Məhkəmə qərarları › İş №2(030)-535/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-535/2025

30.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-535/2025 30.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X5 Xidməti Daşkəsən Su X2 İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X5 Xidməti Daşkəsən Su X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən Su X2 İdarəsi tərəfindən işdən çıxarılması haqqında verilmiş 05 mart 2025-ci il tarixli 112/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə əmək intizamını pozmamışdır. İşlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmişdir. İdarənin rəhbərliyi iddiaçının başqa işə keçməsini tələb etmiş, əks halda işdən çıxması barədə ərİzə yazmasını bildirmişdir. Ərizə yazmadığından qərəzli olaraq 05 mart 2025-ci il tarixli 112/k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı 15 oktyabr 2024-cü il tarixdən Daşkəsən Su X2 İdarəsinin birinci nasosxanasının maşinisti vəzifəsində işləmişdir. İdarənin rəhbərliyi ona və iddiaçıya rayonda çilingərə ehtiyacı olduğunu bildirərək həmin işə dəyişdirilməsini tələb etmişdir. O, isə cavabında onların kəndindən rayona gəlib-getməsinin çətin olacağını, heç birinin avtomobilinin olmadığını, kənddən rayona marşurut və ya taksi işləmədiyini bildirmişdir. Bundan sonra idarənin rəhbərliyi iddiaçını işə buraxmamış, iddiaçıdan ərizə təqdim etməklə işdən çıxmasını tələb etmişdir. Ərizə verməyəcəyi təqdirdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənində əsasən işdən azad edəcəyini bildirmişdir. İddiaçı ərizə vermədiyindən onu həmin maddəyə əsasən işdən azad etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Daşkəsən Su X2 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 10 may 2023-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15 oktyabr 2024-cü il tarixli 42/k nömrəli əmrlə X6 Sistemlərinin İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti peşəsinə 3 ay müddətinə təyin edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Su X2 İdarəsinin 05 mart 2025-ci il tarixli 112/K nömrəli əmrinin surətindən görünür ki, Əhmədli X3 Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 mart 2025-ci il tarixdən xitam verilmişdir. Əmrin verilmə əsası kimi Həmkarlar təşkilatının 3 saylı protokolu və aktlar göstərilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 24 aprel 2025-ci il tarixli MŞG/1- MT007/2024-00583 nömrəli arayışından görünür ki, mübahisə ilə bağlı cavabdehin nümayəndəsi X4 24 aprel 2025-ci il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından göründüyü kimi İddiaçı 15 oktyabr 2024-cü il tarixli 42/k nömrəli əmrlə X6 Sistemlərinin İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti peşəsinə 3 ay müddətinə təyin edilmişdir. Həmin müddət bitdikdən sonra müqavilənin müddəti qarşılıqlı şəkildə uzadılmışdır. İşçi əmək fəaliyyətini davam etdirmişdir. İdarə müdirinin 05 mart 2025-ci il tarixli 112/K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 mart 2025-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin aşağıda qeyd olunan bəndlərinə görə: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəm ilk öncə qeyd edir ki, işçi ilə əmək müqaviləsinə xitam verilmə barədə 05 mart 2025-ci il tarixli 112/K nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası göstərilməmişdir. Yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd olunmuşdur. Əmrin məzmununda işçinin işdən çıxarılmasının konkret əsasları qeyd olunmamışdır. Bununla da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin maddəsi, hissəsi, bəndi əmrin məzmununda göstərilməlidir. 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda tələb olunan məlumatlar göstərilmədikdə əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunanlardan əlavə məhkəmə onu qeyd edir ki, əmrin verilmə əsası kimi həmkarlar təşkilatının 3 saylı protokolu və aktlar göstərilmişdir. Cavabdeh təşkilata iş üzrə keçirilmiş 28 avqust 2025-ci il tarixli, 08 sentyabr 2025-ci il tarixli, 30 sentyabr 2025-ci il tarixli, 06 oktyabr 2025-ci il tarixli və 30 oktyabr 2025-ci il tarixli məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə dair hər hansı münasibət bildirməmiş, məhkəmənin tələbinə baxmayaraq əmrin verilməsi üçün əsas olmuş sənəndləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsində göstərilir ki, hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində göstərilir ki, bu məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsi və məsuliyyətindədir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, işçinin əmək hüquqları təmin edilməklə Daşkəsən Su X2 İdarəsinin 05 mart 2025-ci il tarixli, 112/K nömrəli əmri ləğv edilməli, İddiaçı nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti işinə bərpa olunmalıdır. Həmçinin ona məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə Daşkəsən Su X2 İdarəsinin 05 mart 2025-ci il tarixli, 112/K nömrəli əmri ləğv edilsin. Əhmədli X3 Su X2 İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti işinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar