaya bilmədiyi üçün imtahandan kəsilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 34 nömrəli əmri ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq əmr etmiş ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertikikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin azərbaycan - dili ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 28 iyun 2024-cü il tarixdən ləğv edilsin. - İddiaçıya məxsus AZE seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən (əmr xx.xx.1996-cı il tarixli, № 54) İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin praktik psixoloq müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci psixiloq vəzifəsindən azad edilmiş və həmin məktəbdə müəllim saxlanılmışdır, xx.xx.2024-cü il tarixdə (əmr xx.xx.2024-cü il tarixli, № 34) təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin azərbaycan - dili ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir; - TB-İ 087048 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1983-cü il tarixdə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1989-cu il tarixdə kitabxanaşünaslıq və biblioqrafiya müəllimi ixtisasını almışdır; - YB 003528 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutuna daxil olmuş və xx.xx.2005-ci il tarixdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasını almışdır; - xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-01651 nömrəli Sabirabad 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, iddiaçı 50 manat məbləğində pul vəsaitini Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına köçürmüşdür; - xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 9-69/3-2-13 F/2024 nömrəli əmrin cavabdeh tərəfindən təqdim edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 56 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin Təhsilverəniərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası’’ ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir. Xahiş olunur ki, məktubu alandan 1 həftə müddətində məktəbə gəlib əmək kitabçanızı götürəsiniz və yaxud götürməməyiniz barədə onlara yazılı suətdə rəsmi məlumat verəsiniz;” - xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı səhhətində yaranmış problemlə əlaqədar olaraq təhsilverənlərin sertifikatlaşdırması prosessindən imtina barədə ərizə yaza bilmədiyini qeyd edərək, təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesindən könüllü şəkildə iştirakdan imtina etmişdir; - xx.xx.2024-cü il tarixli, 58 nömrəli məktubun surətindən görünür ki, İddiaçı əmək kitabçası göndərilmişdir; - xx.xx.2024-cü il tarixli 3-29-41/2-1641/2024 nömrəli məktubun sürətindən görünür ki, məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmrinə əlavə edilmiş siyahıda sertifikatlaşdırma prosesində uğur qazanmayan 4308 nəfər şəxsə dair məlumatlar əks olunmuşdur. Həmin əmrə əlavə edilmiş 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısında 3031-ci şəxs İddiaçı dair məlumatlar qeyd edilmişdir. İmişli Rayon Məhkəməsinin icraatında olan İddiaçı işə bərpa tələbinə dair 2(036)-2088/2024 nömrəli iş üzrə şifahi müraciətə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə" 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmrinin surəti və həmin əmrə əlavə olunmuş siyahıda X2 dair məlumatlar göndərilmişdir; - xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmrin sürətindən görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (llhamə Abdullayevə), X15 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil idarəsi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil İdarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X16 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki- Zaqatala Regional Təhsil İdarəsi (Günay Mahmudova), X12 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimll) tapşırılsın ki, 08 iyun 2024cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Sənədlərə və müraciətlərlə iş sektoru (Aylan Məmmədova) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. Əmrin icrasına nəzarət direktor müavini Orxan Abbasova həvalə olunsun; - xx.xx.2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısından görünür ki, İddiaçı 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısında 3031-ci şəxs kimi qeyd edilmişdir; - xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X7 təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesində könüllü şəkildə iştirakdan imtina etmişdir; - xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X8 təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesində könüllü şəkildə iştirakdan imtina etmişdir; - xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X11 təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesində könüllü şəkildə iştirakdan imtina etmişdir; - xx.xx.2024-cü il tarixli 3-29-69/2-6-3882-4/2024 nömrəli məktubun sürətindən görünür ki, sizin sertifikatlaşdırmaya cəlb olunmağınızla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə Mil-Muğan Regional Təhsil İdarəsində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Siz 2023-cü ildə keçirilmiş sertifikasiya imtahanında iştirak etmiş, lakin uğurlu nəticə əldə etməmisiniz. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Nəzərinizə çatdırılır ki, xx.xx.2024-cü il tarixdə təkrar sertifikatlaşdırmada iştirakınız təmin olunmuş lakin tərəfinizdən keçid balının toplanmasına nail olunmamışdır. Qeyd olunanlar nəzərə alınaraq sizinlə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Məlumat üçün bildirilir ki, müvafiq rayonlar üzrə təhsil sektorlarında yaradılan komissiyalara müraciət etmiş təhsilverənlərə sosial vəziyyəti nəzərə alınmaqla növbəlilik prinsipinə uyğun olaraq gələcəkdə vakant olacaq ştatlar üzrə tərəfimizdən təkliflərin olunması nəzərdə tutulmuşdur. Nəzərə almağınız xahiş olunur; Məhkəmə iclasında tədqiq edilmiş hər iki tərəfin razılığı ilə tədqiq edilmiş İddiaçı ilə X5 arasında “Whatsapp” sosial şəbəkə proqramında danışıqdan görünür ki, X5 tərəfindən İddiaçı təhsilverənlərin sertifikatlaşdırılması imtahanın keçiriləcəyi barədə məlumat vermiş, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasını, məcburi xarakter daşımadığını və imtina edəcəyi təqdirdə ərizə yazmalı olduğunu bildirmişdir. İddiaçı ondan başqa həmin məktəbdə digər 60 yaşına çatmış müəllimlərin ərizə yazıb-yazmaması ilə maraqlanmışdır. X5 həmin müəllimlərin ərizə yazdıqlarını və iştirak etməyəcəklərini bildirmişdir. İddiaçı fikirləşmək üçün vaxt istəmişdir. Lakin İddiaçı vaxt istəmişdir. Həmin vaxt başa çatdıqdan sonra yenidən şahid X5 tərəfindən İddiaçı ilə əlaqə saxlanılmışdır. İddiaçı imtahanda iştirak edəcəyini bildirmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmri ilə qərara alınmışdır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (llhamə Abdullayevə), X15 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə- Daşkəsən Regional Təhsil idarəsi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil İdarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X16 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki-Zaqatala Regional Təhsil İdarəsi (Günay Mahmudova), X12 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimll) tapşırılsın ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Sənədlərə və müraciətlərlə iş sektoru (Aylan Məmmədova) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. Əmrin icrasına nəzarət direktor müavini Orxan Abbasova həvalə olunsun. xx.xx.2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısında İddiaçı 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısında 3031ci şəxs kimi qeyd edilmişdir. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 34 nömrəli əmri ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq əmr etmiş ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertikikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin azərbaycan - dili ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 28 iyun 2024-cü il tarixdən ləğv edilsin. Hazırda iddiaçı cavabdehdən İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin direktoru Cavabdeh2 tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsini, İddiaçı İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsi üzrə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxma müddəti üçün əmək haqqı məbləği iddiaçıya ödənilməsi və İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc cavabdehlərdən tutularaq iddiaçıya verilməsini xahiş edir. İddiaçı tələbini 60 yaşının tamam olması və altmış yaşdan sonra müəllimlərin sertifikasiya prosesinə cəlb olunmasının könüllü olması ilə və əmrin düzgün tərtib edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən: 1.Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 2.Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 3.İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

4. Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən: 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.2. Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları (fənləri) Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir. 3.3. Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. 3.5. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir. 3.6. Təhsilverən sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Təhsilverən tərəfindən bu Qaydanın tələblərinin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir. 3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. 3.13. Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İş materialları və işin faktiki hallarından da göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq onunla bağlanılmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi barədə əmri qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının tələbi əsaslandırdığı hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya cavabdeh tərəfindən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə 31 avqust 2023-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanın keçiriləcəyi və 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasını, məcburi xarakter daşımadığını və imtina edəcəyi təqdirdə ərizə yazmalı olduğunu bildirmişdir. İddiaçı isə imtahanda iştirakdan imtina etməsi barədə ərizə yazmamışdır. Hətta məktəbin əməkdaşı X3 imtahanda könüllü olaraq iştirak edəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı ona heç bir məlumat verilməməsi barədə iddiaçının mülahizəsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, həmin məktəbin digər 60 yaşına çatmış müəllimlərinin imtahandan iştirakdan imtina barədə ərizələri və onların imtahanda iştirak etməməsi faktı və bu barədə məlumatın X5 tərəfindən iddiaçıya verilməsi imtahanda iştirakın könüllü olması və imtina barədə ərizənin təqdim edilməli olması barədə məlumatın nəinki iddiaçıya, hətta digər müəllimlərə də verilməsini sübut edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən 31 avqust 2023-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanında uğur qazanmadıqdan sonra təkrar təkrar sertifikatlaşdırmadan imtina etməsi hüququ istina edilir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci maddəsinə əsasən sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı könüllü şəkildə 31 avqust 2023-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanında uğur qazanmadığı üçün təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olmuşdur. İddiaçı həmin hüquqdan da istifidə etmiş, təkrar imtahanda da uğur qazanmamışdır. İddiaçı həmin hüquqdan istifadə etməyəcəyi və imtahanda iştirak etməyəcəyi təqdirdə də bu onun sertifikatlaşdırmadan keçməsi kimi qiymətləndirilərək hazırki hüquqi nəticəyə səbəb olacaqdı. Beləliklə, iddiaçınınya qanunvericilikdə təkrar sertifikatlaşdırmada iştirakdan imtina etmək hüququ verilməmişdir. İddiaçının əmrin düzgün tərtib edilməməsi və eyni tarixli və nömrəli fərqli məzmunlu əmrlərin tərtib edilməsi barədə mülahizəsi ilə əlaqədar məhkəmə bu qənaətə gəlmişdir ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 34 nömrəli əmri qanunverciliyin tələblərinə uyğun şəkildə tərtib edilmişdir. Belə ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəb xx.xx.2024-cü il tarixli 34 nömrəli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83 maddəsinin xx.xx.2024-cü il tarixə qədər qüvvədə olan redaksiyasının tələblərinə əsasən tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83 maddəsinin 1 və 2-ci hissələrinin xx.xx.2024-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən:

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir.

2. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarında olan İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəb xx.xx.2024-cü il tarixli 34 nömrəli əmrindən görünür ki, əmr məktəbin direktoru Cavabdeh2 tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda cavabdeh tərəfindən daxili sənədləşmənin aparılması məqsədi ilə əmrin mətni əl yazısı ilə əmrlər kitabına köçürülmüş və imzalanmışdır. Bundan başqa, işəgötürən tərəfindən əmrin mahiyyətinə xələl gətirməyən və işçinin hüquq və azadlıqlarının pozulması ilə nəticələnməyən daha müxtəsər forması isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin k bəndində göstərilən vəzifəsinin icrası ilə əlaqədar elektron informasiya sisteminə yerləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin k bəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun subyektiv hüquq və azadlıqlarını pozması və ya məhdudlaşdırması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəb xx.xx.2024-cü il tarixli 34 nömrəli əmri əsaslı olmaqla yanaşı, həm də qanunidir. Buna görə də, İddiaçı cavabdehlər İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli 34 nömrəli əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar