Məhkəmə qərarları › İş №2(030)-203/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-203/2025

20.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-203/2025 20.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, 02 may 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Bir müddət birlikdə yaşasalar da, sonradan ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(030)-623/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, sazişə əsasən uşaqlar ərizəçinin himayəsində saxlanılmaqla hər uşağa 60 manat olmaqla, cəmi 180 manat məbləğində aliment ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etməmiş, aliment ödəməkdən imtina etmiş, bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(030)-623/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış, 04 avqust 2005-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 78 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutulub iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş Samux 1 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 12 sentyabr 2024-cü il tarixli MŞS/51/1/00354 nömrəli Barışıq sazişindən görünür ki, sazişin 1-ci bəndinə əsasən, 1-ci tərəf Ərizəçi və Maraqlı şəxs 04 avqust 2005-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 78 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulmasına, ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etmədən nikahın pozulması üçün məhkəməyə ərizə veriləcəyinə dair razılığa gəlmişlər. Sazişin 2-ci bəndinə görə, ikinci tərəf Maraqlı şəxs rəsmi nikahlarından anadan olmuş 27 mart 2008-ci il təvəllüdlü X3, 05 may 2009-cu ildə X2 və 18 avqust 2012-ci il təvəllüdlü X1 hüquqi cəhətdən anası Ərizəçi himayəsində qalmasına etiraz etməmişdir. Sazişin 3-cü bəndinə əsasən, Maraqlı şəxs bu saziş imzalandıqdan sonra birinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları - 27 mart 2008-ci il təvəllüdlü X3, 05 may 2009-cu ildə X2 və 18 avqust 2012-ci il təvəllüdlü X4 üçün hər uşağa 60 manat olmaqla, cəmi 180 manat aliment pulunun birinci tərəf Ərizəçi hər ayın 15-dən, 30-dək ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Bu məbləği birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Sazişin 4-cü bəndinə əsasən, Ərizəçi rəsmi nikahlarından anadan olmuş övladları 27 mart 2008-ci il təvəllüdlü X6, 05 may 2009-cu ildə X5 və 18 avqust 2012-ci il təvəllüdlü X4 ilə sərbəst ünsiyyətinə mane olmayacağını öhdəsinə götürmüşdür. Ünsiyyət vaxtını tərəflər özləri könüllü artıra bilərlər. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs aralarındakı nikahı 04 avqust 2005-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 78 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 27 mart 2008-ci il təvəllüdlü X6, 05 may 2009-cu ildə X5 və 18 avqust 2012ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında 12 sentyabr 2024-cü il tarixli MŞS/51/1/00354 nömrəli “Barışıq sazişi” bağlanmış sazişin 3-cü bəndinə əsasən, Maraqlı şəxs bu saziş imzalandıqdan sonra birinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları - 27 mart 2008-ci il təvəllüdlü X3, 05 may 2009-cu ildə X2 və 18 avqust 2012-ci il təvəllüdlü X4 üçün hər uşağa 60 manat olmaqla, cəmi 180 manat aliment pulunun birinci tərəf Ərizəçi hər ayın 15-dən, 30-dək ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Daşkəsən Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(030)- 623/2024 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 12 sentyabr 2024-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırkı tələb barışıq sazişinin təsdiqi ilə bağlı olsa da, mahiyyət etibarilə alimentin tutulması məzmununa malikdir. Odur ki, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 12 sentyabr 2024-cü il tarixli MŞS/51/1/00354 nömrəli barışıq sazişinin tərəflərin birgə nikahından doğulmuş 27 mart 2008-ci il təvəllüdlü X3, 05 may 2009-cu ildə X2 və 18 avqust 2012-ci il təvəllüdlü X1 maddi təminatı üçün hər ay Maraqlı şəxs hər uşağa 60 (altmış) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat aliment tutulub Ərizəçi ödənilməsinə dair hissədə məcburi icra üçün təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar