Məhkəmə qərarları › İş №2(031)-1127/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1127/2024

31.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1127/2024 31.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi Qasımov Qurbanəli Ağakərim oğlunun, Maraqlı şəxs Qasımov Kərəm Qurbanəli oğlunun iştirakı ilə Ərizəçi Qasımov Qurbanəli Ağakərim oğlunun maraqlı şəxs qismində cəlb etdiyi Qasımov Kərəm Qurbanəli oğluna qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Ərizəçi Qasımov Qurbanəli Ağakərim oğlunun maraqlı şəxs qismində cəlb etdiyi Qasımov Kərəm Qurbanəli oğluna qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Qasımov Kərəm Qurbanəli oğlu arasında 19.08.2024-cü il tarixdə, Quba şəhərində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Qasımov Kərəm Qurbanəli oğlu və 12.03.2024-cü il tarixdə vəfat edən Qasımova Nailə Əlihüseyn qızının birgə nikahlarından doğulan övladları Qasımov Tuncay Kərəm oğlu və Qasımlı Ümüd Kərəm oğlunun onun qəyyumluğuna verilməsi barədə Qasımov Kərəm Qurbanəli oğlu ilə 19.08.2024-cü il tarixdə barışıq sazişi bağlayaraq razılaşmışdırlar. Barışıq sazişinin xidmət haqqı rüsumu olan 300 manat pulu ödədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qusar 1 saylı Mediasiya təşkilatı tərəfindən verilən barışıq sazişindən görünür ki, Qasımov Qurbanəli Ağakərim oğlu və Qasımov Kərəm Qurbanəli oğlu aralarında Qasımov Kərəm Qurbanəli oğlu və 12.03.2024-cü il tarixdə vəfat edən Qasımova Nailə Əlihüseyn qızının birgə nikahlarından doğulan övladları Qasımov Tuncay Kərəm oğlu və Qasımlı Ümüd Kərəm oğlunun Qasımov Qurbanəli Ağakərim oğlunun qəyyumluğuna verilməsi və sazişin xidmət haqqı rüsumu olan 300 manat pulu Qasımov Kərəm Qurbanəli oğlu tərəfindən tam şəkildə ödəməsi barədə razılaşmışdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrasından imtina halının olmadığı müəyyən edildiyindən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDI: Ərizəçi Qasımov Qurbanəli Ağakərim oğlunun maraqlı şəxs qismində cəlb etdiyi Qasımov Kərəm Qurbanəli oğluna qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar