Məhkəmə qərarları › İş №2(031)-1196/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-1196/2025

10.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-1196/2025 10.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri Maraqlı şəxs qismində cəlb edilməklə nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək xx.xx.1963-cü ildə Şabran şəhərində doğulmuş X1 xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 onun həyat yoldaşı olmuşdur. Yoldaşı xx.xx.1963-cü ildə Şabran rayonunda anadan olmuş, xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs cavab məktubunda ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ölüm faktının müəyyən edilməsilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 49 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X2 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və digər sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizəyə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.6-cı bəndində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi Ərizəçi ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməmiş, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət edilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə və digər sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********) ona geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar