Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-615/2024 17.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında mediator X3 iştirakı ilə mediasiya prosesində bağlanmış 21 iyun 2024-cü il tarixli MŞG/1MT007/01253 nömrəli Barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2018-ci ildə anadan olmuş X5 və 06.04. 2020-ci ildə anadan olmuş X1 üçün hər ay Maraqlı şəxs 700 manat məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə 2017-ci ildə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşlar. Aralarındakı nikahı 04 avqust 2017-ci ildə Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsində 1124 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 07 yanvar 2018-ci ildə Ömər və 06 aprel 2020-ci ildə Ruzi adlı iki uşaqları doğulmuşdur. Hazırda cavabdeh müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edir və 1600 manat məbləğində əmək haqqı alır. Buna baxmayaraq, ailəsinin və uşaqlarının saxlanılması üçün heç bir maddi yardım göstərmir. O, isə uşaqlarının maddi tələbatını təkbaşına ödəyə bilmədiyi üçün Gəncə 1 saylı mediasiya şurasına müraciət etmiş və onunla cavabdeh arasında 21 iyun 2024-cü il tarixdə Barışıq sazişi bağlanmışdır. Sazişə əsasən birgə nikahdan doğulmuş 07 yanvar 2018-ci il təvəllüdlü X5 və 06 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh xx.xx.2024-cü il tarixi ilə xx.xx.2024-cü il tarixi arasında hər ay 700 manat aliment pulunu onun kartına göndərməyinə razılaşmış, o, isə cavabdehin istədiyi vaxt uşaqlarla görüşməsinə ünsiyyət saxlamasına mane olmamaq üçün öz üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmiş, uşaqlarının saxlanılması üçün təyin edilmiş alimenti ödəməmişdir. Eyni zamanda, onun adına götürdüyü krediti belə ödəməkdən imtina etmişdir. Hazırda o, iki azyaşlı uşaqların maddi tələbatını və kredit borcunu ödəyə bilmir. Vəziyyəti olduqca ağırdır. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş emtişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında 04 avqust 2017-ci il tarixdə nikah bağlanmış və Gəncə “ASAN xidməti” Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1124 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 yanvar 2018-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 13 yanvar 2018-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 aprel 2018-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 28 aprel 2020-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş İlkin mediasiya sesiyasında təsdiq edilmiş 21 iyun 2024-cü il tarixli MŞG/1MT007/01256 nömrəli “Barışıq sazişi”ndən görünür ki, birgə nikahdan doğulmuş iki azyaşlı uşağın saxlanılması üçün barışıq sazişinin 1-ci bəndinə əsasən, tərəflər- Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentlə bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət edib Barışıq sazişi bağlamaq üçün könüllü olaraq razılığa gəlmiş və öz üzərlərinə öhdəlik götürmüşlər. Sazişin 2-ci bəndinə əsasən, birinci tərəf, Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ata Maraqlı şəxs 700 manat aliment pulunu onun kart hesabına ödənilməsinə razılaşdığını bildirmiş və eyni zamanda atanın istədiyi vaxt uşaqlarla görüşməsinə ünsiyyət saxlamasına mane olmamaq üçün öz üzərinə öhdəlik götürmüşdür. Sazişin 3-cü bəndinə əsasən, ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi fikirləri ilə razılaşdığını bildirmiş və eyni zamanda xx.xx.2024-cü il tarixi ilə xx.xx.2024-cü il tarixi arasında hər ay 700 manat aliment pulunu ana Ərizəçi kartına göndərmək üçün öz üzərinə öhdəlik götürmüşdür. Sazişin 4-cü bəndinə əsasən, tərəflər Mediator tərəfindən hazırlanmış Barışıq sazişində yazılanları oxumuş, dinləmiş və imza atmaq üçün öz üzərlərinə öhdəlik götürmüşlər. Sazişin 5-ci bəndinə əsasən, tərəflər, barışıq sazişinə əsasən bir-birilərinə verdikləri sözlərə görə gələcəkdə məsuliyyətsızlık edərlərsə və öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsələr tərəf-tərəfi Məhkəməyə verə biləcəkləri barədə razılığa gəlmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 21 iyun 2024-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 2024-cü ilin iyul ayından başlayaraq hər ayın 5-dən, 05 iyul 2024-cü il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırkı tələb barışıq sazişinin təsdiqi ilə bağlı olsa da, mahiyyət etibarilə alimentin tutulması məzmununa malikdir. Odur ki, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanılmış 21 iyun 2024-cü il tarixli MŞG/1MT007/01256 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Maraqlı şəxs uşaqları, 07 yanvar 2018-ci il təvəllüdlü X5 və 06 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 05 iyul 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay 700 (yeddi yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-615/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-615/2024
17.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver