Məhkəmə qərarları › İş №2(032)-154/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-154/2025

13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-154/2025 13.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək qaynatası Əsədov Əlixan (Alxan) Xasay oğlunun xx.xx.2023-cü ildə ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Əsədov Əlixan( Alxan) Xasay oğlu ərizəçinin qaynatası və mərhum həyat yoldaşı X5 atasıdır və o, 21 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin həyat yoldaşı X9 da xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi özü və 2023-cü il təvəllüdlü azyaşlı qızı hazırda mərhum həyat yoldaşı X5 birinci dərəcəli vərəsələridir və həyat yoldaşından miras qalmış Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yerləşən miras evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət edən zaman ona məlum olmuşdur ki,ərizəçinin xx.xx.1936-cı il təvəllüdlü mərhum qaynatası Əsədov Əlixan( Alxan) Xasay oğlu xx.xx.2023-cü ildə ölmüş olsa da onun ölümü qeydiyyat şöbəsində qeydə alınmamışdır. Bu səbəbdən də ərizəçi mərhum qaynatası Əsədov Əlixan(Alxan) Xasay oğlunun ölüm faktının Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında qeydə alınıb-alınmaması barədə ərizə ilə müraciət etmiş olsa da ona cavab verilmişdir ki, görülmüş tədbirlər üzrə “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.1936-cı il təvəllüdlü Əsədox Əlixan (Alxan) Xasay oğlunun ölümü haqqında akt qeydləri aşkar edilməmişdir. Bu səbəbdən də Əsədov Əlixan (Alxan) Xasay oğlunun ölüm haqqında şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Eyni zamanda. ərizəçinin qohumları və şahidlər X1, X6, X10 və sair şahidlər Əsədov Əlixan (Alxan) oğlunun 21 noyabr 2023-cü il tarixdə Hacıqəhrəmanlı qəsəbəsində ərizəçi və onun xx.xx.2024-cü il tarixdə ölmüş mərhum həyat yoldaşı X15 (Əlixan ) oğlu ilə birlikdə yaşadıqları evdə ölməsini və Hacıqəhrəmanlı qəbristanlığında dəfn olunmasını məhkəmə zamanı gəlib təsdiq edə bilərlər. Eyni zamanda ərizəçinin qaynatası Əsədov Əlixan (Alxan) oğlunun üzərində doğum və ölüm tarixləri qeyd edilmiş şəkili qəbir daşının şəklini də ərizəyə əlavə edir. Göründüyü kimi ərizəçi faktı təsdiq edə biləcək sənədləri başqa qaydada əldə edə bilmir və qeyd edilən sənədin bərpası mümün deyildir. Sonradan Ərizəçi nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək Ərizəçi qaynatası Əsədov Əlixan (Alxan) Xasay oğlunun xx.xx.2023-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verib bildirdi ki, Ərizəçi qaynatası Əsədov Əlixan (Alxan) Xasay oğlunun dəfn mərasimində iştirak etmişdir, o, Şirvan şəhərində el qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, Ərizəçi mərhum həyat yoldaşı ilə tanışlıqları, və ailəvi gediş-gəlişləri olmuşdur. Ərizəçinin mərhum həyat yoldaşı ona bildirmişdir ki, atası vəfat etmişdir. O, ürək xəstəliyi səbəbindən vəfat etmişdir. Ərizəçinin qaynatasının yas mərasimində və dəfnində iştirak etmişdir. O, Şirvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 nikahı 03 aprel 2023cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə dəm qazının toksiki təsiri səbəbindən Şirvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 85 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən Şirvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 34 nömrə ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X18 13 saylı Şirvan Ərazi İdarəsinin hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestri tərəfindən arayışdan görünür ki, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy ünvan 1 ünvanı xüsui mülkiyyət hüququ üzrə tam payla X8 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X18 13 saylı Şirvan Ərazi İdarəsinin hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestri tərəfindən arayışdan görünür ki, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy ünvan 1 ünvanı xüsui mülkiyyət hüququ üzrə tam payla X5 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Şirvan şəhər İcra Hakimiyyəti yanında Hacıqəhrəmanlı qəbəsə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, mərhum X5 vərəsələri X19 oğlu, X3, Ərizəçi və X4r. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-510 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.1936-cı il təvəllüdlü Əsədov Əlixan (Alxan) Xasay oğlunun xx.xx.2023cü il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi qaynatası - xx.xx.1936-cı ildə anadan olmuş Əsədov Əlixan (Alxan) Xasay oğlunun xx.xx.2023-cü ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1936-cı ildə anadan olmuş X8 xx.xx.2023cü ildə ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1936-cı ildə anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar