Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-604/2025 09.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ona məxsus 840 manat dəyərində 1 ədəd 585 əyarlı, İtalya istehsalı olan 6 qram çəkidə ilan zənciri dizaynlı boyunbağı, 1300 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı olan 10 qram çəkidə “Aynişan” adı yazılmış qızıl boyunbağı klonu ilə birlikdə, 1139 manat dəyərində 1 ədəd 750 əyarlı, İtalya istehsalı olan 6,7 qram çəkidə çiçək dizaynlı brilyant qaşlı qızıl üzük və üzərindəki brilyant qaşın qiyməti 300 manat olmaqla, ümumi dəyəri 1439 manat olan qızılzinət əşyalarının cavabdehdən alınaraq ona qaytarılması, həmin qızıl-zinət əşyaları olmadıqda onların ümumi dəyəri olan 3389 manat məbləğində pul vəsaitinin və ödənilmiş 53 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul ounmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edib işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi X2 vasitəsilə tanımışdır. 02 oktyabr 2024-cü il tarixdə cavabdeh iddiaçıya zəng edərək ondan borc pul istəmiş, iddiaçı isə pulunun olmadığını bildirdikdə, cavabdeh iddiaçıdan qızıl-zinət əşyalarını 6 ay müddətinə lombarda qoyaraq pul götürmək üçün ona verməsini xahiş etmiş, qızılları lombardan götürdükdən sonra geri qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı onun qohumu X2 ilə yaxın münasibətdə olmuşdur. Məmmədov Eşqinə pul lazım olduğu üçün İddiaçı qızılları ona vermişdir. O, sadəcə bu işdə vasitəçilik etmişdir. O iddiaçıdan bir neçə qızıl əşyaların qəbul etmişdir. Həmin əşyalar bir ədəd üzərində “Aynişan” yazılmış klonlu boyunbağı, bir ədəd üzük və bir ədəd ilan toxunuşlu boyunbağıolmasını xatırlayır. Həmin əşyaların cəmi dəyəri 1250 manat olmuşdur. Həmin qiymətə də Gəncə şəhərində İbrahimova Ramilə adlı qadın vasitəsilə tanımadığı şəxsə satılmışdır. Satışdan əldə edilən pul X1 çatmışdır. Əşyaların dəyəri olan 1250 manat məbləğində pulu hissə-hissə iddiaçıya ödəyə bilər. İşə əlavə olunmuş diskdə olan səs yazısından müəyyən edilir ki, İddiaçı Cavabdeh pul tələb tələb edir, cavabdeh isə pulu qaytaracağını ona bildirir. Lakin, söhbətin hansı məbləğdə puldan getməsi tam dəqiqliyi ilə təsdiqini tapmır. İşə əlavə olunmuş fotoşəkillərdə 1 ədəd zəncir toxunuşlu üzərində “Aynişan” yazılı klonlu boyunbağı, bir ədəd çiçək dizaynlı qaşlı qızıl üzük və 1 ədəd zəncir dizaynlı boyunbağı əks edilmişdir. İşə əlavə olunmuş 02 sentyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Məhkəmə qeyd edir ki, cavabdeh izahatında üç adda qızıl əşyalarını qəbul etməsini etiraf etmiş olsa da, onların çəkisi və qiyməti ilə bağlı iddia tələbində qeyd olunanları qəbul etməmişdir. Belə olan vəziyyətdə iddiaçı həmin əşyaların çəkisi və dəyəri barədə sübutları məhkəməyə təqdim etməlidir. Lakin, İddiaçı cavabdehə vermiş olduğu qızıl əşyalarının çəkisi və qiyməti barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ən azından həmin əşyaların çəkisi barədə sübutlar mövcud olduğu halda, omların dəyəri barədə qiymətləndirilmə aparıla bilər. Qızıl əşyaların çəkisi barədə sübutların olmaması həmin əşyaların qiymətinin də müəyyən edilməsini mümkünsüz edir. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Cavabdeh izahatında qızıl əşyalarının Gəncə şəhərində İbrahimova Ramilə adlı qadın vasitəsilə satılmış olduğunu bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi diskdə olan səs yazısından görünür ki, İddiaçı Cavabdeh qızıl əşyalarını deyil, yalnız pul tələb edir. Qeyd olunanlar qızıl əşyalarının olmaması halını bildirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi həcmdə təmin edilməli, Cavabdeh 1250 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 53 manat məbləğində dövlət rüsumunun 32,50 manatı cavabdehdən alınıb iddiaçıya verilməli, 20,50 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1250 (bir min iki yüz əlli) manat əsas borc və 32,50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-604/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-604/2025
09.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver