Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1211/2024 16.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinin ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “barışıq sazişinin məcburi icrası qaydasının təsdiq edilməsi” tələbinə dair ərizəsi Şirvan şəhər Məhkəməsinə 12 iyul 2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Sabirabad Mediasiya təşkilatı vasitəsi ilə X2 və Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə Ərizəçi ilə X2 arasında mediatorun iştirakı ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanmasına dair xx.xx.2024-cü il tarixli bağlanmış barışıq sazişi əlavə edilmişdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi qanunun tələbinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq olunmalıdır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi qaydası isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin XL-Vİİ fəslində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda,ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə mülki prosessual qanunvericiliyinin tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılaraq barışıq sazişinin təsdiq və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edilir,qətnamə qanuni qüvvəyə mindikdən sonra məcburi icrası təmin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.3-cü maddəsinin tələbinə görə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Buna baxmayaraq Ərizəçi barışıq sazişinin məcburi icrası qaydasının təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmiş, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə etməmişdir. Bundan başqa Ərizəçi ərizədə müvafiq olaraq maraqlı şəxs qismində X1 göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə məhkəmə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, Ərizəçi qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1211/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1211/2024
16.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver