Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-40/2024 20.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına olaraq yerləşdirilmiş əmlakın torpaq sahəsindən çıxarılması, özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “özbaşına olaraq yerləşdirilmiş əmlakın torpaq sahəsindən çıxarılması, özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu, Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə ona kommersiya xidmətinin təşkili üçün Şabran rayonu, Gəndab kəndi ərazisindən ayrılmış 0.30 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq yerləşdirilmiş vaqon cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin Cavabdeh qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran rayonu, Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə ona kommersiya xidmətinin təşkili üçün Şabran rayonu, Gəndab kəndi ərazisindən 0.30 ha torpaq sahəsi satılmışdır. Qeyd etdiyi torpaq sahəsinin bir hissəsini Cavabdeh özbaşına olaraq zəbt etmiş, həmin hissəyə özbaşına olaraq vaqon yerləşdirmişdir. O, cavabdehin qanunsuz sahibliyindən əmlakını dəfələrlə geri tələb etsə də, özbaşına olaraq yerləşdirdiyi vaqonu torpaq sahəsindən çıxarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Odur ki, ona məxsus 0.30 ha torpaq sahəsində Cavabdeh Talib oğlu tərəfindən özbaşına olaraq yerləşdirilmiş vaqon cavabdeh tərəfindən torpaq sahəsindən çıxarılmaqla 0.30 ha torpaq sahəsiin cavabdeh tərəfindən zəbt olunmuş hissəsi Cavabdeh Talib oğlunun qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. İndi ona deyirlər ki, ona məxsus torpaq sahəsi başqa yerdədir. Onun 6 kvm torpaq sahəsi iddiaçının ərazisinə düşür. Ancaq onun da yeri göstərilməlidir. O, da yerinin verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəndov Bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli çıxarışından görünür ki, İddiaçı kommersiya xidmətinin təşkili üçün Gəndov kəndi ərazisindən 0,30 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran rayonu Gəndov bələdiyyəsi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli arayışdan görünür ki, Dəvəçi rayonu Gəndov bələdiyyəsi tərəfindən Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə Aygünlü kənd sakini İddiaçı kommersiya məqsədi üçün verilmiş 0,30 ha və ya 3000 kvm torpaq sahəsi öz qanuni qüvvəsində qalır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№332228 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Dəvəçi rayonu Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı kommersiya məqsədi üçün 1400 kvm torpaq sahəsi verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№343836 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Dəvəçi rayonu Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı sahibkarlıq məqsədi üçün 1600 kvm torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli 3-21-3- 34/2-10406/2023 saylı mütəxəssis rəyindən görünür ki, Şabran rayon Gəndob bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarına əsasən İddiaçı ayrılmış 0.30 ha torpaq sahəsi 0.14 və 0.16 ha olmaqla iki hissədən ibarətdir. Ləğv edimiş DT və XK tərəfindən 0.16 ha torpaq sahəsinə xx.xx.2011 tarixdə A№343836, 0.14 ha torpaq sahəsinə A№ 332228 nömrəli plan və ölçü sənədi işlənmişdir. Mübahisələndirilən torpaq sahəsi A№ 332228 nömrəli plan və ölçüdə göstərilən 0.14 ha olan hissəyə aiddir. Cavabdeh Talib oğluna məxsus 2.70x4.20 m (11.3 m2) öçüsündə olan vaqonun 2.70x2.20 m (5.9 m2) olan hissəsi İddiaçı məxsus 0.14 ha A№332228 nömrəli plan və ölçüdə göstərilən koordinatlar daxilində yerləşir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8634 saylı ekspert rəyindən görünür ki, Şabran rayon Gəndab bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarına əsasən İddiaçı ayrılmış 0.30 ha torpaq sahəsi 0.14 və 0.16 ha olmaqla iki hissədən ibarətdir. Ləğv edilmiş DT və XK tərəfindən 0.16 ha torpaq sahəsinə xx.xx.2011 tarixdə A№ 343836, 0.14 ha torpaq sahəsinə A№ 332228 nömrəli plan və ölçü sənədi işlənmişdir. Mübahisələndirilən torpaq sahəsi A№ 332228 nömrəli plan və ölçüdə göstərilən 0.14 ha olan hissəyə aiddir. Cavabdeh Talib oğluna məxsus 2.70x4.20 m (11.3 kv.m) ölçüsündə olan vaqonun 2.70x2.20 m ( 5.9 kv.m) olan hissəsi İddiaçı məxsus 0.14 ha A№ 332228 nömrəli plan və ölçüdə göstərilən koordinatlar daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iclasında işin faktiki halları, habelə tədqiq edilmiş mötəbər sübutlarla, eləcə də Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 3-16- 16/2-10/8634 saylı ekspert rəyi ilə müəyyən edildi ki, mübahisələndirilən torpaq sahəsi A№ 332228 nömrəli plan və ölçüdə göstərilən 0.14 ha olan hissəyə aiddir. Cavabdeh Talib oğluna məxsus 2.70x4.20 m (11.3 kv.m) ölçüsündə olan vaqonun 2.70x2.20 m ( 5.9 kv.m) olan hissəsi İddiaçı məxsus 0.14 ha A№ 332228 nömrəli plan və ölçüdə göstərilən koordinatlar daxilində yerləşir. Bu səbəbdən də, iddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı məxsus 0.14 ha AA№332228 nömrəli plan və ölçüsündə göstərilən koordinatların Cavabdeh məxsus 2.70x4.20 m (11.3 kv.m) ölçüdə olan vaqonun 2.70x2.20 m (5.9 kv.m) olan hissəsi həmin sahədən çıxarılaraq götürülməli, həmin sahə boşaldılaraq İddiaçı təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Habelə, iş materiallarındakı ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus 0.14 ha AA№332228 nömrəli plan və ölçüsündə göstərilən koordinatların Cavabdeh məxsus 2.70x4.20 m (11.3 kv.m) ölçüdə olan vaqonun 2.70x2.20 m (5.9 kv.m) olan hissəsi həmin sahədən çıxarılaraq götürülsün, həmin sahə boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. 50 (əlli) manatı isə İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-40/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-40/2024
20.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver