Məhkəmə qərarları › İş №2(030)-622/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-622/2023

15.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-622/2023 15.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Cavabdeh qarşı işə bərpa və məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinin direktorunun onun işdən azad olunmasına dair əmrinin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 15 sentyabr 2019-cu il tarixdən Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinə 1 ştat vahidi ilə dalandar işinə qəbul edilmişdir. Yeni inşa edilmiş məktəbin həyətyanı sahəsi komissiya tərəfindən ölçülərək 1500 kv.metr olduğu təsdiq edilmiş, eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Daşkəsən rayon şöbəsi tərəfindən həmin əraziyə dair xəritə plan-cizgisi çəkilib Daşkəsən rayon Təhsil şöbəsinə təqdim edilmişdir. 2022-ci ilin oktyabr ayında Daşkəsən rayonu Əmirvar kəndində yaşayan X1 şikayəti əsasında həmin məktəbin həyətyanı sahəsi yenidən yaradılmış komissiya tərəfindən ölçülmüş və həyətyanı sahənin 754,36 kv.metr olduğu aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin 20 may 2016-cı il tarixli 24 nömrəli sərəncamına əsasən məktəblərin süpürülüb təmizlənən həyətyanı sahəsi 1500 kv.metr və ya ondan çox olduğu halda dalandar ştatı verildiyi nəzərə alınaraq sonuncu komissiyanın tərtib etdiyi akta əsasən, yəni sahənin azlığına görə dalandar ştatı ləğv edilərək 2022-ci ilin oktyabr ayında əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, 2019-cu il və 2022-ci il tarixdə təyin olunmuş komissiya məktəbin direktoru Cavabdeh tərəfindən yaradılmışdır. 2019-cu ildə məktəbin həyətyanı sahəsi ölçülərək 1500 kv.metr olduğu təsdiq olunsa da, 2022-ci ildə eyni sahənin hansı səbəbdən azaldığı məlum deyildir. 2022ci ilin oktyabr ayından işdən azad olunmasına baxmayaraq, bu günə qədər məktəbin direktoru tərəfindən əmrdən çıxarış və ya əmək kitabçası ona verilməmişdir. Halbuki, Əmək Məcəlləsinə əsasən, işdən azad edilmiş işçinin əmək kitbaçası əmək müqaviləsinə xitam verildiyini gün təqdim edilməlidir. Dəfələrlə tələb etməsinə baxmayaraq, məktəbin direktoru müxtəlif bəhanələrlə əmək kitabçası və əmrdən çıxarışı verməkdən yayınmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı əvvəllər Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbində dalandar işləmişdir. Yeni modul tipli məktəb inşa edilərək istifadəyə verildikdən sonra, ibtidai siniflər köhnə məktəbdə, 5-9cu siniflər isə yeni məktəbdə təhsil almışlar. Sonradan bütün siniflərin yeni məktəbdə təhsil alması bildirildiyi üçün, ibtidai sinifləri də, yeni məktəbə köçürülmüşlər. Bundan sonra komissiya yaradılmış və yeni məktəbin həyətyanı torpaq sahəsi ölçülmüş, Nazirlər Kabinetinin qərarına və Rayon İcra Hakimiyyətinin sərəncamına uyğun olaraq həyətyanı sahə 1500 kv.metrdən az olduğu üçün dalandar ştatı ləğv edilmişdir. Onun tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Odur ki, məhkəmədən iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5- ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş üzrə göründüyü kimi, İddiaçı mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdir. Belə ki, İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirsak etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Cavabdeh qarşı işə bərpa və məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar