Məhkəmə qərarları › İş №2(032)-14/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-14/2024

12.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-14/2024 12.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh və nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış 01 saylı Əlavəyə əsasən plastik kart üzrə 5065,41 manat məbləğində texniki overdraft borcunun və 70,66 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsinə əsasən 29 oktyabr 2021-ci il tarixli bank hesabının açılması və esabın idarə edilməsi üçün plastik kartın verilməsi razılaşdırılmış və xx.xx.2021-ci il tarixində Cavabdeh plastik kart verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə hesabında olan vəsaitdən 5065.41 manat məbləğində vəsaiti məxaric etməklə texniki overdrafta yol vermişdir. 03 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 29 oktyabr 2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər müqaviləsi üzrə bağlanmış 01 saylı əlavəyə əsasən plastik kart üzrə 5065.41 manat texniki overdraft borcu vardır. 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üçün standart şərtlər müqaviləsinin 10-cu paraqrafının 4-cü hissəsinin 32-ci bəndində texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək, eyni zamanda səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal bankı məlumatlandırmaq müştərinin vəzifəsi kimi göstərilmişdir. Borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək və ərizə təqdim edərək bildirmişdir ki, 2021-ci ildə həmin banka bank kartı almaq və kartdan müəyyən köçürmələr etmək üçün yalnız bir dəfə müraciət etmişdir. Sözügedən bankdan heç vaxt pul götürməmiş, həmin banka borcu yoxdur. Sənədlər ona təqdim edilərkən bütün sənədlərə özünün imza etdiyini, tutularkən həmin kartın Bakıda kirayədə yaşadığı ünvanda qaldığını, həmin kartdan kimin pul çıxarmasından xəbəri olmadığını bildirmişdir. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahatında bildirmişdir ki, oğlu heç bir yerdə işləmir, hal-hazırda həbsdədir, oğlu İddiaçı ASC-dən kredit götürməyib. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, təqdim olunmuş sübutlara, məhkəmə-mühasibat ekspertizasının rəyinə qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə plastik kart verilmişdir. Cavabdeh 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə ümumi borcu 5065,41 manat təşkil edir. xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş xəbərdarlıqda göstərilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər müqaviləsinə əsasən, Cavabdeh İddiaçı ASC-də Bank Hesabının açılması və hesabın idarə edilməsi üçün plastik kartın verilməsi razılaşdırılmış, müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh plastik kart verilmişdir. Plastik kartın bağlı olduğu hesabdan 5065.41 manat artıq məbləğdə pul vəsaiti istifadə olunmuşdur. Xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 3 gün müddətində qeyd edilən pul vəsaitinin İddiaçı ASC-nə tam ödənilməsi tələb olunur. Maliyyə arayışına əsasən 29 oktyabr 2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər müqaviləsi üzrə bağlanmış 01 saylı əlavəyə əsasən plastik kart verilmişdir. xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə 5065.41 manat ümumi borcu vardır. xx.xx.2023-cü il tarixli, KBD1411 nömrəli xəbərdarlığın və göndərilməsini təsdiq edən xəbərnamədən görünür ki, İddiaçı ASC-i Cavabdeh mövcud plastik kart borcu ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmənin qərarı əsasında sorğu edilərək İddiaçı ASC-dən xx.xx.2023-cü il, 4-32/3600-23 nömrəli məktubla götürülmüş hesabdan çıxarışda göstərilmişdir ki, iddiaçı bank tərəfindən tələb edilən 5065,41 manat məbləği xx.xx.2021-ci il tarixində hissə-hissə, yəni 520,41 manat, 909 manat, 909 manat, 909 manat, 909 manat, 909 manat olmaqla ATM vasitəsi ilə nəğd şəkildə məxaric edilmişdir. ATM əməliyyatları 2021-ci ildə həyata keçirildiyindən məlumatlar bankomatın yaddaşında saxlanılmamışdır. İddiaçının dəlillərini yoxlamaq məqsədi ilə Şirvan şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(032)-682/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7762 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı ASC ilə Cavabdeh arasında 29 oktyabr 2021-ci il tarixli, Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış 01 saylı Əlavəyə əsasən onun hesabına mədaxil edilmiş məbləğlərin hansı təyinat üzrə köçürülməsini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan iddiaçı bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən tərəflər arasında razılaşdırılmış şərtlər daxilində bank tərəfindən hazırda tələb edilən 5065,41 manat məbləği iddiaçı bankın hesabından Cavabdeh kart hesabına mədaxil edildiyi müəyyən edilir. Qeyd edilir ki, hesabdan çıxarış məlumatlarına əsasən iddiaçı bank tərəfindən tələb edilən 5065,41 manat məbləği xx.xx.2021-ci il tarixində hissə-hissə, yəni, 520,41 manat, 909 manat, 909 manat, 909 manat, 909 manat, 909 manat olmaqla ATM vasitəsi ilə nəğd şəkildə məxaric edildiyi müəyyən edilir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 418.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar Məhkəmə ilk öncə işin faktiki hallarını və tərəflər arasında bağlanmış müqavilələri diqqətə almağı zəruri bilir. 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə əsasən “texniki overdraft” – akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyat nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəliklərdir. Şərtlərin 10-cu paraqrafının, 4-cü maddəsinin 32-ci bəndinə (müştərinin vəzifələri) əsasən texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək, eyni zamanda səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal bankı məlumatlandırmaq müştərinin vəzifəsi kimi göstərilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 29 oktyabr 2021-ci il tarixli, Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə 1 nömrəli əlavəyə görə müştəri Cavabdeh həmin əlavəni imzalamaqla Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini təsdiq etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 29 oktyabr 2021-ci il tarixli, Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə 2 nömrəli əlavəyə görə müştəri Cavabdeh Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur. İddiaçı ASC ilə Cavabdeh arasında 29 oktyabr 2021-ci il tarixli, Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə 6 nömrəli əlavəyə görə müştəri Cavabdeh Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Bütün kart əməliyyatları zamanı hesabı ilə bağlı kartın üzərindəki qeyd ilə əlaqədar gələcəkdə yaranacaq nəticələri bilir və məsuliyyəti müştəri öz üzərinə götürür. Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur. Məhkəmə iclasında yuxarıda sadalanan bütün sənədlər Cavabdeh əyani təqdim edilmiş və o, imzaların ona məxsus olmasını təsdiq etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bank xidmətlərinin göstərilməsi üzrə müqavilə olmuş, cavabdehə bank hesabı açılmış və müvafiq plastik kart verilmişdir. Bütün razılaşmalarda hər iki tərəfin imzalı təsdiqi ilə Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunmaqla tərəflər arasında meydana gələn bütün münasibətlərə də şamil olunmuşdur. Razılaşmanın bir neçə əlavəsini imzalayaraq təsdiq edən cavabdeh hər əlavədə Standart Şərtlərlə tanış olmasını, bu şərtlərlə razılaşmasını, şərtlərin bank ilə arasındakı münasibətləri tənzimləməsini, razılaşmanın tərkib və ayrılmaz hissəsi olmasını qəbul etmişdir. iş materiallarından və ekspert rəyindən məlum olur ki, cavabdehə məxsus bank kartından texniki overdraft nəticəsində 5065,41 manat məbləğ xx.xx.2021-ci il tarixində hissə-hissə, yəni, 520,41 manat, 909 manat, 909 manat, 909 manat, 909 manat, 909 manat olmaqla ATM vasitəsi ilə nəğd şəkildə məxaric edilmişdir. X1 isə müştərini texniki overdraft nəticəsində kart hesabına artıq gəlmiş məbləğlərdən istifadə etməməyi, istifadə etdiyi təqdirdə isə bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq öhdəliyi ilə vəzifələndirir. Belə olan halda isə müştəri - hazırki halda Cavabdeh AZ40NİCB**********0006A25010 hesab nömrəsi üzrə İddiaçı ASC tərəfindən ona verilmiş plastik kart üzrə həyata keçirilmiş texniki overdraft əməliyyatı üzrə hissə-hissə olmaqla mədaxil edilmiş 5065,41 manat pulun banka qaytarılması üçün cavabdehdir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara yekun qiymət verərək hesab edir ki, Cavabdeh bankla arasında bağlanmış razılaşmanın şərtlərini pozmuş, öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, bu səbəbdən də texniki overdraft nəticəsində kart hesabından mədaxil edilmiş 5065,41 manat məbləği İddiaçı ASC-yə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə ödənilmiş 70 manat 0.66 qəpik dövlət rüsumundan və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə nəticə hissəsi Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 29 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış 01 saylı Əlavəyə əsasən plastik kart üzrə 5065 (beş min altmış beş) manat 0.41 (qırx bir) qəpik məbləğində texniki overdraft borcu və 70 (yemiş) manat 0.66 (altmış altı) qəpik alınaraq İddiaçı ASC-yə verilsin. Cavabdeh iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar