Məhkəmə qərarları › İş №2(105)-68/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-68/2025

17.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-68/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X17 və X1 ibarət tərkibdə, X23 qızının katibliyi, cavabdehlər Cavabdeh2 (o cümlədən üçüncü şəxslər X6, X14 və X5 nümayəndəsi) və Cavabdeh1, onların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və torpaq sahəsinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-136/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, iddiaçının xüsusi mülkiyyətinə 2020-ci il tarixdə Xaçmaz rayonu, Çılğır kəndi ərazisindən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

2. A№ 448957 nömrəli, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Çılğır kəndi ərazisindən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü İddiaçı Fəkrət oğlunun adına işlənmişdir.

3. JN-115, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X12 Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarına əsasən 0.38 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir.

4. JN-127, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X3 və onun ailə üzvlərinə Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarına əsasən 2.01 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.

5. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1324/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-127 saylı KOD 30206088 kodlu dövlət aktının Cavabdeh2, X4, X7, X8 məxsus olması faktı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayonunun Çılğır kəndi ərazisində yerləşən 19 noyabr 2019-cu il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş ümumilikdə 2.36 ha torpaq sahəsinin 0.40 ha hissəsini cavabdehlərin qununsuz istifadələrindən alınaraq istifadəsinə qaytarılmasına, 2.36 ha torpaq sahələrinin texniki göstəriciləri müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi bununla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Çılğır kəndi ərazisindən ümumilikdə 2.36 ha torpaq sahəsi almışdır. Torpaq sahəsinə dair Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 19 noyabr 2019-cü il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış işlənilmişdir. Cavabdehlər ilə həmkəndlidirlər. Onlar onların torpaq sahəsinin qonşuluqunda yerləşən torpaq sahəsinin istifadəçisidirlər. Cavabdehlər hazırda mülkiyyətiinə verilmiş torpaq sahəsiin təxminən 0.40 ha hissəsini özünün olduqlarını iddia edirlər və öz torpaq sahəsinə qatmaqla istifadə edirlər. Cavabdehlər onun mülkiyyətinə verilmiş torpaq sahəsini qanunsuz olaraq istifadə edirlər. Dəfələrlə onlara xoşluqla torpaqı boşaltmalarını təklif etmişdir. Lakin cavabdehlər torpaq sahəsini geri qaytarmaqdan imtina edirlər. Onlar hazırda güya onun mülkiyyəti olan torpaq sahəsini özlərinin olduqlarını iddia edirlər və ona get hara istəyirsən şikayət et deyirlər. Lakin onların bu iddialarının heç bir əsası yoxdur. Cavabdehlərin hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur. Odur ki, hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahiblikdən geri tələb etmək hüququna malikdir. Torpaq sahəsinin ölçüsünü tam olduğunu müəyyən etmək üçün Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin mütəxəsissi torpaq sahəsinə baxış keçirən zaman qonşuları olan cavabdehlər torpaq sahəsinin ölçülərə etiraz etmişlər. Bu barədə müvafiq məktubda mövcuddur.

8. İddiaçı daha sonra iddia ərizəsində dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Çılğır kəndi ərazisində yerləşən 19 noyabr 2019-cu il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş ümumilikdə 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsini cavabdehlərin qununsuz istifadələrindən alınaraq istifadəsinə qaytarılmasına, 2.36 ha torpaq sahələrinin texniki göstəriciləri müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, rəylə tanışdır və razılaşır. Cavabdehlər onun mülkiyyətinə verilmiş torpaq sahəsini qanunsuz istifadə edirlər. Qarşı tərəf də çıxarış alıb. O, çıxarışı mübahisələndirməmişdir. Torpaq sahəsinin bir tərəfini zəbt ediblər. Ekspertiza da təyin olunub, rəy də verilib. Reyster gəlib ölçüb. Aydın oluub ki, torpaq zəbt olub.

10. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Rəylə tanışdır və nəticəsi ilə razılaşmır. O, iddiaçının torpağını zəbt etməmişdir. Orada anasının torpağı var. Həmin torpaqda da 8 nəfər mülkiyyətçi var. Biri qardaşıdır. O, da bağ salmışdır. Orada başqa torpaq yoxdur. Torpaq sahəsi necə zəbt oluna bilər. Torpaq sahələri qonşudur. Birinci bacısının, sonra qardaşının, ondan sonra anasının torpaq sahəsidir. Anasının torpaq sahəsindən sonra da onun torpaq sahəsidir. Torpaq veriləndə dava düşdü. O, 12000 manata torpağı satıb. Orada bələdiyyə torpaqları çoxdur.

11. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, onlar onun torpaq sahəsində qələm əkiblər. Onun 61 yaşı var. 1999-cu ildə torpaq sahələri verilib.

12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 vəkili Vəkil izahatında göstərmişdir ki, Elşanın torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi arasında Elşanın mərhum anasının torpaq sahəsi var. Lakin ekspert rəyində mərhum Məmmədova Marala məxsus torpaq sahəsinin olması ilə bağlı heç bir şey qeyd olunmayıb. Yəni, həmin torpaq sahəsinin yeri qeyd olunmayıb. Təkrar ekspertizanın keçirilməsini istəyir. Yenidən ekspert gəlib yoxlasın. Zəbt olunma ilə bağlı heç bir şey yoxdur. 0,38 ha torpaq sahəsi var.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19 noyabr 2019-cu il tarixli, Reyestr nömrəsi **********50 olan, ********** qeydiyyat tarixli, Xaçmaz rayonun Çılqır kəndində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.36 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.(sxem əlavə olunur) İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu Çılqır kəndində yerləşən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən 0.46 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən iddiaçının istifadəsinə cavabdehlər tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən hər hansı bir tikili tikilməmişdir.

14. Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2024-cü il tarixli, 10/8191 saylı rəyindən müəyyən olunur ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19 noyabr 2019-cu il tarixli, Reyestr nömrəsi **********50 olan, ********** qeydiyyat tarixli, Xaçmaz rayonunun Çılqır kəndində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.36 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. (Sxem əlavə olunur). - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonunun Çılqır kəndində yerləşən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKİUS) sisteminə əsasən 0.46 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddisçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən maneçilik törədilməsinin müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir.

15. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-136/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia qismən təmin edilmiş, Xaçmaz rayonu Çılğır kəndində yerləşən İddiaçı mülkiyyətindəki 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsi Cavabdeh2 və Cavabdeh1 istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər də iddiaçının mülkiyyətində olan olan torpaq sahəsinin 0.46 ha hissəsindən istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Həmçinin, məhkəmə iddianın torpaq sahəsinin plan və cizgilər daxilində bərpa edilməsi ilə bağlı hissəsinin araşdıraraq belə nəticəyə gəlir ki, qeyd olunan hissədə iddia tələbinin əsaslı olması barədə işdə hər hansı mötəbər sübut yoxdur. İşdən görünür ki, iddiaçının mülkiyyətində olan 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsindən cavabdehlər heç bir hüquqi əsas olmadan istifadə edirlər, bununla belə iddiaçıya məxsus torpaq sahəsinin digər hissələrindən də başqa şəxslərin istifadə etməsi istisna deyildir. Mövcud qanunvericiliyə görə torpaq sahəsinin mülkiyyətçisi sahənin zəbt edilməsinə son qoyulmasını konkret şəxslərə qarşı iddia qaldırmaqla məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki mübahisə torpaq sahəsinin 0.46 ha hissəsinə aid olduğundan və məhkəmə araşdırması yalnız bu hissədə aparıldığından iddiaçıya məxsus qalan 1.9 ha (2.36-0.46) torpaq sahəsinin texniki göstəriciləri müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsi mümkün deyildir. İddiaçı torpaq sahəsinin digər hissələrinin də cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 152.5, 157.2, 157.4, 170.2-ci, Torpaq Məcəlləsinin 18, 20, 47, 49, 84, 111.1, 111.2, 111.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-136/2024 nömrəli qətnaməsini “Xaçmaz rayonu, Çılğır kəndində yerləşən İddiaçı mülkiyyətindəki 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsi Cavabdeh2 və Cavabdeh1 istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə verilsin” hissəsində ləğv edərək iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

19. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, “Torpağa mülkiyyət hüququna dair” JN-127, KOD 30206088 olan dövlət aktına əsasən cavabdehlərdən Cavabdeh2 və ailə üzvlərinin xüsusi mülkiyyətinə Çılğır kəndi ərazisindən 2.01 ha pay torpaq sahəsi verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) adlanan hissədə göstərilir ki, qonşu 115 saylı mülkiyyətçi X13r. “Torpağa mülkiyyət hüququna dair” JN-115, KOD 30206088 olan dövlət aktına əsasən mərhum anaları X9 mülkiyyətinə 0.38 ha pay torpaq sahəsi verilmişdir. Qeyd olunan dövlət aktının torpaq sahəsinin planı (cizgisi) adlanan hissədə 130 saylı mülkiyyətçi kimi Cavabdeh1 göstərilmişdir. Başqa sözlə onların torpaq sahələri arasında mərhum analarının 0.38 ha torpaq sahəsi yerləşir. Cavabdeh1 məxsus 130 saylı dövlət aktında göstərilən torpaq sahəsini uzun illər bundan əvvəl digər şəxsə satmışdır. Hazırda iddiaçının mülkiyyətində olan 2.36 ha torpaq sahəsi vaxtı ilə Cavabdeh1 digər şəxsə satdığı torpaq sahəsidir. İddiaçı 2019-cu ildə həmin torpaq sahəsini adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsinin İddiaçı adına necə rəsmiləşdirilməsinin araşdırılması üçün müvafiq orqanlara müraciət etmişdirlər ki, torpaq sahəsi hansı yollarla iddiaçının adına keçirilmişdir. İddiaçı məxsus 2.36 ha torpaq sahəsinin o biri tərəfində X10 məxsus torpaq sahəsi, ondan o tərəfə isə bələdiyyə torpaqları yerləşir. Cavabdehlərdən Cavabdeh2 məxsus 127 saylı dövlət aktında göstərilən 2.01 ha torpaq sahəsinin sağ tərəfində axırıncı torpaq sahəsi X2 məxsus torpaq sahəsi yerləşir və ondan o tərəfə çay ərazisidir. Ölçü işləri də məhz X2 məxsus 119 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinə başlamalıdır. Belə ki, torpaq islahatı aparılan zaman torpaq sahələrinin ölçülərək verilməsi çay istiqamətindən başlanılmışdı. Yenidən həmin hissədən ölçmə işləri aparılacağı halda obyektiv həqiqət üzə çıxacaqdır. Birinci instansiya məhkəməsinə təkrar ekspertiza təyin edilməsi barədə verdikləri ərizədə göstərmişdirlər ki, torpaq sahələrinin yerləşdiyi ərazidə (kvartalda) cəmisi 5 mülkiyyətçinin torpaq sahəsi yerləşir. Torpaq islahatı aparılan zaman torpaqların ölçülərək verilməsi çay istiqamətində olan 119 nömrəli torpağın mülkiyyətçisi X2 məxsus torpaq sahəsi istiqamətindən ölçülərək verilmişdir. Xahişi də torpaq sahələrinin məhz həmin istiqamətdən ölçülməsi barədə olmuşdur. Məhkəmə isə faktiki halı aydınlaşdırmaq üçün təkrar ekspertiza təyin etməli olduğu halda bu barədəki vəsatətlərinə əhəmiyyət verməmişdir. Məhkəmənin istinad etdiyi mütəxəssis və ekspert rəyi digər sübutlarla birgə qiymətləndirilməli olduğu halda məhkəmə ekspert rəylərini əllərində olan dövlət aktları və qonşu mülkiyyətçilərin dövlət akları ilə mübahisəli şəkildə tədqiq etməmişdir. Torpaq islahatının aparıldığı vaxtdan etibarən ötən 25 ildən artıq müddətdə torpaq sahələrindən hər hansı mübahisə olmadan təyinatına görə istifadə etmişdirlər. İstifadələrində dövlət aktında göstərilən torpaq sahəsindən artıq bir qarışda olsun torpaq sahəsi yoxdur. Təsadüfü deyildir ki, daşınmaz əmlakın dövlət kadastrı və ünvan reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasov iştirakları ilə ərazidə ölçmə işləri aparmış və yerində bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsindən nə Cavabdeh1, nə də ki, qardaşı Cavabdeh2 istifadə etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X6, X14 və X5 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

23. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

24. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. (....)

26. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)

27. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

28. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...)

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

29. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi - “Xaçmaz rayonu, Çılğır kəndində yerləşən İddiaçı mülkiyyətindəki 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsi Cavabdeh2 və Cavabdeh1 istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə verilsin” hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

41. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə üçüncü şəxs X16 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üçüncü şəxs X9 hüquqi varisi qismində tanınmışdırlar.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.

43. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

44. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

45. Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2024-cü il tarixli, 10/8191 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonunun Çılqır kəndində yerləşən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKİUS) sisteminə əsasən 0.46 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur.

46. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək tərəflər arasında göstərilən mübahisəli məsələlərə obyektiv aydınlıq gətirilməsi üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

47. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-7122/2025 nömrəli, 02 iyun 2025-ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2025-ci il tarixli 10/4067 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********50 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Çılqır kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada plan və ölçü sənədində göstərilən koordinatları, ləğv edilmiş DT və XK komitəsi tərəfindən verilmiş baza xəritələrində sürüşmə olduğundan plan-ölçü sənədində olan koordinatlar naturaya uyğun gəlmir. (Sxem tərtib olundu). İşdə olan JN-115, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X12 verilmiş 0.38 ha torpaq sahəsinin və JN-127, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X3 və onun ailə üzvlərinə verilmiş 2.01 ha torpaq sahəsinin sənəd üzrə sərhədləri, torpaq sahələrinin koordinatlarının elektron baza məlumatlarında (DWJ) qeydə alınmışdır və naturada mövcuddur ((DWJ)-dən sxem əlavə olunur). Həmin torpaq sahələri İddiaçı mülkiyyətində olan 2.36 ha torpaq sahəsi ilə qonşuluğda yerləşir. JN-115, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X12 və JN-127, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X3 və onun ailə üzvlərinə verilmiş torpaq sahələrinin cizgiləri elektron baza məlumatlarında qeydə alınmış cizgiləri ilə üstüstə düşür. İddiaçı tərəfindən cayabdehİərin qanunsuz istifadələrində olduğu mübahisələndirilən torpaq sahəsinin həmin hissəsi JN-115, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət akt”na əsasən X12 0.38 ha torpaq sahəsi ilə elektron baza məlumatına (DWJ) əsasən 0.04 ha hissəsi üst-üstə düşür, JN-127, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X3 və onun ailə üzvlərinə verilmiş 2.01 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. İşdə olan xx.xx.2023-cü il tarixli 3- 21-3-34/2-15841/2023 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən (səh.47- 51) iddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonunun Çılqır kəndində yerləşən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunan 0.46 ha hissəsi JN-115, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X9 0.38 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin baza məlumatlarına (DWJ) əsasən X12 məxsus 0.38 ha torpaq sahəsinin 0.04 ha hissəsi üst-üstə düşür. xx.xx.2019-cü il tarixli, reyestr nömrəsi **********50 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya, JN-115, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X12 və JN-127, KOD 30206088 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X3 və onun ailə üzvlərinə verilmiş torpaq sahələrinə, o cümlədən sənəd üzrə üst-üstə düşən, kəsişən hissələrə dair sxem tərtib olunmuşdur.

48. İşə apellyasiya qaydasında baxılarkən mütəxəssis rəyin vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasov 17 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, birinci dəfə rəy verilərkən torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən yerləşmə sxeminə baxılıb rəy verilmişdir. İddiaçı məxsus torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən 0.46 ha hissəsi X9 torpaq sahəsi ilə üst-üstə düşürdü. Daha sonra Baş İdarənin mütəxəssisləri ilə dəqiqləşirdikdən sonra məlum olmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemi səhv işlənmişdir, ona görə də hər kəs elektron baza məlumatlarına (DWJ), yəni ilkin varianta görə dövlət aktı əsasında öz torpaq sahələrində yerləşdirilməlidir. Hər iki tərəfin dövlət aktı ilə ayrılmış torpaq sahələri elektron baza məlumatlarına (DWJ) əsasən öz yerindədir. İddiaçı üst-üstə düşən 4 sot torpağı isə X12 aid olan hissədədir. Birinci rəy torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən verilmişdi. Daha sonra bu sistemlə bağlı uyğunsuzluqlar çox olduğundan yenidən elektron baza məlumatlarına (DWJ), yəni köhnə xəritələrə uyğun işlənildi.

49. Göründüyü kimi iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Xaçmaz rayonunun Çılğır kəndi ərazisində yerləşən 19 noyabr 2019-cu il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 2.36 ha torpaq sahəsinin cavabdehlər tətəfindən qanunsuz istifadəsi müəyyən olunmur. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən həmçinin görünür ki, tərəflərə dövlət aktlarında göstərilmiş torpaq sahələrinə uyğun olaraq elektron uçot informasiya sistemində (TEKUİS) düzəlişin olunması təklif olunmuşdur.

50. Sadalananlardan göründüyü kimi cavabdeh tərəf mübahisəli torpaq sahəsindən istifadə etmək üçün qüvvədə olan müvafiq hüquqmüəyyənedici sənədlərə malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müvafiq torpaq sahələrinin yeri dəqiq müəyyən edilmədən və plan-ölçü sənədləri üzrə uyğunsuzluqlar aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdehlərin qanunsuz sahib olmaları barədə iddiaçının hazırkı tələbi əsaslı hesab oluna bilməz.

51. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

53. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

54. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

55. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-136/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.

56. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-136/2024 nömrəli qətnaməsi mübahisələndirilən - “Xaçmaz rayonu Çılğır kəndində yerləşən İddiaçı mülkiyyətindəki 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsi Cavabdeh2 və Cavabdeh1 istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə verilsin” hissədə ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar